GÜRCÜSTANIN BAŞ NAZİRİ FEVRALIN 6-DA DƏFN EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri Zurab Jvaniyanın ölümü ilə əlaqədar Gürcüstan Baş Prokurorluğunda cinayət işi açılmışdır. Baş prokurorun müavini Georgi Canaşiya jurnalistlərə bildirmişdir ki, prokurorluğun istintaq şöbəsinin müstəntiqləri və ekspertlər hadisə yerini nəzərdən keçirmiş, mühəndis-texniki ekspertiza aparılmış, quraşdırılmış qaz aparatı dəqiqliyi ilə yoxlanmışdır. İlkin məlumata görə, İranda istehsal olunan “Nikala” qızdırıcı aparatı mənzildə ciddi texniki pozuntularla quraşdırılmış, Baş nazirin ölümünə də qazdan zəhərlənmə səbəb olmuşdur. Bunu onun sifətindəki xüsusi ləkələr də sübut edir.
Hadisə yerindəki ərzaq məhsulları da ekspertizaya göndərilmişdir. Ümumiyyətlə, hadisənin təhqiqi bir neçə istiqamətdə aparılır.
100-dək adamın dindiriləcəyi bildirilir, fevralın 2-də gecə saat 1 radələrində Z.Jvaniya ilə telefonla danışanın, “Nikala” sobasını quraşdıranın şəxsiyyətlərini müəyyənləşdirmək üçün də tədbirlər görülür.
Z.Jvaniyanın cənazəsinin fevralın 6-da “Sameba” kilsəsindən götürüləcəyi bildirilir.
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sərəncamı ilə fevralın 5-6-sı ölkədə matəm günü elan edilmişdir.
X X X
İtaliyada qeyri-rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Nino Burcanadze Baş nazir Zurab Jvaniyanın ölümü ilə əlaqədar səfərini yarımçıq qoyub, vətənə qayıtmışdır.
Fevralın 4-də o, Z.Jvaniyanın evinə gedərək ailəsinə başsağlığı vermişdir.
X X X
Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze də həmin gün Z.Jvaniyanın ailəsinə baş çəkərək, başsağlığı vermişdir.
X X X
Baş nazirlə birlikdə vəfat etmiş Raul Yusubov fevralın 5-də doğma yurdu Telavi rayonundakı Qaracalar kəndində dəfn olunacaqdır.
25 yaşlı R.Yusubov Avropaya inteqrasiya məsələləri üzrə Gürcüstan Dövlət nazirinin baş müşaviri vəzifəsində çalışırdı, onun bu günlərdə Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini təyin olunacağı gözlənilirdi.
Fevralın 4-də Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Zurab Melikişvili, qubernatorun müavini Azər Süleymanov, Gürcüstan parlamentinin deputatı Allahverdi Hümmətov və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin ikinci katibi Elxan Poluxov Telavi rayonundakı Qaracalar kəndinə getmiş, mərhumun valideynlərinə, yaxınlarına başsağlığı vermişlər.