Gəncədə veteran futbolçularla görüş keçirilib
Gəncə, 14 fevral, Elcan Məmmədov, AZƏRTAC
“Kəpəz” Peşəkar Futbol Klubunun veteran futbolçuları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovun iştirakı ilə keçirilən görüşdə uşaq futbolunun inkişaf etdirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin Gəncədə futbolun perspektivi sahəsində fikirlər söylənilib.
Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olan mərkəzi şəhər stadionunun ərazisində Futbol Akademiyasının və şəhərin digər ərazilərində tikintisi yekunlaşmaq üzrə olan süni ot örtüklü meydançaların bərpa olunduğu diqqətə çatdırıb.
Veteran futbolçular daim diqqət mərkəzində saxlanıldıqlarını qeyd edərək, bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.