Gənclər sabahın qurucularıdır
İsmayıllı, 2 fevral (AZƏRTAC). İsmayıllıdakı Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə sabahın qurucuları olan gənclərin İsmayıllının iqtisadi, sosial-mədəni və idman həyatındakı rolundan, ötən il qazanılmış uğurlardan söhbət açılmışdır. Qeyd edilmişdir ki, gənc nəslin hərbi vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən qorunması məqsədi ilə rəngarəng tədbirlər hazırlanıb həyata keçirilir. İl ərzində təşkil edilmiş şeir, rəsm müsabiqələrində, “Xəmsə” milli intellektual və “Breyn-rinq” intellektual oyunlarında, “Şən və hazırcavablar” komandalarının yarışlarında, hərbi vətənpərvərlik mövzusunda keçirilən mədəni-kütləvi tədbirlərdə və yarışlarda gənclər fəal iştirak etmişlər.
Bildirilmişdir ki, rayonun “Cəsurlar” hərbi-idman və turizm, “Şahin” hərbi-idman komandaları zona və final yarışlarında uğurla çıxış edirlər. Hər iki komanda ötən il zona yarışlarının qalibi olmuş, final yarışlarında isə “Cəsurlar” birinci, “Şahin” isə dördüncü yerləri tutmuşlar.
Ötən il 5 beynəlxalq yarışda rayondan 17 idmançı iştirak etmişdir. Respublika yarışlarında isə İsmayıllı rayonundan 1798 gənc iştirak etmiş, onlardan 15-i birinci, 8-i ikinci, 7-si isə üçüncü nəticə göstərmişdir.
Yığıncaq iştirakçıları Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin Azərbaycanda “İdman ili” elan edilməsinin İsmayıllıda da yüksək əhval-ruhiyyə ilə qarşılandığını diqqətə çatdırmışlar.
Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən İsmayıllıda atıcılıq tirinin, 2 yeni süni örtüklü mini futbol meydançasının və gənclər üçün istirahət düşərgəsinin tikiləcəyi barədə xəbər razılıqla qarşılanmışdır.
İdman və digər sahələrdə fərqlənən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.