BAKIDA HEMOFİLİYA MƏKTƏBİ AÇILMIŞDIR
Bakı, 15 aprel (AZƏRTAC). Aprelin 15-də Dünya Hemofiliya günü münasibətilə Yasamal rayonundakı 10 nömrəli uşaq poliklinikasının nəzdində Hemofiliya məktəbi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə poliklinikanın baş həkimi Natəvan Yusifova səhiyyəyə göstərilən dövlət qayğısından danışmışdır. O demişdir ki, ölkədə səhiyyə sahəsi gündən-günə inkişaf edir. Məhz bu inkişaf nəticəsində bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda əhaliyə pulsuz səhiyyə xidməti göstərilir, bir çox xəstəliklərdən əziyyət çəkən vətəndaşlara pulsuz dərman preparatları verilir. Bütün bunlar əhalinin sağlamlığının daha da yaxşılaşmasına və baş verə biləcək xəstəliklərin qarşısının vaxtında alınmasına xidmət edir. Hemofiliya məktəbi də bu məqsədə xidmət edəcəkdir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova yeni yaradılmış Hemofiliya məktəbi haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, dünyanın inkişaf etmiş əksər ölkələrində belə məktəblər fəaliyyət göstərir. Məktəbin funksiyası hemofiliya xəstəliyinin profilaktikasını təşkil etməkdən, yəni xəstəliyin törədə biləcəyi fəsadların qarşısını almaqdan və bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirməkdən ibarətdir. Burada hemofiliyadan əziyyət çəkən uşaqların valideynlərinə, yaşlı xəstələrə, onların ailə üzvlərinə, tibb işçilərinə və bütün maraqlı şəxslərə hemofiliya barədə ətraflı məlumatlar veriləcəkdir.
Məlumat vermişdir ki, hazırda Azərbaycanda 1200-ə yaxın hemofiliyalı xəstə vardır. Ümumilikdə isə 3000 nəfərdən çox vətəndaş hemofiliya daşıyıcısıdır. Hemofiliya xəstələri arasında məktəbəqədər və məktəbyaşlı uşaqlar üstünlük təşkil edir. Azərbaycanda 217 nəfər məktəbəqədər və məktəb yaşlı hemofiliyalı uşağın kompleks reabilitasiya tədbirlərinə ehtiyacı vardır.
Qeyd edilmişdir ki, hemofiliyalı xəstələr Bakı, Mərkəzi Aran, Şirvan və Gəncəbasar zonalarında daha çoxdur.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hemotologiya kafedrasının müdiri, Respublika Hemotologiya Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Elmira Qədimova ölkəmizdə 2006-cı ildən etibarən hemofiliyalı xəstələrə dövlət qayğısının daha da artırılması məqsədi ilə xüsusi proqramın hazırlanaraq qəbul edildiyini və bu proqram çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırmışdır. Bunlar hemofiliyalı xəstələrin dəqiq qeydiyyatının aparılması, onların bahalı dərman preparatları ilə təminatı, xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün müalicəvi idman və fizioterapiya metodlarına əsasən reabilitasiyanın təşkili, evdə müalicənin aparılması, dərman preparatlarının istifadə qaydalarının izahı, xəstələr və tibb işçiləri üçün nəşrlərin çap edilməsi, seminar və treninqlərin keçirilməsi, beynəlxalq simpozium, konfrans və konqreslərdə Azərbaycan mütəxəssislərinin iştirakı, həmçinin xarici dövlətlərdən həkim-mütəxəssislərin təcrübə mübadiləsi üçün Azərbaycana dəvət edilməsidir. Bütün bu tədbirlər həyata keçirilən zaman Hemofiliya məktəbi də öz əməli fəaliyyəti ilə xəstəlikdən əziyyət çəkənlərin yanında olacaqdır.
Mərasimdən sonra tədbir iştirakçıları Fəxri xiyabana gedərək müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmişlər.