FRANSADA İKİNCİ LUVR TİKİLƏCƏKDİR
AZƏRTAC Frans-Press Agentliyinə istinadla xəbər verir ki, Fransa hökuməti Luvr muzeyinin nümayiş etdirilməyən kolleksiyasının yerləşdirilməsi üçün ölkənin şimalında ikinci belə bina tikmək niyyətindədir. Valensyen, Lans, Kale, Amyen, Bulon və Arras şəhərləri muzey binasının məhz öz ərazisində tikilməsi hüququ uğrunda mübarizə aparırlar.
Muzeyin tikiləcəyi və bu məqsədlə 105 milyon avro məbləğində sərmayə ayrılacağı şəhərin adı bu yaxınlarda açıqlanacaqdır.
2 nömrəli Luvrda Paris kolleksiyasına daxil olmayan 500-600 sənət əsərinin nümayiş etdirilməsi nəzərdə tutulur. Ekspozisiya hər iki-üç ildən bir dəyişdiriləcəkdir.