FRANSADA TƏBİƏTİN ŞILTAQLIĞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransada bir neçə gün davam edən bərk istilərdən sonra şənbə günü kəskin iqlim dəyişikliyi baş vermiş, güclü küləklə müşayiət olunan dolu ölkənin qərbindəki Ot-Qaron departamentinin Sənt-Foy-de-Peiroliyer və digər yaşayış qəsəbələrində böyük dağıntılara səbəb olmuşdur. İri həcmli dolu dənələri onlarla evin damını sıradan çıxarmış, hətta bəzi evlərin damını deşərək ev əşyalarına zərər vurmuş, 2000-dən çox mənzil müvəqqəti olaraq elektrik işığından məhrum olmuş, ağaclara ciddi ziyan dəymişdir. Zərər çəkmiş ailələr qonşuları və yaxın qohumlarıgildə gecələməli olmuşlar.
Əhalinin tez bir zamanda təhlükəsiz yerlərə köçürülməsinə baxmayaraq, əlillər evində iki nəfər yaralanmışdır. Vəziyyəti daha ağır olan yaşlı təqaüdçü yaxınlıqdakı Tuluz şəhərinin xəstəxanasında yerləşdirilmiş və ona ilkin tibbi yardım göstərilmişdir.
Təbiətin vurduğu zərər qısa bir vaxtda aradan qaldırılmışdır.