“Fatehlərin zəfəri” kitabı qusarlı oxuculara təqdim edilib
Qusar, 15 iyul, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsində şücaəti ilə seçilən polkovnik Rəşad Aslanova həsr olunan “Fatehlərin zəfəri” adlı kitab qusarlı oxuculara təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Xüsusi təyinatlı hərbi hissənin komandiri, polkovnik Rəşad Aslanov Ali Baş Komandan İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
“Fatehlərin zəfəri” adlı kitab qusarlı oxuculara iyulun 15-də Qusar rayon Heydər Əliyev Mərkəzində polkovnik Rəşad Aslanova rayon ictimaiyyətinin görüşü zamanı təqdim edilib.
Tədbirdən əvvəl Qusarda Şəhidlər xiyabanı ziyarət olunub, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rəşad Aslanovun həyat və döyüş yolu ilə bağlı videotəqdimatın nümayişindən sonra Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək qəhrəman zabitimizin gənclərimiz üçün böyük örnək olduğunu qeyd edib, vətənpərvərlik və dövlətçilik baxımından belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Polkovnik Rəşad Aslanov çıxışında onu hərb sənətinə aparan yoldan, bu yolda əməyi olan insanlardan, Ali Baş Komandanın əmr və tapşırıqlarını həyata keçirmək üçün daima hazır olduğundan danışıb.
Görüşdə “Fatehlərin zəfəri” adlı kitabın müəllifi Güllü Məmmədova çıxış edərək polkovnik Rəşad Aslanovun döyüş məharəti, onun xüsusi təyinatlı olaraq 44 günlük Vətən müharibəsində taktiki qabiliyyətləri və kitabın ərsəyə gəlməsi haqqında məlumat verib.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov Vətən müharibəsində Ali Baş Komandanın “Dəmir yumruğ”unun güclü edən səbəblərdən danışaraq görüşün səbəbkarı haqqında fikirlərini səsləndirib.
Polkovnik Rəşad Aslanovun müəllimləri və sinif yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsinin qəhrəmanı, Zəfər tariximizi yazan qəhrəman olaraq ona öz səmimi arzularını çatdırdılar.
Görüşün sonunda Qusar rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri qonağa milli xalça təqdim olunub.