Gəncədə şəhid ailələri ilə görüşlər davam edir
Gəncə, 24 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələniblər. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tapşırıqlarının icrası məqsədilə Gəncə şəhərində də müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, 44 günlük Vətən müharibəsində şəhid olan hərbçi və mülki şəxslərin ailələri mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Nizami və Kəpəz rayon icra hakimiyyətlərinin məsul işçiləri, aidiyyəti ictimai birliklərin nümayəndələri həftə ərzində Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkiblər.
Ziyarətlər zamanı canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib. Şəhər rəsmiləri şəhidlərin ailə üzvlərinin sosial problemləri və gündəlik qayğıları ilə də maraqlanıblar. Səsləndirilən müraciətlərin qısa zamanda həlli üçün müvafiq addımlar atılıb.
Bununla yanaşı, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, o cümlədən bir sıra iri sənaye müəssisələrində 27 sentyabr - Anım günü ilə əlaqədar şəhid ailələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı qeyd olunub ki, qüdrətli Azərbaycan Ordusu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi və Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.
Ziyarətlər və görüşlər zamanı çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrini ziyarətlər bundan sonra da davam etdiriləcək.