“Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər”
Naxçıvan, 27 noyabr (AZƏRTAC). Tarix elmləri namizədi Zəhmət Dərələyəzlinin və Rövşən Dərələyəzlinin “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitabda erməni qəsbkarlarının və onların havadarlarının xalqımızın başına gətirdikləri misli görünməmiş müsibətlərin bir qismi əks olunmuşdur.
Babalarımızdan miras qalmış tarixi torpaqlarımızda erməni daşnaklarının Dərələyəz əhalisinə divan tutmaları, onları öz yurd-yuvalarından didərgin salaraq qaçqına çevirmələri, minlərlə insanı qətlə yetirmələri bu kitabda tutarlı faktlarla bir daha sübut olunmuşdur. Sənədlərlə göstərilmişdir ki, ozamankı Sov. İKP MK, SSRİ Nazirlər Soveti və Azərbaycan SSR rəhbərliyi azərbaycanlıların tarixi ərazilərindən çıxarılmasında xüsusi canfəşanlıq göstərmişdir. Bu canfəşanlıq kitab müəllifləri tərəfindən dəqiq və inkarolunmaz faktlarla oxucuya çatdırılır.
1988-ci ildən başlayaraq Dərələyəzdə baş verən hadisələrin şəxsən iştirakçısı olan müəlliflər kitabda o günlərin məşəqqətlərini təfsilatı ilə təsvir etmişlər.
Mənbələr əsasında mahalın bütün kəndlərindəki tarixi abidələrin yaranma və tikilmə tarixi, eyni zamanda, müxtəlif illərdə bu kəndlərdə yaşayan azərbaycanlıların say tərkibi də verilmişdir. Bu statistik məlumatlardan aydın olur ki, bu torpaqlarda Azərbaycan türkləri yaşamış, ermənilər sonralar bu ərazilərə köçürülmüşlər.
Müəlliflər Xocalı faciəsini də unutmamışlar. Burada da erməni vandalizmi ifşa olunur. Bir zamanlar el-obasından zorla köçürülüb Xocalıda məskunlaşan dərələyəzli soydaşlarımızın ikinci dəfə Azərbaycan torpaqlarından qovulduqları və ya şəhid olduqlarından söz açılır, onların sayı göstərilir.
“Qismət” nəşriyyatında nəşr olunmuş kitabın məsləhətçiləri akademik İsa Həbibbəyli və iqtisad elmləri doktoru İsa Alıyev, rəyçiləri akademik İsmayıl Hacıyev, professor Hacı Fəxrəddin Səfərli və dosent Nazir Əsədov, redaktorları isə professor Məhərrəm Cəfərli və filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevdir.