Balakəndə şəhid ailələrinə bayram sovqatı çatdırılıb
Balakən, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ailələri, eləcə də döyüşlər zamanı yaralanmış müharibə qaziləri ölkənin hər yerində olduğu kimi, Balakən rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri şəhid ailələrinin üzvlərini, qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onların qayğıları ilə maraqlanır, maddi və mənəvi dəstək olurlar.
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı münasibətilə icra hakimiyyətinin rəhbər şəxsləri Balakən şəhərindən olan şəhid Tural Rəşidovun, Harun Alqayevin, Qullar kəndindən Amin Novruzovun, Kamal Məmmədovun, Gərəkli kəndindən Kənan Muradovun, Vahid Əlisoltanovun və digər şəhidlərin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, ailələrə bayram sovqatı çatdırıblar.
Görüşlərdə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından söz açılıb, şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.