EKOLOGİYANI BİRLİKDƏ QORUMALI
AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, noyabrın 6-da Almaniyanın Frayburq şəhərində keçirilən ekologiya konfransında çıxış edən ölkənin xarici işlər naziri Frank-Valter Şteynmeyer bildirmişdir ki, ABŞ-ın ətraf mühitin mühafizəsi və texnogen xarakterli iqlim dəyişikliklərinin qarşısını almaq üçün öz iqtisadi mənafeyini qurban verəcəyinə şübhə edir.
Nazir demişdir ki, çox güman, ABŞ-ın iqtisadi mənafeyi Barak Obamanın yeni hökuməti dövründə də hər şeydən üstün olacaqdır. Şteynmeyer söyləmişdir ki, iqlim dəyişiklikləri məsələsində ABŞ siyasətində hər hansı radikal dəyişikliklər gözləmir. Almaniya XİN-in başçısı demişdir: “Amerika qlobal istiləşmənin mənfi təsirinin azaldılmasına öz töhfəsini verməyə hazır deyil". O bildirmişdir ki, Amerikanın siyasətində enerji təhlükəsizliyi məsələsi həmişə əsas məsələ olmuşdur, hərçənd bu da tam aydın deyil ki, ABŞ Venesuela kimi gözlənilməz addımlar ata bilən tədarükçü ölkələrdən asılılığını necə azaltmaq fikrindədir”.
Almaniya “yaşılları” Barak Obamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar öz seçkiqabağı vədlərini yerinə yetirməyə çağırırlar. Bu yaxınlarda ABŞ-ın 44-cü Prezidentinin seçkilərdə qələbəsi ekologiya təşkilatlarının fəallarını ruhlandırmışdır. Kioto protokolunu imzalamaqdan imtina etmiş Buş hökumətindən fərqli olaraq, yeni Prezident qlobal istiləşmə məsələsinə öz ölkəsinin münasibətini dəyişəcəkdir.
Şteynmeyer çıxışında qeyd etmişdir ki, dünya birliyi “Yeni Yaşıl Dünya” planını birlikdə işləyib hazırlamaq üçün ətraf mühitin mühafizəsi məsələsi üzərində əlbir işləməlidir. Nazir demişdir: “İqlim dəyişməsi ciddi problemdir və biz onu ya birgə səylərlə həll edəcəyik, ya da tamamilə müvəffəqiyyətsizliyə uğrayacağıq”.