AZƏRBAYCANIN TƏCRÜBƏSİNDƏN İSTİFADƏ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 31-də ABŞ Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Bakı ofisində Səhiyyə, Gənclər və İdman nazirlikləri, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi (MAM) ilə birgə Dünya Səhiyyə Təşkilatının (DST) bəyan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr olunmuş “Siqaret çəkməyə qarşı mübarizə” mövzusunda Azərbaycan-Tacikistan telekonfransı keçirilmişdir.
MAM-in sədri İradə Yaqubovanın, DST-nin Bakı nümayəndəliyinin təmsilçisi Samir Mehdiyevin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İREX-in Tacikistandakı ofisi ilə 2 saatlıq canlı telebağlantı yaradılmışdır.
Telekonfransda siqaret çəkməyin bütün dünyada yayılmış qlobal problemlərdən biri olduğu vurğulanmış və bildirilmişdir ki, DST-nin məlumatına görə, tütündən istifadənin təsiri altında inkişaf edən, yaxud kəskinləşən 25-dən artıq xəstəlik mövcuddur.
Beynəlxalq Tütünsüz Gün münasibətilə Azərbaycanda “Sağlamlığına, gələcəyinə, firavanlığına yox demə!” devizi altında aylıq kampaniyanın keçirildiyini tacikistanlı iştirakçıların diqqətə çatdıran natiqlər bu istiqamətdə görülmüş işlərdən və gənclər arasında aparılmış sorğuların nəticələrindən danışmışlar.
Telebağlantıda iştirak edən tacik tələbələr, beynəlxalq və yerli QHT nümayəndələri Azərbaycanda keçirilmiş kampaniyanı yüksək dəyərləndirmiş və bu təcrübədən Tacikistanda da istifadə ediləcəyini vurğulamışlar.
Qeyd olunmuşdur ki, tədbirdən məqsəd müxtəlif ölkələrdə yaşayan gənclərin, xüsusilə də məktəblilərin siqaretə meyllərinin qarşısının alınması və çıxış yollarının birgə axtarılmasıdır. Həmçinin, siqaret çəkməklə mübarizə sahəsində əldə olunmuş nailiyyət və təcrübənin bölüşdürülməsi də məqsəd kimi qarşıya qoyulmuşdur.