Çernobıl faciəsindən 25 il ötür
Bakı, 3 mart (AZƏRTAC). Ötən əsrin axırlarında bəşəriyyəti təlatümə gətirmiş Çernobıl faciəsindən 25 il ötür. 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığındakı Çernobıl AES -də baş vermiş partlayış XX əsrin ən böyük texnogen qəzası sayılır.
Həmin gün güclü nüvə partlayışı nəticəsində Çernobıl atom-elektrik stansiyasında 4-cü blok partlamış və radioaktiv sızma baş vermişdir. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə də, “ölüm bulud”unun digər hissəsini küləklər cənuba “sürükləmişdi”. Çernobıl AES-dan axan radioaktiv zəhər təqribən 20 milyon əhalisi olan əraziyə yayılmış, oradakı canlıları dəhşətli şüalandırmaya məruz qoymuşdur.
Hadisə nəticəsində 7000-ə yaxın insan həyatını dəyişmiş, 25000 nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olmuş, on minlərlə insan isə sonsuz qalmışdır.
Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranmışdır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropa məkanında dolanmaqdadır.
Xarici KİV-lərin məlumatına görə, Ukrayna qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə bu günədək 15 milyard ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda da Çernobıl faciəsinin qurbanları, radioaktiv şüalanmaya məruz qalanlar var.
AES-in partlamış 4-cü enerji blokunda fəsadların aradan qaldırılmasına respublikamızdan 7 min nəfər cəlb edilmişdir. Onlardan 2000-dən çoxu artıq dünyasını dəyişmiş, digərləri isə şüalanmadan hələ də əziyyət çəkirlər.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov AZƏRTAC-a bildirmişdir ki, 1993-cü ilədək bu insanların sağlamlığı ilə bağlı problemlər respublika rəhbərliyi tərəfindən gizli saxlanılır, əlillərə biganə münasibət göstərilirdi.
Yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlilləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, həmin ildən etibarən cəmiyyətin üzvləri dövlətin sosial sahədə həyata keçirdiyi heç bir proqramdan kənarda qalmır, onlar ömürlük əlillik dərəcəsi almışlar. Bundan başqa, son dörd ildə mənzil növbəsində dayanan əlillərə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 100-dən artıq mənzil, son iki il ərzində isə 15 avtomobil verilmişdir. Artıq 2011-ci ilin yanvarın 1-dən 10 nəfər yeni mənzillə təmin olunmuşdur.
2008-ci ildə isə dövlət başçısının Fərmanı ilə Çernobıl əlilləri müharibə əlilləri kateqoriyasına daxil edilməklə yüksək pensiya müavinəti və Prezident təqaüdü alırlar. Hazırda isə cəmiyyət üzvlərinin təqaüdü 150-500 manat təşkil edir. 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda əlillərin mənzil təminatının daha da yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
M. Həsənov nəzərə çatdırmışdır ki, yaxın günlərdə Çernobıl hadisəsinin 25 illiyi ilə əlaqədar KİV-lərin iştirakı ilə geniş tədbir keçirilməsi planlaşdırılır.