Gənclərin “Qış məktəbi”ndə ikinci mərhələsi başa çatıb
Şahbuz, 14 fevral, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə növbəti düşərgə təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclərin istirahətini səmərəli təşkil etmək və onların şəxsi inkişafını sürətləndirmək məqsədilə keçirilən “Qış məktəbi”nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin məqsədi və proqramı haqqında məlumat verilib.
“Qış məktəbi” çərçivəsində muxtar respublikanın gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə görüş keçirilib. Söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək, layihələrin hazırlanması və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Gün ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən “Bank savadlılığı” layihəsi çərçivəsində “Numizmatika elmi” mövzusunda seminar, sonra həmin mövzuda intellektual yarışma keçirilib.
Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurası tərəfindən birgə təşkil olunan düşərgə müddətində fərqlənən komandalar və üzvlərinə sertifikatlar təqdim edilib.