Gənclər qazilərlə görüşüblər
Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərində keçirilən görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli çıxış edərək bildiriblər ki, Vətən müharibəsində igidlik nümayiş etdirən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Şəhidlərimizin, qazilərimizin döyüş yolu isə gənclərimiz üçün nümunədir. Bu mənada şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə keçirilən belə görüşlərin yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəlməsində, onların Vətənə, xalqa, dövlətə layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyəti var.
Görüşdə iştirak edən qazilərimiz Əli Əlisoy, Əmrah Məmmədov, Uğur Əliyev, Vidadi Məmmədov və Əyyub Sadiqov çıxışlarında Vətən müharibəsində xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər. Qazilərimiz döyüş xatirələrindən danışıb, yurd həsrətinin sona çatmasında, tarixi Qələbənin qazanılmasında pay sahibi olmağın sevincini yaşadıqlarını vurğulayıblar.
Daha sonra qazilərə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən “Qalib Azərbaycan, azad Qarabağ” adlı inşa yazı müsabiqəsinin qaliblərinə də mükafatlar təqdim edilib.