“Engineering Camp” tələbə düşərgəsi başlayıb
Bakı, 8 sentyabr, AZƏRTAС
“Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi “EESTEC Observer Baku” (Eestec Observer Baku) birgə təşkilatçılığı ilə “Engineering Camp” tələbə düşərgəsinin açılışı olub.
Bu barədə tələbə təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər.
Düşərgədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev mühəndislik sahəsində təhsil alan tələbələrə düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat verib.
Rüfət Əzizov iştirakçılarla innovasiyalar mövzusunda təqdimatla çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Günün ikinci yarısında iştirakçılar üçün SABAH.HUB-ın proqram meneceri Əminə Məlikovanın təqdimatında “Sahibkarlıq və Startap təfəkkürünün formalaşması” mövzusunda təlim sessiyası təşkil olunub.
Təlim çərçivəsində sahibkarlığın və startapların əsas prinsipləri, startapların inkişaf modeli və strateji planlaması və digər məsələlər iştirakçılarla birlikdə müzakirə edilib.
Qeyd edək ki, üç gün davam edəcək düşərgədə müxtəlif ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbə iştirak etmək hüququ qazanıb.