Gənclər Günü Astarada qeyd edilib
Astara, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 1-də Astara şəhərindəki Gənclər Evində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclik yeni zirvələrə doğru” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov tədbirdə çıxış edərək rayon gənclərini əlamətdar gün münasibətilə təbrik edib, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi veteranları və şəhid ailələri ilə iş üzrə şöbənin müdiri Turan Həsənzadə, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Astara rayon təşkilatının sədri Rafiq Əliyev, Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Aprel döyüşlərinin qazisi Orxan Əliyev, Vətən müharibəsi qazisi Abbas İbrahimli və başqaları ölkəmizdə, o cümlədən Astara rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən danışaraq, gənclərə uğurlar arzulayıblar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərin bir qrupuna Astara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib.
Sonda tədbir iştirakçıları Gənclər Evinin foyesində Astara Rayon Dövlət Rəsm Qalereyasının həvəskar rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.