Goranboyda şəhid bulağının açılışı olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Goranboy rayonu Goranlı kəndində şəhid İxtiyar İlqar oğlu Əliyevin xatirəsinə ucaldılmış şəhid bulağının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Tədbirdə çıxış edən A.Məmmədov 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uğurlu siyasətindən, əsgərlərin, zabitlərin şücaətindən danışıb. Deputat onların Vətən qarşısında xidmətlərinin dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Şəhid İxtiyar Əliyevin ailə üzvləri də onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.