bp-DƏ SEMİNAR KEÇİRİLMİŞDİR
Şirkətin sosial sərmayələr üzrə meneceri Maykl Hakenbrux, layihələri bilavasitə həyata keçirən “Ümid” Humanitar və Sosial Dayaq Mərkəzinin rəhbəri İsrail İsgəndərov indiyədək görülmüş işlər barədə jurnalistlərə məlumat verdilər. Bildirildi ki, bp şirkəti və onun “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” layihələri üzrə tərəfdaşları müəyyən edilmiş səkkiz iri layihə üçün 5,5 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırmışlar. Bu layihələr BTC ixrac kəmərinin Azərbaycan hissəsində, habelə, Bibiheybətdə, Səngəçalda, Zığda uğurla tətbiq edilir və 2006-cı ildə başa çatdırılacaqdır.
Əhalinin inkişafı ilə bağlı layihələri bp-nin keçirdiyi tenderdə qalib gəlmiş “Ümid” və “Həyat” qeyri-hökumət təşkilatları yerinə yetirirlər.
Seminarda neft kəmərlərinin keçdiyi ərazilərdə yaşayan əhalinin sosial problemlərinin həlli məsələlərinə toxunuldu, jurnalistlərin bununla bağlı suallarına aydınlıq gətirildi.