Əbədiyaşar lider
İsmayıllı , 10 dekabr, AZƏRTAC
İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 12 dekabr -ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Tədbirdə rayon rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin, habelə digər idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-n bölgə müxbiri xəbər verir ki, öncə iştirakçılar mədəniyyət mərkəzinin foyesində ulu öndər Heydər Əliyevə həsr edilən sərgi ilə tanış olublar. Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar və rəsm əsərləri nümayiş olunub.
Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda bütün sahələrdə, o cümlədən sosial-iqtisadi, ictimai-mədəni sahələrdə əldə olunan nailiyyətlərdən bəhs edilib. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyəti illərində Azərbaycan bütün sahələrində yeni inkişaf dövrünü yaşayıb. Bu gün regionun ən qüdrətli ölkəsinə çevrilən Azərbaycan məhz dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin xalqımıza bəxş etdiyi ən böyük sərvətdir.
Sonda mədəniyyət mərkəzinin solistlərinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunan mahnılar səsləndirilib.