GİMMLER İSPANİYADA NƏ AXTARIRDI?
Faşist Almaniyasında xüsusi təyinatlı qoşunların - SS mühafizə dəstələrinin rəhbəri və gestaponun şefi Henrix Gimmler 1940-cı ildə müqəddəs Qraalı axtarıb tapmaq üçün gizlicə İspaniyaya getmişdir. AZƏRTAC Londonun “İndependent” qəzetinə istinadla xəbər verir ki, tədqiqatçı Montserrat Riko Qonqoranın nasistlərin İspaniyaya bu gizli mistik səfərinin təfərrüatından bəhs edən “Murdarlanmış abbatlıq” kitabı çapdan çıxmışdır.
Gimmler öz mistik məşğuliyyətləri ilə ad çıxarmışdı. Məsələn, o inanırdı ki, Yaqub peyğəmbər ari idi, deməli, onun bütün törəmələri, o cümlədən İsa Məsih də ari olmuşlar. Gimmlerin gümanınca, Arimafeyli İosifin çarmıxa çəkilən İsanın qanını topladığı cam - Qraal (digər ehtimala görə, İsa və əshabələri Gizli şam yeməyində bu camdan şərab içmişlər) Qüdsdən İspaniyaya, Barselona yaxınlığındakı Montserrat abbatlığına gətirilmişdir. Nasistlər arasında geniş yayılmış mistik nəzəriyyəyə görə, Qraala sahib olmaq Almaniyaya müharibədə qələbə qazandırmalı idi. Müqəddəs camın axtarışları nasist Almaniyası liderlərinin Barselonaya səfəri ilə bir vaxta salınmışdı. O vaxtlar Hitler general Frankonu üçüncü reyxin tərəfində müharibəyə qoşulmağın zəruriliyinə inandırmağa çalışırdı.
Xanım Qonqora Gimmlerin səfərinin şahidini axtarıb tapmışdır. Bu, Andre Ripol Noble adlı monaxdır. 1940-cı ildə o, Montserrat monaxları arasında almanca danışa bilən yeganə adam idi və gestapo şefini məbədə səfər zamanı müşayiət etmişdir, çünki baş keşiş Antoni Mariya Marset nasistlərlə görüşməkdən boyun qaçırmışdı.
Ancaq Gimmler Montserratı əliboş tərk etmişdir.
Qonqoranın fikrincə, nasitlər Qraalın Montserrat məbədində saxlanıldığı barədə məlumatı kataloniyalıların “həyatın gizli kupeli” haqqında xalq mahnısından götürmüşdülər. Bundan başqa, onlar orta əsr alman şair-minnezingeri (müğənni) Volfram fon Eşenbaxın təsvirində Qraal haqqında əfsanə ilə də tanış idilər. Onun “Parsifal” adlı mənzum romanına görə, Qraal möcüzəli Monsalvat qəsrində gizlədilmişdir. Nasistlərin çox sevdikləri bəstəkar Rixard Vaqner fon Eşenbaxın romanı əsasında “Parsifal” operasını yazmışdır.