“...HEÇ VAXT AZƏRBAYCANDA SÖZ BU QƏDƏR AZAD OLMAYIBDIR...”
Bakı, 9 iyul (AZƏRTAC). 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev ona “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində demişdir: “... Heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır...”.
Bir neçə gündən sonra Azərbaycan milli mətbuatının 135 illik yubileyini bayram edəcəyik. Bayram ərəfəsində ümummilli liderimizin bu dəyərli kəlamı bizi bir daha işıqlı gələcəyə, üzərimizə düşən vəzifələrə daha obyektiv yanaşmağa, həqiqətin gözünə dik baxmağa səsləyir. Ulu öndər ölkəmizdə söz, fikir, mətbuat azadlığının tam təmin edilməsi üçün bu sahəyə daha çox diqqət ayırırdı. O, mətbuatın ictimai-siyasi həyatda rolunu, cəmiyyətdə ictimai rəyin formalaşmasına təsir gücünü çox gözəl qiymətləndirir, mətbuata, sözə dəyər verirdi: “Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salanda görürük ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır”. Bəli, bu həqiqətdir və bunun təməlində dahi liderin mətbuatın inkişafı naminə göstərdiyi diqqət və qayğı dayanır.
Milli mətbuat ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Müasir cəmiyyətdə milli mətbuatın önəmli rol oynamasında, onun siyasi münasibətlərə və proseslərə yaxından nüfuz etməsində ümummilli liderin xidmətləri böyükdür. Azad, müstəqil mətbuat həm də demokratiyanın əsas atributlarından biridir. Ümummilli lider kütləvi informasiya vasitələrini hər şeydən əvvəl Azərbaycan həqiqətlərinə xidmət etməyə, xalqımızın keçdiyi yolu, qarşılaşdığı çətinlikləri, onun uğur və problemlərini doğru-düzgün, obyektiv işıqlandırmağa, cəmiyyətimizin demokratikləşməsinə və tərəqqisinə xidmət etməyə çağırır, mətbuat işçilərinə ümummilli, ümumxalq, dövlətçilik qayələrinə xidmət etməyi tövsiyə edirdi. Ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Azərbaycan milli mətbuatının tarixi görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin 1875-ci ildə buraxdığı ilk anadilli qəzet - “Əkinçi”dən başlayır. O, bu qəzeti nəşr etməklə Azərbaycanın qaranlıq dünyasına işıq saçdı, nur çilədi, milli oyanış və tərəqqiyə yol açdı. Daxili və xarici düşmənlər Həsən bəyin bu mənəvi qəhrəmanlığının qarşısına sədd çəksələr də, onun həyat verdiyi ideya və əməlləri dayandıra, məhv edə bilmədilər. Həsən bəyin böyük bir “Əkinçi” kimi səpdiyi toxumlar cücərdi, vətənin, millətin təəssübünü çəkən, onun azadlığı və müstəqilliyi naminə çalışan yeni ziyalılar nəsli yetişdi.
XIX əsrin ikinci yarısında Azərbaycanda ictimai-siyasi, sosial və mədəni sahələrdə yeni bir canlanma yaranırdı. Bu dövrdə meydana gələn “Əkinçi” qəzetinin savadsızlığın aradan qaldırılmasında gördüyü işlər bütün türk dünyası üçün önəmli əhəmiyyətə malikdir. Öz səhifələrini sosial həyatdan siyasətə, oradan dil və ədəbiyyata qədər olduqca geniş bir sahəyə açan “Əkinçi”, müsəlman bacı və qardaşlarının savadlanması, ziyalanması üçün M.F.Axundzadənin mədəniyyət sahəsində başladığı islahatları davam etdirir, ilham qaynağı olacaq dil birliyi fikrinin gündəmə gətirilməsində böyük payı olan ilk mətbuat orqanı kimi dəyərləndirilir, Azərbaycan milli mətbuatının təməli hesab edilir.
Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən bəy Zərdabi çətinliklə ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim etmişdir. Beləliklə, əkməklə başlayan mətbuatımız, həm də azad sözün toxumlarını səpmişdir. “Əkinçi” millətin aynası oldu. Həsən bəy Zərdabi Azərbaycanda hökm sürən cəhalətin və savadsızlığın aradan qaldırılması üçün mətbuatı əvəzolunmaz vasitə hesab edirdi. O, bu nəşrlə Azərbaycanda milli mətbuatın əsasını qoydu və bu mətbu orqan maarifçilik ideyalarının yayılmasında müstəsna xidmətlər göstərdi.
Daha sonra bu yol mətbuat tariximizin bünövrəsi sayıla biləcək “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Açıq söz”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların simasında davam etdirildi. Azərbaycanın bu günü və sabahı üçün, sözün həqiqi mənasında, nümunə ola biləcək böyük bir məktəbin əsası qoyuldu. Bu məktəb, ilk növbədə xalqımızın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanılmasında üzərinə götürdüyü missiyanı ləyaqətlə həyata keçirdi.
Azərbaycan mətbuatı müstəqilliyimizin qazanılmasında və onun qorunub saxlanılmasında müstəsna xidmətlər göstərdi.
Azad və demokratik cəmiyyət quruculuğu istiqamətində, müstəqil ictimai fikrin formalaşmasında mühüm funksiya oldu.
Bu gün Azərbaycan dövləti azad, müstəqil mətbuatın formalaşması istiqamətində diqqətəlayiq addımlar atır və atmaqdadır. Ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarının və amallarının carçısı, onun strategiya və siyasi xəttini ləyaqətlə, öz dəst-xətti ilə irəliyə aparan Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının inkişafına göstərdiyi diqqət və qayğısı daim hiss olunmaqdadır. Dövlətimizin başçısının 2008-ci ildə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) ev sahibliyi ilə Bakıda keçirilən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının - OANA-nın 30-cu iclasının iştirakçılarına ünvanlanmış təbrik məktubunda deyilir: “Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə, habelə cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirməsi üçün kütləvi informasiya vasitələrinə zəruri şərait yaradılmasına yönəlmişdir”.
Dövlətimizin başçısının “Azərbaycan milli mətbuatının 135 illik
yubileyinin keçirilməsi haqqında” 2010-cu il 10 iyun tarixli Sərəncamı ölkəmizdə kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.
Milli mətbuatın ən vacib və gərəkli vəzifəsi ictimai şüuru Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək istiqamətində kökləməkdir və bu baxımdan Azərbaycan milli mətbuatı işıqlı ideyaların həyata keçirilməsi üçün bütün milləti birləşdirən qüvvəyə çevrilməlidir.