Çimərlik mövsümü başlamışdır
Bakı, 1 iyun (AZƏRTAC). İyunun 1-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) “Nardaran-1” xilasetmə məntəqəsində 2011-ci il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişlər.
DSXX-nin xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov bildirmişdir ki, çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin olunması qarşıya əsas vəzifə kimi qoyulmuşdur. DSXX bu istiqamətdə öz işini səmərəli təşkil edir. Çimərliklərdə insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür. Çimərlik mövsümü başlayanda vətəndaşlarla maarifləndirmə işləri aparılır. Xidmət müasir texnika və avadanlıqla təchiz olunmuş, xilasetmə məntəqələri üçün inzibati binalar tikilmiş, xilasedicilərin işləməsi üçün hər cür şərait yardılmışdır.
Bu günədək xidmətin əməkdaşları tərəfindən suda boğulam təhlükəsi ilə üzləşən 2306 vətəndaşın həyatının xilas edildiyi diqqətə çatdırılmışdır.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə xilasedicilərə tövsiyələrini vermişdir.
F.Tağızadə bildirmişdir ki, son 5 ildə nazirlik tərəfindən 20-dən çox xilasetmə məntəqəsi tikilmiş, çimərliklərdə çoxlu sayda postlar qurulmuşdur. Xilasedicilər sahil boyu müşahidə aparırlar. Təkcə ötən il xilasedicilər tərəfindən çimərliklərdə boğulan 700-ə yaxın vətəndaş xilas edilmişdir.
Sonra mərasim iştirakçıları xilasetmə texnikaları və avadanlığı ilə tanış olmuşlar.
Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi, həmçinin suda batmış insanın tez bir zamanda axtarılıb-tapılması üzrə bacarıqlarını nümayiş etdirmişlər.