Gəncə Dövlət Universitetində “Açıq qapı” günü keçirilib
Gəncə, 8 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün “Açıq qapı” günü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetdə təhsil alan tələbələrin valideynləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə qonaqlar imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, tələbələrin kompüterlə test suallarına cavab vermələrini müşahidə ediblər.
Universitetin tədris işləri üzrə prorektoru Şahin Xurşudov “Açıq qapı” gününün iştirakçılarını ali təhsil ocağında imtahanların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitlə, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılan “Apelyasiya komissiyası”nın və “İmtahan qərargahı”nın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak edib. Gəncə şəhərindən və ətraf rayonlardan gələn valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişatından razı qaldıqlarını bildirərək, burada təhsil alan övladlarının biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıdan danışaraq, öz razılığını ifadə edib.
Sonra “Açıq qapı” gününün iştirakçıları 44 günlük Vətən müharibəsində həm şəhid olan, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxıb, ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdiriblər.
“Açıq qapı” günündə universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva da iştirak edib, qonaqlara imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat veriblər.