Gənclərin “Qış məktəbi”ndə ilk mərhələ başa çatıb
Naxçıvan, 10 fevral, AZƏRTAC
Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurası tərəfindən “Qış məktəbi” layihəsinə uyğun olaraq təşkil edilən ilin ilk düşərgəsi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclərin istirahətini səmərəli təşkil etmək və onların şəxsi inkişafını sürətləndirmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində reallaşan “Qış məktəbi”nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin məqsədi və proqramı haqqında məlumat verilib.
“Qış məktəbi” çərçivəsində muxtar respublikanın gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə görüş keçirilib. “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda seminar olub, axşam saatlarında isə Milli Qəhrəman Mübariz İbrahimovla bağlı sənədli film nümayiş olunub.
Növbəti günlərdə isə motivasiya təlimi, intellektual yarışma, kanat gəzintisi, bədii qiraət gecəsi və “Kənd turizminin təbliği” adlı müsabiqə reallaşıb. Düşərgə müddətində fərqlənən komandalara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla, ümumilikdə, 40 nəfərin iştirakı ilə keçirilən ilk mərhələ 7-9 fevral tarixlərini əhatə edib.