Gəncədə “AgroTech Hackathon” və “AgroTech Workshop” keçiriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Gəncədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə fevralın 25-dən 27-dək “AgroTech Hackathon” və fevralın 25-də “AgroTech Workshop” təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, “AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulub. İştirakçılar bu əsas anlayışların kənd təsərrüfatında necə istifadə edildiyini öyrənməklə yanaşı, həm də təşkilata töhfə vermək üçün təcrübə və bacarıqlara yiyələnəcəklər.
Kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil edilən “Hackathon” tədbiri 3 gün davam edəcək. Tədbirdə tələbələr, tədqiqatçılar, dizaynerlər, sahibkarlar, şirkətlər və iş axtaranlar iştirak edə bilərlər. İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq.
“AgroTech Workshop” innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunmuş bir günlük tədbirdir. İştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.
Tədbiri maliyyələşdirən USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlılığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradan beşillik təşəbbüsdür. PSA özəl sektorun rəqabətliliyinin artırılması və qadınlara və gənclərə xüsusi diqqət yetirməklə mikro, kiçik və orta sahibkarlığın (MKOS) gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Layihə biznesə dəstək xidmətləri göstərməklə və MKOS-ların inkişafına mane olan inzibati maneələri aradan qaldırmaqla daha təhlükəsiz və dayanıqlı Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verir.
Tədbirin icraçısı SUP VC startapların böyüməsinə və beynəlxalq bazarlara çıxmasına kömək edən intensiv akselerator proqramdır. Üç aylıq proqram ərzində startaplar öz məhsullarını qurur və qlobal mühitdə tətbiq edilən müxtəlif təcrübələri öyrənirlər və proqram Demo Günü ilə yekunlaşır. SUP VC kapitala çıxış, mentorluq, müştərilərin cəlb edilməsi və məhsulun inkişafı ilə Azərbaycan startapları üçün əsas mühit olmaq niyyətindədir. Dünya üzrə onlarla mentorluq şəbəkəsi ilə SUP VC bilik, ən yaxşı beynəlxalq təcrübə və ideal sahibkarlıq imkanı təqdim edir.
Tədbirdə aşağıda linklərdən qeydiyyatdan keçərək iştirak edə bilərsiniz:
AgroTech Workshop: https://bit.ly/3Gw5LOm
AgroTech Hackathon: https://bit.ly/3gtoLSW