GƏNCLƏR QİÇS-Ə YOX DEYİRLƏR!
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də “Park İNN” Azərbaycan mehmanxanasında “Gənclər QİÇS-ə qarşı” devizi altında milli konfrans keçirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov, səhiyyə naziri Oqtay Şirəliyev son 25 il ərzində dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da insanların QİÇS xəstəliyinin daşıyıcısına çevrildiyini bildirmişlər.
Qeyd olunmuşdur ki, hazırda 25-29 yaşlılar arasında xəstəliyin yayılma göstəriciləri heç də qənaətbəxş deyildir. 30-39 yaşlılar arasında QİÇS daşıyıcılarının sayı 513 nəfər olduğu halda, 25-29 yaşlı gənclər arasında bu göstərici 253 nəfər təşkil edir. Həmçinin Bakı şəhəri və Abşeron yarımadası bu xəstəliyə yoluxanların sayına görə öndə gedir.
Tədbirdə respublikamızda QİÇS-in profilaktikası, sağlam həyat tərzinin təbliği və maarifləndirmə məqsədi ilə Bakıda və regionlarda keçirilən layihələr, aparılan sorğular barədə məlumat verilmişdir.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hana Singer, BMT baş katibinin xüsusi məsləhətçisi, təşkilatın Asiya və Sakit Okean regionunda HİV/AİDS üzrə baş katibi xanım Nafis Sadiq isə bu xəstəliyə yoluxma hallarının qarşısını almaq üçün beynəlxalq, qeyri-hökumət təşkilatlari ilə yanaşı, dini və ictimai birliklərin birgə əməkdaşlığının vacibliyini qeyd etmişlər. Bu məqsədlə təmsil etdikləri qurumların ölkəmizdə həyata keçirdikləri layihələrin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonra mətbuat nümayəndələri üçün brifinq keçirilmiş və jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
Milli konfransda müzakirələr isə işçi qruplarda davam etdirilmiş və sonda bəyannamə qəbul edilmişdir.