FRANSA DA İRAQA ƏSGƏR GÖNDƏRMƏYƏCƏK
AZƏRTAC-ın Parisdən aldığı xəbərdə deyilir ki, Fransa öz əsgərlərini İraqa göndərməyəcəkdir. Fransa hərbi qulluqçularının bu ölkəyə göndərilməsindən söhbət belə gedə bilməz. Bunu Fransanın müdafiə naziri xanım Mişel Alyo-Mari sentyabrın 23-də “Avropa-1” radiostansiyasının efirində çıxış edərkən bildirmişdir.
Onun sözlərinə görə, Fransada bu qənaətdədirlər ki, İraqda nizamasalma, ilk növbədə, siyasi xarakter daşımalıdır və iraqlılar öz suverenliyinə yenidən qovuşduqlarını həqiqətən hiss etməlidirlər.
Fransanın müdafiə naziri demişdir ki, bu məqsədlərə İraqdakı xarici hərbi qüvvələri artırmaq hesabına nail olmaq mümkün deyildir.