Hər günü bir ilə bərabər...
Bakı, 16 sentyabr, AZƏRTAC
Səhəri düşmənin təxribat törətməsi və ordumuzun bütün istiqamətlərdə əks-hücum əməliyyatına keçməsi xəbəri ilə açdıq. Həmin gün Şamaxıya bayrağa bükülmüş ilk şəhidlər gətirildi.
Həmin gün sentyabrın 27-si idi...
Müqəddəs Vətən torpağı uğrunda çoxdan gözlədiyimiz haqq savaşı başlamışdı...
“Sentyabrın 28-də isə torpaq uğrunda döyüşlərdə haqqın dərgahına qovuşan şəhidlər torpağa tapşırıldı. Onları şəxsən tanımasam da, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən döyüşçülərin dəfn mərasiminə getdim. Hətta şəhidlərin məzarının qazılmasında da iştirak etdim. Bir azərbaycanlı kimi müqəddəs yolda qurban gedən şəhidlərin cənazəsi altına çiyin verməyi özümə borc bildim. Dəfn edilənlərdən biri gizir İsaxan Qəniyev idi. Bu hadisənin səhəri günü könüllü olaraq cəbhəyə yola düşdüm. Artıq növbə mənə çatmışdı. Doğru deyirlər ki, hər təsadüfdə bir zərurət, hər zərurətdə bir təsadüf var. Bir gün əvvəl torpağa tapşırdığımız gizir İsaxan Qəniyevin vaxtilə komandiri olduğu manqanın tərkibində döyüşlərə qoşuldum. Sentyabrın 29-u idi...”.
İki il əvvəl baş verən hadisələri xatırlayan Vətən müharibəsi qazisi Ruslan Həsənov bu barədə AZƏRTAC-ın müxbirinə deyib.
Kəşfiyyat bölüyündə baş kəşfiyyatçı olan Ruslan Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağdərə istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib: “Vətən müharibəsində qrup komandiri kimi neçə igid Vətən oğlu ilə çiyin-çiyinə döyüşdüm. Oktyabrın 10-da Suqovuşanda düşmənın atdığı minaatan mərmisinin qəlpəsinə tuş gələrək yaralandım. Yaralanmağımdan bərk mütəəssir olmuşdum. Mənə elə gəlirdi ki, bir də döyüş meydanına qayıda bilməyəcəyəm. Lakin bir həftə sonra sağalaraq yenidən döyüş yoldaşlarımın yanına qayıtdım. Onlardan aralı olduğum bir həftə mənə çox uzun ayrılıq kimi gəldi. Döyüş yoldaşlarım odun-alovun içində olduğu vaxt yorğan-döşəyin arasında olmağı özümə sığışdıra bilmirdim. Lakin geri dönərkən səngər dostlarımın bəzilərinin şəhid, bəzilərinin isə ağır yaralı olduğunu öyrənəndə çox təsirləndim. Amma nə edəsən? Müharibədə məqsədə çatmaq itkilərsiz, qurbanlarsız başa gəlmir. Onlar da öz ölümləri, əzaları ilə bizim qələbəyə gedən yolumuza körpü salmışdılar. Oktyabrın 29-u müqəddəs savaşın 33-cü günündə 31 illik həyatımda ilk dəfə olaraq ad günümü səngərdə döyüş dostlarımla birlikdə qeyd etdik. Ömür təqvimindən daha bir səhifə cəbhə səngərlərinin içinə qopub düşdü. Daha bir il də böyüdüm, yaşım üstə yaş gəldi. Nəinki həyat, elə müharibə də davam edirdi. Onun hər günü bir tarix, unudulmaz, yaddan çıxmayan qəhrəmanlıqlarla dolu idi. Bəzən yaşadığın həyatın bir ilində üç-dörd xatirəni güclə xatırlayırsan, müharibənin hər günü isə illərə sığmayan hadisələrlə dolu idi. Döyüş yolum noyabrın 10-dək davam etdi, müxtəlif əməliyyatların iştirakçısı oldum. Zəfər günündən sonra da xidmətimi davam etdirdim. Dekabrın 12-dək düşməndən geri alınan postların mühafizəsində dayandım”.
İndi ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçüncü qrup əlillik təyin olunub. “YAŞAT” Fondu isə məişət şəraitinin yaxşılaşdırılmasına və digər ehtiyaclarının ödənilməsinə maddi dəstək göstərib.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Həsənov Ruslan Mirağa oğlu “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.