“BERLİN BƏYANNAMƏSİ” İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 24-25-də Berlində Avropa İttifaqının üzvü olan 27 ölkənin dövlət və hökumət başçıları təməli 1957-ci il martın 25-də “Roma müqavilələri”nin imzalanması ilə qoyulmuş qurumun 50 illik yubileyini təntənəli qeyd etmişlər.
Fövqəladə yubiley zirvə toplantısı martın 24-də Berlin Filarmoniyasında keçirilən musiqili mərasimlə açılmışdır. Almaniyanın dövlət himni və Avropa İttifaqının himni səsləndirilmiş, Berlin Filarmoniyasının simfonik orkestri Bethovenin 5-ci simfoniyasını ifa etmişdir. Konsert proqramında dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının folklorundan seçmələrə yer verilmişdi. Orkestr dünya şöhrətli Luçiano Berionun sintez etdiyi “Qız, belin incədir, ləblərin qönçədir...” Azərbaycan xalq mahnısını məharətlə ifa etmişdir.
Martın 25-də Berlindəki Almaniya Tarix Muzeyinin möhtəşəm binasında keçirilən təntənəli mərasimdə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları adından Aİ-nın “Berlin bəyannaməsi” imzalanmışdır. Bəyannaməni Avropa Şurasının fəaliyyətdə olan icraçı sədri, Almaniyanın hökumət başçısı, federal kansler Angela Merkel, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Avropa Parlamentinin sədri Pöttering imzalamışlar.
İmzalanma mərasimindəki çıxışında Angela Merkel bildirmişdir ki, yeni sənəddə Avropanın 50 il müddətində demokratiyanı yaşatması və inkişaf etdirməsi siyasətinin ümumi dəyərləri, idealları saxlanılmış, daha da təkmilləşdirilmişdir. Biz Avropa İttifaqında ümumi məqsədlərimizi, ideallarımızı gerçəkləşdiririk. İnsan, onun varlığı ideallarımızın əsas qayəsidir. İnsan ləyaqəti isə alidir və toxunulmazdır. Avropa İttifaqı məkanında insanların bərabər və azad yaşayışı, cəmiyyətdə ictimai, sosial ədalətin və insan haqlarının, hüquqi bərabərliyin təmin olunması, vətəndaş cəmiyyətinin yaradılması, sosial problemlərin həlli yollarının axtarışı, Avropa mədəniyyətinin qorunması və inkişaf etdirilməsi idealları istiqamətində mütərəqqi islahatların aparılması “Berlin bəyannaməsi”nin əsas müddəaları kimi formalaşdırılmışdır.
Angela Merkel Avropa İttifaqının üzvü olan ölkələri 2009-cu ildə Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərə qədər Avropa Konstitusiyasının təsdiqi haqqında müqaviləni imzalamağa çağırmış və xəbərdarlıqla bildirmişdir ki, “Buna etinasız və biganəliklə yanaşsaq, tarixi şansı və fürsəti əldən vermiş olacağıq”.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov yubiley tədbirlərində iştirak etmişdir.