HAŞİMİ-RƏFSƏNCANİ: DÜNYA NÜVƏ İRANINI TANIMALIDIR
O demişdir: “İranın nüvə energetikası milli elmi nailiyyətdir və biz bundan imtina edə bilmərik”. İran Prezidenti Mahmud Əhmədinejad ötən həftə bəyan etmişdir ki, onun ölkəsində nüvə yanacağının laboratoriya şəraitində istehsalı texnologiyası tam işlənib hazırlanmışdır. Onun sözlərinə görə, İran nüvə dövlətləri klubuna qoşulmuşdur.
Rəfsəncani silahlı münaqişənin mümükünlüyünü şərh edərək demişdir ki, ABŞ və bir sıra digər ölkələr BMT Nizamnaməsinin 7-ci fəslinə əsasən qətnamə qəbul etməyə cəhd göstərirlər. Lakin onların BMT Təhlükəsizlik Şurasından bununla bağlı razılıq ala biləcəkləri məlum deyildir.
Rəfsəncani ABŞ-ın indiki vəziyyətdə İrana qarşı hərbi əməliyyatlara başlayacağına şübhə etdiyini bildirmişdir. O demişdir: “Biz ABŞ tərəfdən təcavüzü tamamilə istisna etmirik, eyni zamanda, hesab edirik ki, hadisələrin bu cür inkişafı ABŞ-ın və əlbəttə ki, bizim və bütünlükdə regionun mənafelərinə cavab vermir”.
Rəfsəncaninin sözlərinə görə, İran onun nüvə texnologiyaları sahəsində nailiyyətlərinə Qərb ölkələrinin münasibətindən razı olmasa da, bu məsələ ilə bağlı danışıqlar aparılmasına etiraz etmir. O, İranın nüvə dosyesi ilə bağlı aparılacaq beynəlxalq məsləhətləşmələr barədə məlumatları şərh edərək demişdir ki, məsləhətləşmələr aparmaq olar, lakin bu sahədə mövqe ədalətli olmalıdır.