ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRLƏRİ
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu daha bir necə yeni nəşri oxuculara təqdim etmişdir. İnstitutun şöbə müdiri Kamandar Şəriflinin “Əbdülqəni Nuxəvi Xalisəqarızadə” monoqrafiyasında X1X əsrin tanınmış mətnşünas alimi, pedaqoq və kitabşünası, milli mədəniyyətimizin inkişafında özünəməxsus rolu olmuş Şəmsəddin Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarizadənin həyat və yaradıcılığından, pedaqoji və elmi fəaliyyətindən bəhs edilir. Monoqrafiyanın böyük bir hissəsi alimin zəmanəmizə qədər gəlib çatmış şəxsi əlyazmalar kitabxanasının elmi təsvirinə həsr olunmuşdur.
Kitabın elmi redaktoru filologiya elmləri namizədi Məmməd Adilovdur.
X X X
İnstitutun elmi işçisi Elmira Seyidbəylinin hazırladığı “Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik materiallar. Gövhər ağa Cavanşirin sənədləri” kitabına müəllifin giriş məqaləsi, Əlyazmalar İnstitutunda saxlanılan tarixi sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş mətnləri, onların şərhi və orijinalların fotofaksimilesi daxil edilmişdir.
Nəşrin redaktoru tarix elmləri namizədi Tahirə Həsənzadədir.
X X X
Dahi Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsrəddin Tusinin 800 illik yubileyi qarşısında Əlyazmalar İnstitutu onun astronomiya və astrologiyaya aid, fars dilində yazılmış “Si fəsl” (“Otuz fəsil”) risaləsini institutun elmi işçisi Kamal Abdullayev tərcüməsində ilk dəfə nəşr etmişdir.
Kitabın redaktoru Məmməd Adilovdur.