BALAKƏN RABİTƏÇİLƏRİNİN UĞURU
Balakən Telekommunikasiya Qovşağından AZƏRTAC-a demişlər ki, kollektivi cari ilin birinci yarısını uğurlu göstəricilərlə başa vuraraq 519 milyon manat tarif gəliri proqnozuna qarşı 738 milyon manat gəlir əldə etmişlər. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 279 milyon manat çoxdur. Qovşaq üzrə yarımillik plana 142 faiz əməl olunmuşdur. Rabitə şəbəkəsinin genişləndirilməsi, mövcud ATS-lərin tam elektronlaşdırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində kənd telefon rabitəsində gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artmışdır.
Ötən 6 ay ərzində rayonda 217 mənzilə yeni telefon çəkilmiş, büdcə və büdcədən kənar fondlara ödənişlər vaxtında və artıqlaması ilə yerinə yetirilmişdir. Hazırda şəbəkənin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.