DÜNYANI HEYRƏTƏ GƏTİRƏN 10 İXTİRA
AZƏRTAC İtaliyanın “Repubblika” qəzetinə istinadla xəbər verir ki, Mendeleyevin tərtib etdiyi elementlərin dövri sistemi materialların təkamülü tarixində ən mühüm kəşf adlandırılmışdır. Amerika Hasilat, Metallurgiya və Neft Enerjisi İnstitutuna (AİMMPE) daxil olan 68 ölkənin 4235 nümayəndəsi bir neçə ay düşündükdən sonra məhz belə qərara gəlmişdir.
Dövri sistem kimyəvi elementlərin atom sayı əsasında və ya elementlərin nüvəsindəki protonların sayı əsasında ardıcıllıqla düzülmüşdür. Məhz bu xüsusiyyətə görə oksigendən tutmuş karbonadək, dəmirdən tutmuş uranadək atomlar bir-birini cəlb edir, yaxud itələyir. Alimlər bu cədvələ əsaslanaraq, yeni materiallar yaratmağa çalışırlar.
Bəs tarixdə bəşəriyyət üçün daha hansı ixtira və kəşflər ən əhəmiyyətlidir? AİMMPE üzvlərinin fikrincə, bu baxımdan ikinci yeri dəmirin əridilməsi tutur. Bu işə ilk dəfə miladdan təxminən 3550 il əvvəl misirlilər başlamışlar. Onlar ilk vaxtlar metaldan müxtəlif mərasimlər üçün bəzək əşyaları kimi istifadə edirdilər.
Üçüncü yer 1948-ci ildə yaradılan tranzistorların ixtirasına verilmişdir. Bu ixtiranın əvvəlcə elektron avadanlıq üçün, sonra isə mikroçiplərin, nəhayət, kompyuter texnologiyalarının yaradılması üçün fundamental əhəmiyyəti olmuşdur.
Tranzistorlardan sonra, dördüncü yerdə eramızdan əvvəl 2200-cü ildə şüşənin ixtirası gəlir. O, dünyada keramikadan sonra ən çox istifadə edilən ikinci qeyri-metal materialdır.
Beşinci yerdə Hollandiya naturalisti Antoni van Levenqukun etdiyi kəşfdir. Onun yaratdığı mikroskop insan gözünün görmə qabiliyyətini 200 dəfə üstələyən linzaların köməyi ilə materialları öyrənməyə imkan verir.
Altıncı yerə XVIII əsrin ortalarından başlayaraq, inşaat metodlarını, sözün əsl mənasında, dəyişdirmiş olan sement çıxmışdır.
Yeddinci yeri eramızdan təqribən 300 il əvvəl Hindistanın cənubunda başlanmış, lakin yalnız bir neçə yüz il sonra, ilk növbədə, Dəməşqdə məlum olmuş polad istehsalı tutur.
Səkkizinci yer miladdan 5 min əvvəl edilmiş kəşfə verilmişdir. Söhbət malaxitdən və azuritdən mis alınmasından və ona müxtəlif formalar verilməsindən gedir. Müasir Türkiyə ərazisində yaşamış xalqlar ekstraksiya metallurgiyası yaratmışdılar.
Doqquzuncu və onuncu yerlərdə zəmanəmizdə edilmiş iki ixtira gəlir. 1912-ci ildə alman fiziki Maks fon Laue tərəfindən ixtira olunmuş kristallarla X-şüaların difraksiyası və domna sobalarında polad istehsalında tətbiq edilən və çuqundan polad almağa imkan verən bessemerləmə prosesi Bessemer konvertoru kimi məlumdur.