Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli xanımlar və cənablar,

Hörmətli səfirlər, Xarici İşlər Nazirliyinin əməkdaşları!

Bu müşavirələr artıq ənənəvi xarakter daşıyır və hamımız yaxşı

bilirik ki, müşavirələrin çox gözəl nəticələri olur. Bu görüşlərin geniş formatda keçirilməsi, bir neçə gün ərzində bütün səfirlərin Bakıda olması və müvafiq strukturların nümayəndələri ilə görüşləri əminəm ki, səfirlərin fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, səfirlər xarici siyasətin Prezident tərəfindən müəyyən edilmiş istiqamətlərini bir daha eşidirlər. Təbii ki, bizim xarici siyasətimiz çox açıqdır, aydındır, çox səmimidir və bizim bütün bəyanatlarımız, atdığımız addımlar bütün ictimaiyyət üçün aydındır. Amma eyni zamanda, müəyyən mərhələlərdə daha dəqiq siyasi kursun müəyyənləşməsi əhəmiyyət kəsb edir.

Səfirlər qarşısında böyük vəzifələr dayanır. Bildiyiniz kimi, son illər ərzində bir neçə ölkədə yeni səfirliklər açılmışdır. Nazir qeyd etdi ki, son dörd il ərzində 30 ölkədə Azərbaycan səfirlikləri açılmışdır ki, bu da ölkəmizin xarici siyasətinin daha da uğurlu olmasına çox böyük dəstək verir. Biz bunu edirik və bu siyasəti davam etdirəcəyik. Çünki hələ dünyada Azərbaycan haqqında tam müəfəssəl məlumat yoxdur. Düzdür, bizim siyasi və diplomatik səylərimiz nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılıbdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan haqqında məlumat ümumiyyətlə ya az idi, ya da ki, çox mənfi xarakter daşıyırdı. Bunun həm obyektiv, həm subyektiv səbəbləri vardı. Amma o da faktdır ki, Azərbaycanın inkişafı, xarici əlaqələrinin genişlənməsi üçün bu, çox böyük maneə idi. Bu gün Azərbaycan haqqında dünyada daha dolğun, daha dəqiq məlumat vardır. Əminəm, gələcək illərdə biz nail olacağıq ki, Azərbaycan həqiqətləri dünya birliyinin nəzərinə tam şəkildə çatdırılsın. Əlbəttə ki, səfirlərin bu işdə çox böyük rolu vardır.

Bildiyiniz kimi, mən Prezident kimi xarici siyasətə çox böyük diqqət göstərirəm və son illər ərzində həm işgüzar, həm rəsmi səfərlərlə müxtəlif ölkələrdə olmuşam. Bütün bu səfərlər həm ikitərəfli münasibətlərin inkişafı üçün lazımdır, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində çox mühüm əhəmiyyət daşıyır. Çünki demək olar ki, əksər, tam mütləq əksəriyyət hallarda ikitərəfli səfərlər zamanı imzalanan siyasi bəyannamə Azərbaycanın ərazi bütövlüyü prinsipini bir daha təsdiqləyir. Eyni zamanda, Prezidentin fəaliyyəti ilə bərabər, səfirlərin mütəmadi fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Baxmayaraq ki, bu, böyük maliyyə ehtiyatları tələb edir, məhz bu məqsədlə bu gün bizim 47 ölkədə səfirliyimiz fəaliyyət göstərir.

Səfirlər Azərbaycanla çalışdıqları ölkələrin arasında əməkdaşlığın daha da dərinləşməsi üçün ciddi fəaliyyət göstərməlidirlər. Biz bu fəaliyyəti görürük, bunu bəyənirik. Amma hesab edirəm ki, bu, bizi tam şəkildə qane edə bilməz. Çünki bəzi hallarda, hətta yüksək dövlət məmurları xaricdən Azərbaycana gələrkən və Azərbaycan reallıqları ilə tanış olarkən bildirirlər ki, onlar gözləmirmişlər ki, Azərbaycan belə inkişaf etmiş ölkədir, Azərbaycan belə müasir ölkədir, Azərbaycanda ictimai-siyasi vəziyyət çox yüksək səviyyədədir, Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Yəni, əgər, hətta yüksək vəzifəli dövlət məmurları bəzi hallarda Azərbaycana gələrkən bu ifadələri işlədirlərsə, deməyə əsas var ki, bu istiqamətdə fəaliyyət daha da mütəşəkkil olmalıdır və məqsədyönlü olmalıdır.

Səfirlər bütün dövlət, hökumət qurumları ilə sıx əlaqə saxlamalıdırlar, Azərbaycan həqiqətlərini onlara çatdırmalıdırlar, ictimai qurumlarla fəaliyyəti gücləndirməlidirlər, xaricdə yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə saxlamalıdırlar. Mən hesab edirəm ki, bu istiqamətdə son illər ərzində çox böyük işlər görülübdür. Demək olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturlarımız formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük fayda gətirir, həm də ki, Azərbaycanın siyasətinə böyük dəstəkdir.

Mətbuat orqanları ilə iş haqqında. Mən keçən müşavirədə də bunu demişdim və hesab edirəm ki, bunu bir daha deməyə əsas var. Çünki son iki il ərzində dünya mətbuatında Azərbaycan haqqında daha tarazlı, yaxud da ki, qərəzsiz məlumatlar dərc edilməsinə baxmayaraq, hələ ki, biz qərəzli məqalələri də görürük. Erməni lobbisi tərəfindən Azərbaycana qarşı aparılan siyasət davam etdirilir və bu fəaliyyət heç vaxt dayanmayacaqdır. Biz buna hazır olmalıyıq, hazırıq və mən bir daha demək istəyirəm ki, biz bütün istiqamətlərdə hücum taktikasını rəhbər tutmalıyıq və bu taktika bütün istiqamətlərdə öz bəhrəsini verməkdədir.

Səfirlər, eyni zamanda, Azərbaycanın siyasi və iqtisadi maraqlarını çalışdıqları ölkələrdə dəstəkləməlidirlər. Bu gün Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir, ölkəmizin imkanları artır, Azərbaycan şirkətləri böyük maliyyə imkanlarına malik olurlar və müxtəlif ölkələrə investisiya qoyurlar. Bu investisiya imkanlarını araşdırmaq, Azərbaycan şirkətləri üçün daha da yaxşı şərait yaratmaq və müxtəlif istiqamətlərə yönəltmək vəzifələri də çox mühüm əhəmiyyət daşıyır.

Bəlkə iki il bundan əvvəl biz bu barədə heç danışmırdıq. Amma bu gün bu reallıqdır və gələcəkdə belə imkanlar daha da artacaq. Əlbəttə ki, biz investisiyaları, ilk növbədə, bizim üçün daha yaxın ölkələrə yönəltməliyik. Baxmayaraq, bu gün Azərbaycan investisiyaları xaricdə gözlənilir və mənim müxtəlif həmkarlarım ilə çoxsaylı görüşlərimdə bu mövzu qaldırılır. Onu da deyə bilərəm ki, təkcə son bir il ərzində Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə və Gürcüstan iqtisadiyyatına 2,5 milyard dollar sərmayə qoyubdur və bu proses davam edir. Biz sərmayələr üçün nəinki enerji sahəsində, digər sahələrdə yeni yerlər axtarırıq. Bunu etmək üçün bizim imkanlarımız var. Bu, Azərbaycanın iqtisadi maraqlarını daha da gücləndirəcək, iqtisadiyyatı şaxələndirəcəkdir. Beləliklə, nəticədə Azərbaycan daha da uğurlu xarici siyasət aparacaqdır.

Əlbəttə ki, səfirlərin əsas vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri beynəlxalq aləmə çatdırmaqdır. Mən hesab edirəm ki, biz bu istiqamətdə artıq böyük uğurlar əldə edə bilmişik. Bu gün Azərbaycanın haqq işi dəstəklənir, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlarda və bayaq qeyd etdim ki, ikitərəfli müstəvidə dəstəklənir. Bütün dünya artıq bilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüquq normalarına əsaslanır, həm tarixə əsaslanır. Həm də, o da sirr deyil ki, Azərbaycanın artan imkanları, Azərbaycanın önəmli ölkəyə çevrilməsi əlbəttə, bizim mövqeyimizi daha da gücləndirir. Beynəlxalq hüquq bəzi hallarda əfsuslar olsun ki, işləmir. Beynəlxalq hüquq normaları pozulur və dünya ictimaiyyəti buna biganə qalır. Hətta Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi, əgər belə demək olarsa, havada qalıbdır. Belə olan halda, biz əlbəttə ki, öz diplomatik səylərimizi daha da gücləndirməliyik və eyni zamanda, biz ölkəmizi gücləndirməliyik.

Bu gün Azərbaycan regional çərçivələrdə çox önəmli rola malikdir. Getdikcə bu rol daha da böyüyəcəkdir. Biz artıq regional çərçivələrdən çıxıb daha böyük əməkdaşlıq məkanında öz rolumuzu gücləndiririk. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər, konkret layihələr, əməkdaşlığa yönəldilmiş enerji siyasətimiz əlbəttə ki, ölkəmizin imkanlarını gücləndirir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha da əlverişli vəziyyət yaradır. Bu gün həm siyasi, həm iqtisadi baxımdan, həm beynəlxalq hüquq normaları baxımından və nəhayət, hərbi potensial baxımından Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Uğurlu xarici siyasətimiz, beynəlxalq təşkilatlarda təşəbbüslərimizə dəstəyin verilməsi, xüsusilə BMT Baş Məclisində qətnaməmizin dəstəklənməsi bizim böyük siyasi və diplomatik qələbəmizdir. Biz bu səyləri artırmalıyıq. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli formatda bu mövzu birinci yer tutmalıdır.

Bu belədir. Mən istəyirəm ki, bu daim belə olsun. Mən istəyirəm ki, Ermənistanın işğalçı siyasəti nəinki dövlətlərin rəsmi orqanlarında, ictimai rəydə, mətbuatda tam şəkildə ifşa olunsun. Bu da çox önəmlidir. Çünki ictimai rəy dünyada və o cümlədən Azərbaycanda çox böyük rol oynayır. Münaqişə haqqında dəqiq məlumat, Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması - bütün bu mövzular daim danışıqlar və fəaliyyət mövzusu olmalıdır. Bu məsələdə biz bir dəfə keçirilmiş hansısa tədbirlə, yaxud da ki, bir dəfə edilmiş hansısa bəyanatla kifayətlənməməliyik. Bu, gündəlik fəaliyyətdə olmalıdır. Necə ki, mən bu mövzunu gündəlik fəaliyyətimdə, bütün görüşlərdə, bütün beynəlxalq tədbirlərdə, bütün bəyanatlarımda diqqətdə saxlayıram. Bəlkə də bəzi hallarda iqtisadi forumlarda, ya digər mövzu ətrafında keçirilmiş forumlarda birbaşa bu mövzuya toxunulmur. Amma mən daim bu məsələni həm diqqət mərkəzində saxlayıram, həm də ki, Azərbaycanın haqq işini bütün beynəlxalq aləmə çatdırmağa çalışıram. Mən deyə bilərəm ki, beynəlxalq təşkilatlar öz yerində, biz beynəlxalq ictimai rəydə də müsbətə doğru dəyişiklikləri görürük. Baxmayaraq ki, çox güclü erməni lobbisi daim bizə qarşı çalışır, Azərbaycanı ləkələmək istəyir. Bəzi hallarda xarici mətbuatda Azərbaycan haqqında əsassız ittihamlarla dolu məqalələrin arxasında məhz erməni təşkilatlarının fəaliyyəti dayanır. Biz bunu bilirik və onu da bilirik ki, bizə qarşı bu mübarizə heç vaxt dayanmayacaqdır. Heç vaxt. Biz də öz mübarizəmizi dayanmadan aparmalıyıq. Hücum etməliyik. Nəzərə almalıyıq ki, bunu etməyə, həqiqəti deməyə bizim tam əsasımız var. O ki qaldı, münaqişənin həlli yollarına, bu barədə də əlbəttə, siz mənim mövqeyimi bilirsiniz, Azərbaycan dövlətinin mövqeyini bilirsiniz.

Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bunun əsasında həll olunmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Danışıqlar masasında mövcud olan sənəddə də, onu da mən sizə deyə bilərəm və bunu ictimaiyyət bilir, Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur. Ermənistan rəsmi nümayəndələri nə qədər deməyə çalışsalar ki, danışıqların mahiyyətində xalqların müqəddəratının təyin olunması prinsipi dayanır, bu, yalandır. Bu prinsipin icra olunma mexanizmləri yoxdur. Danışıqların mahiyyəti Azərbaycanın bütün işğal olunmuş torpaqlarının qaytarılmasıdır, qaçqın, köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır, təhlükəsizlik tədbirlərinin təmin olunmasıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. O ki qaldı, xalqların müqəddəratının təyin olunmasına, erməni xalqı öz taleyini bir dəfə həll edibdir. Onların bir erməni dövləti var. Baxmayaraq ki, bu dövlət əzəli Azərbaycan torpağında yaradılıbdır. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt Azərbaycan dövləti və xalqı icazə verməz. Bildiyiniz kimi, biz maksimum konstruktivlik göstərərək danışıqlarda hələ ki, iştirak edirik. Baxmayaraq ki, artıq atəşkəs rejimindən 14 il vaxt keçir və heç bir nəticə yoxdur. İrəliləyişin olması müsbət əlamətdir. Amma nəticə olmayan halda bu irəliləyişin heç bir əhəmiyyəti yoxdur. Biz danşıqlarda hələ ki, iştirak etmək fikrindəyik. Ermənistanın yeni rəhbərliyinin mövqeyi bizim üçün hələ ki, tam aydın deyil. Bəzi məqamlarda ümidverici fikirlər səslənir, bəzi hallarda yenə də köhnə mövzular ortaya atılır. Nəzərə alsaq ki, Ermənistanda indi ictimai-siyasi vəziyyət sabit deyil, bəlkə, bu da təbiidir. Yəqin ki, yeni rəhbərliyə müəyyən bir vaxt lazımdır ki, cəmiyyətdə sabitlik yaransın və ondan sonra daha da cəsarətli addımlar atılsın.

Ermənistan tərəfindən əgər cəsarətli addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan isə güzəşt tələb etmək əsassızdır. Biz bütün mümkün güzəştləri etmişik, Dağlıq Qarabağa gələcəkdə ən yüksək muxtariyyət statusunu verməyə hazırıq. Bundan böyük güzəşt ola bilməz. Buna bənzər başqa münaqişələrdə bu barədə söhbət getmir. Erməni əhalisinin tam əksəriyyəti Dağlıq Qarabağa digər bölgələrdən köçürülübdür və qonaq kimi gəlmişdilər. Buna baxmayaraq, biz onlara muxtariyyət verməyə hazırıq. Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyətmi verilir? Orada bir nəfər də azərbaycanlı qalmamışdır. Hamısını sürgün etdilər və etnik təmizləmə siyasəti apardılar. Nəinki Ermənistanda, eyni zamanda, Dağlıq Qarabağda və ətraf bölgələrdə. Baxmayaraq ki, Qərbi Azərbaycan - indiki Ermənistan ərazisi Azərbaycan torpağıdır və tarixən də belə olubdur. Ona görə bizdən əlavə güzəşt tələb etmək, sadəcə olaraq danışıqlara zərbə vurmaqdır. Bizim mövqeyimiz açıqdır, bəllidir. Bu, dəfələrlə bəyan edilibdir və biz bu mövqedən geriyə bir addım atmayacağıq. Gözləyirik ki, qarşı tərəf - işğalçılıq siyasəti, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan tərəf nəhayət ki, beynəlxalq hüquq normalarına riayət edəcək və torpaqlarımızdan öz xoşu ilə çıxacaqdır. Əks-təqdirdə istənilən vasitəyə əl atmaq olar. Azərbaycanın tam haqqı var, bütün hüquqi əsaslar var və qarşı tərəf də bunu bilir və bilməlidir.

Mən bu gün bölgədə bizimlə rəqabət aparmaq iqtidarında olan ikinci dövlət görmürəm, nəinki o da ola problemlər içində çabalayan Ermənistan. Bizim həm iqtisadi potensialımız onlardan qat-qat üstündür, həm də hərbi gücümüz. Bölgədə siyasi proseslər bizim xeyrimizə gedir və biz bu siyasəti davam etdirəcəyik. Ancaq bununla bərabər, bir də demək istəyirəm ki, bizim haqq işimizi, ədalətli mövqeyimizi daha da gücləndirmək üçün bütün ölkələrdə, səfirliyimiz olan ölkələrdə mütəmadi qaydada bu məsələ qaldırılmalıdır. Müxtəlif forumlar keçirilməlidir.

Bir müddət bundan əvvəl mən göstəriş vermişdim ki, müxtəlif ölkələrdə sərgilər keçirilsin, Xocalı soyqırımı haqqında məlumat daha da dolğun verilsin. Müxtəlif konfranslar keçirilməlidir. İndi Azərbaycanın iqtisadi imkanları var. Xarici İşlər Nazirliyinin büdcəsi də ildən-ilə artır və nə qədər lazımdırsa biz bunu artıracağıq ki, Azərbaycanın haqq işi dünya birliyinə çatdırılsın, dünya ictimai rəyində tam şəkildə ədalətli yanaşma üstünlük əldə etsin. Bu bizə lazımdır, həm danışıqların davam etdirilməsi üçün, həm də ki, əgər danışıqlar dayansa, başqa tədbirlərin görülməsi üçün. Bunlar səfirlər və səfirliklər qarşısında duran əsas vəzifələrdir.

Bildiyiniz kimi, bizim xarici siyasətimiz çox açıqdır, çevikdir. Biz ikitərəfli formatda çox uğurlu xarici siyasət aparırıq. Mənim son beş ilə yaxın müddətdə çoxsaylı xarici rəsmi və qeyri-rəsmi, işgüzar səfərlərim olubdur. Xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri olubdur və bu davam edir. Azərbaycan son illər ərzində nəinki bölgə üçün, dünya üçün çox əhəmiyyətli ölkəyə çevrilibdir və biz ikitərəfli münasibətlərimizi bundan sonra da gücləndirəcəyik. Bir daha demək istəyirəm ki, bizim siyasətimiz səmimidir. Bizim bəyanatlarımız və bizim əməllərimizlə bunlar arasında heç bir fərq yoxdur və auditoriyadan, yaxud da ki, səfər etdiyim ölkədən asılı olmayaraq bütün məsələlərlə - istər daxili məsələ, istər xarici, istər münaqişələr, istər dünyada narahatlıq doğuran məsələlərlə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-biri ilə o qədər də yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır.

Mən bunu əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan qarşıdurma məkanına çevrilməyəcəkdir, rəqabət məkanına çevrilməyəcəkdir. Azərbaycan əməkdaşlıq üçün gözəl bir ölkədir. Azərbaycan dünyada əməkdaşlıq üçün, işbirliyi üçün, iqtisadi layihələr üçün, sosial məsələlərin həlli üçün və dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır. Bizim təcrübəmiz, bizim siyasətimiz göstərir ki, əgər ölkə müstəqil siyasət aparırsa, öz milli maraqlarını müdafiə edirsə və bəzi hallarda bu, hansısa başqa ölkələrin maraqları ilə üst-üstə düşməyə də bilər, bu da təbiidir, bu mövqe hörmətə malik olacaqdır. Mən deyə bilmərəm ki, hamı bizim siyasətimizi bəyənir və qarşımıza belə məqsəd də qoymamışıq. Amma hamı bizə hörmət edir. Bilirlər ki, əgər Azərbaycan hansısa təşəbbüsü irəli sürübsə, hansısa bəyanatı veribsə, bunun arxasında dayanacaqdır. Bizim siyasətimizdə konyunktura meyilli heç bir məqam yoxdur. Yaxud da ki, qeyri-səmimi, ləyaqətsiz addımlar yoxdur. Biz öz milli maraqlarımızı müdafiə edirik. Belə də olmalıdır və biz bütün ölkələrlə münasibətləri, bir də demək istəyirəm ki, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurmuşuq. Mən sizə deyə bilərəm ki, bu siyasət dünyada böyük rəğbətlə qarşılanır. Hətta bəzi hallarda, qeyri-rəsmi söhbətlərdə sual verilir, necə olub ki, Azərbaycan öz maraqlarına güzəşt etmədən bütün ölkələrlə - böyük və o qədər də böyük olmayan ölkələrlə normal münasibətlər yarada bilibdir.

Bunun müxtəlif səbəbləri var. Ancaq ən əsas səbəb, bir də demək istəyirəm ki, budur ki, bizim siyasətimiz birmənalıdır və açıqdır. Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır.

Səfirlər də öz növbəsində bu münasibətləri daha da zənginləşdirməlidirlər. Onlar müxəlif ölkələrdə yaşayırlar, ölkələrin problemlərini də, imkanlarını da yaxşı bilirlər və elə etməlidirlər ki, bütün ölkələrlə bizim münasibətlərimiz daha konkret xarakter daşısın. Siyasi sahədə bizim heç bir problemimiz yoxdur. Biz elə etməliyik ki, iqtisadi, sosial, mədəni sahələrdə də münasibətlər güclənsin.

Beynəlxalq təşkilatlarla bağlı olan məsələlər haqqında nazir öz çıxışında söylədi. Mən bir də demək istəyirəm ki, bizim son illər ərzində beynəlxalq təşkilatlarda uğurlu siyasətimiz konkret, praktik nəticələrə gətirib çıxarıbdır. Onları sadalamaq üçün çox vaxt lazımdır, yəqin ki, bu müşavirədə, növbəti günlərdə bu, müzakirə olunacaq. Mən bunların içində mart ayında BMT-nin Baş Məclisində işğal olunmuş torpaqlarda vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını qeyd etmək istəyirəm. Bu, doğrudan da bizim böyük siyasi və diplomatik qələbəmizdir. Biz bir neçə il idi ki, bu qələbəyə doğru irəliləyirdik. Bu qətnamənin qəbul olunması üçün çox böyük işlər görülübdür. İctimaiyyət təbii ki, bunun son nəticəsini görür. Görür ki, artıq səsvermədə Azərbaycan böyük üstünlüklə qələbə qazanıb. Amma bunu təmin etmək üçün nə qədər böyük səylər göstərilibdir. Əlbəttə ki, bunu hamı bilə bilməz. Bu qətnamə artıq digər beynəlxalq təşkilatlara da öz təsirini göstərir. Bu yaxınlarda Avropa Şurası tərəfindən qəbul edilmiş sənəddə artıq BMT Baş Məclisindəki sənədə istinad edilir və bunun əhəmiyyəti haqqında sizə əvvəlcədən deməyə ehtiyac yoxdur. Siz bunu yaxşı anlayırsınız. Bu onu göstərir ki, məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəyə, uğura gətirib çıxarır. Digər beynəlxalq təşkilatlarla da münasibətlərimiz bizi qane edir. Biz bəzi beynəlxalq təşkilatlar qarşısında ora üzv olarkən üzərimizə öhdəliklər götürmüşük. Məsələn, Avropa Şurasına üzv olarkən götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Biz o təşkilata könüllü daxil olmuşuq. Heç kim bizi ora dartmayıb, heç kimi bizi məcbur etməyib ki, biz ora üzv olaq. Üzv olduq və biz istəyirik ki, Avropanın ən inkişaf etmiş ölkələrində mövcud olan müsbət təcrübə Azərbaycanda da tətbiq edilsin.

Avropa Şurası bildiyiniz kimi, daha çox demokratiya, insan haqları məsələləri ilə məşğuldur və son 7 il ərzində bu istiqamətdə Azərbaycan çox böyük bir yol keçibdir. Azərbaycanda demokratikləşmə prosesləri, insan haqlarının qorunması işində atdığımız addımlar ölkəmizi daha da zənginləşdirir və gücləndirir. Bəzi hallarda, siz də bunu yaxşı bilirsiniz ki, bizə qarşı ikili standartlar siyasəti aparılır və bunun səbələri də aydındır. Nə üçün bu belədir, bunun tarixi səbəbləri nədən ibarətdir? Əlbəttə tarixi səbəbləri var. Eyni zamanda, Azərbaycanın müstəqil siyasəti deyə bilmərəm ki, hamının xoşuna gəlir və biz buna hazır olmalıyıq. Avropa Şurası Parlament Assambleyasında son sessiyalarda Azərbaycanla bağlı məsələ müzakirə olunarkən Avropa deputatları demişdilər ki, Azərbaycan cəmi 7 ildir ki, təşkilatın üzvüdür, nə üçün 8-ci dəfə Azərbaycan məsələsi müzakirə olunur? Nə üçün Azərbaycanla bərabər, yaxud da ki, hətta ondan daha əvvəl təşkilata üzv olmuş MDB ölkələri belə böyük diqqətə malik deyillər? Nə üçün? Yəni bu suallardı, biz də bu sualları qarşı, yəni bizim tərəfdaşlara açıq şəkildə qoyuruq və predmetli danışıqlar nəticəsində görürük ki, bizim əsaslı iradlarımıza, əsaslı narahatlığımıza tutarlı cavab ala bilmirik. Bəzi hallarda bizim həmkarlarımız razılaşmağa məcbur olurlar ki, bəli, dünyada ikili standartlar var və biz bunu bilirik. Azərbaycan cəmiyyəti də bunu bilir. Bizə qarşı bəzi hallarda əsassız hücumlar, tənqidlər bütün Azərbaycan xalqını da, bizi də üzür. Çünki bu hücumlar əsassızdır.

Təbii ki, Azərbaycan cəmiyyətində hər şey kamil deyil. Hansı cəmiyyətdə hər şey mükəmməldir? Ən inkişaf etmiş ölkələrdə, özünü demokratiya simvolu adlandıran ölkələrdə məgər hər şey demokratik əsaslarla həll olunur? Əlbəttə ki, yox! Bu gün qloballaşma dövründə, internet dövründə heç bir şeyi gizlətmək mümkün deyil və insanlar hər şeyi görürlər. Biz sadəcə olaraq, bunu nəzərə almalıyıq. Amma biz öz siyasətimizdən, milli maraqlarımızın müdafiəsi prinsiplərindən bir addım geri çəkilməyəcəyik. Qoy, bizi nə qədər istəyirlər tənqid etsinlər, qoy, nə qədər istəyirlər Azərbaycanı ləkələməyə çalışsınlar. Onsuz da Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ölkədə gedən bütün müsbət dəyişiklikləri görür və bunu dünya birliyi də görür. Sadəcə istərdik ki, bəzi təşkilatlarda bu riyakar siyasət artıq keçmişdə qalsın. Bunun əhəmiyyəti yoxdur. Bizə qarşı bir təzyiq mexanizmi kimi bu, işləmir. Bunu hamı da görür. Bizə təzyiq etmək mümkün deyil. O təzyiq cəhdləri sadəcə olaraq, münasibətlərin gərginləşməsinə gətirib çıxarır və əgər bir neçə il bundan əvvəl biz, sadəcə olaraq, buna reaksiya vermirdik, yaxud da ki, susurduq, bu gün biz susmuruq. Bu gün biz sözümüzü deyirik və əgər, kimsə Azərbaycanın gözəl imicini ləkələmək istəyirsə, biz o tərəfə qarşı mübarizə aparacağıq. Bizim gücümüz də var, imkanlarımız da!

Sözün qısası, onu demək istəyirəm ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, Azərbaycanla yaxşı münasibətləri qurmaq lazımdır. Necə ki, biz bütün ölkələrlə və beynəlxalq təşkilatlarla yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Hesab edirik ki, bizə də adekvat münasibət olacaq. O halda ki, münasibət adekvat olmayacaq, onda bizdən də heç kim inciməsin. Bizim münasibətimiz də eyni olacaqdır.

Siz səfirlərsiniz və siz 47 ölkədə öz fəaliyyətinizi göstərirsiniz. Təbii ki, siz işlədiyiniz ölkələrdə Azərbaycanla o ölkələr arasında münasibətlərin inkişafı üçün çalışırsınız. Siz çalışdığınız ölkələrin daxili işinə qarışmırsınız. Təbii ki, qarışmırsınız, çünki Azərbaycanın siyasəti buna imkan verməz. Siz səfirliyə, onun statusuna xas olmayan təşəbbüslər irəli sürmürsünüz, təbii. Əlbəttə ki, biz bütün ölkələrdən eyni münasibəti gözləyirik, eyni yanaşmanı gözləyirik. Biz bir daha demək istəyirəm ki, bütün ölkələrlə çox yaxşı münasibətlərin davam etdirilməsində maraqlıyıq, bunu istəyirik. Ancaq bu, qarşılıqlı olmalıdır və Azərbaycana qarşı əsassız, bəzi hallarda təzyiq xarakterli addımları biz nə qəbul edə bilərik, nə də ki, buna göz yuma bilərik.

Digər beynəlxalq təşkilatlarla da münasibətlər davam edir. Biz Avropa İttifaqı ilə indi həm qonşuluq siyasətindəyik, qonşuluq proqramındayıq, həm də enerji dialoqundayıq. Bu qonşuluq proqramı artıq iki ilə yaxındır ki, icra olunur. Ümid edirik ki, növbəti illərdə biz bu proqramın daha da konkret nəticələrini görəcəyik. Bir başlanğıc kimi, proqram əlbəttə ki, müsbət hadisədir və o proqrama da biz könüllü qoşulduq, yəni bu, məcburi xarakter daşımırdı. Ona görə qoşulduq ki, biz istəyirik Azərbaycanda bütün meyarlar Avropanın inkişaf etmiş ölkələrinin müsbət meyarlarına uyğun olsun - istər iqtisadi azadlıqlarda, siyasi azadlıqlarda, istərsə də demokratik proseslərdə, sosial məsələlərin həllində. Sirr deyil ki, Avropa İttifaqının inkişaf etmiş ölkələrində bu məsələlər yüksək səviyyədə həll olunub. Biz də bunu istəyirik. Biz istəyirik ki, Azərbaycan müasir dövlətə çevrilsin, bütün lazımi təchizatlar yaransın və insanlar daha da yaxşı yaşasınlar. Və hesab edirik ki, növbəti illərdə qonşuluq siyasətində biz daha da konkret nəticələri görəcəyik.

O ki qaldı, enerji təhlükəsizliyi məsələlərinə, mən hələ buna toxunacağam. Bu istiqamətdə Azərbaycan əməkdaşlığa həmişə hazır olub və burada başlanmış və bizim təşəbbüsümüzlə icra olunan layihələr artıq nəinki bizim maraqlarımızı təmin edir və bizə dost olan ölkələrin maraqlarına xidmət edir.

İslam Konfransı Təşkilatı ilə bizim münasibətlərimiz güclənir. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif tədbirlər keçirilir. İslam aləmi ilə bizim münasibətlərimiz çox sürətlə inkişaf edir və bu, məni çox sevindirir. Biz elə etməliyik ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyək, islam həmrəyliyini gücləndirək və bizim üçün dost olan ölkələrlə münasibətlərimizi bütün istiqamətlərdə davam etdirək. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox vacib rol oynayır və bu rolu oynamağa davam edəcəkdir. MDB, GUAM, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İƏT - bütün bu təşkilatlarla da bildiyiniz kimi, biz əməkdaşlıq edirik və onların tədbirlərində fəal iştirak edirik.

İndiki zəmanədə bildiyiniz kimi, enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Bu, beynəlxalq təşkilatların gündəliyindədir və bütövlükdə dünyada müzakirə olunan mövzulardan biridir, bəlkə də ən önəmli mövzudur. Çünki bu gün enerji təhlükəsizliyi ölkələrin əslində milli təhlükəsizliyi deməkdir. Azərbaycan bu istiqamətdə uzun illərdir ki, öz töhfəsini verir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın neft strategiyası nəinki ölkəmizi tamamilə yeniləşdiribdir, eyni zamanda, bölgədə bizim imkanlarımızı gücləndiribdir və bizim müttəfiqlərimizin sayının artırılmasında önəmli rol oynayıbdır. Enerji təhlükəsizliyi, enerji diplomatiyası, bütün bunlar yəqin ki, növbəti illərdə də dünya gündəliyində duran vacib məsələlərdən biri olacaqdır. Bizim enerji potensialımız dünya birliyinə bəllidir. Biz artıq çox böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilirik. Bu il Azərbaycanda neft hasilatı 50 milyon tondan çox olacaqdır. Qaz hasilatı haradasa, 20 milyard kubmetrə yaxın olacaqdır. Bizim zəngin neft-qaz yataqlarımız 100 ildən sonra da Azərbaycanın maraqlarını təmin edəcək və bizim ixrac potensialımızın davam etdirilməsinə imkan yaradacaqdır. Bizim neft kəmərlərimiz 3 istiqamətə Azərbaycan neftini daşıyır. Biz indi yeni layihələr üzərində işləyirik.

Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk - bütün bu kəmərlər işlək vəziyyətdədir. Təmirdə olan Bakı-Supsa neft kəməri yəqin ki, bir-iki aydan sonra yenə fəaliyyətə başlayacaqdır. Biz Odessa-Brodı layihəsi üzərində işləyirik. “Şahdəniz” qaz layihəsi uğurla davam edir. Bizi qonşu ölkələrlə bağlayan dörd qaz kəməri var. Bəlkə dünya ictimaiyyəti bu barədə o qədər də böyük bilgilərə malik deyildir. Hesab edilirdi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən başqa kəmərlər yoxdur. Bu belə deyildir. Əlbəttə ki, Bakı-Tbilisi-Ərzurum bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycan qazı artıq bu gün Avropa Birliyi məkanına daxil edilibdir. Bu tarixi bir hadisədir. Amma bununla bərabər, bizi Gürcüstanla birləşdirən digər qaz kəmərimiz var. Biz indi onu bərpa etmişik, bütün təmir işləri aparılır və eyni zamanda o kəmər vasitəsilə Gürcüstana qaz ötürülür. Bizi Rusiya ilə bağlayan qaz kəmərimiz var. O da hər iki istiqamətə işləyə bilər və bu barədə də söhbətlər aparılır. Ölkəmizi İranla bağlayan qaz kəmərimiz var. O qaz kəməri vasitəsilə bu gün İranla mübadilə əməliyyatı aparılır. İran Naxçıvana, biz isə Astaradan İran ərazisinə qaz ötürürük. Yəni bu dörd kəmərin hamısı işlək vəziyyətdədir və bu dörd kəmər imkan verir ki, biz öz qazımızı istənilən istiqamətə, istənilən həcmdə nəql edək. Enerji ehtiyatlarının şaxələndirilməsi məsələləri budur. Bu gün istehlakçılar şaxələndirmə haqqında düşünürlər və hesab edirlər ki, hələ bu istiqamətdə işləmək lazımdır. Amma bu, istehsalçılar üçün də az əhəmiyyət daşımır. Əgər bizim 7 neft-qaz kəmərimiz olmasaydı, vəziyyətimiz indiki kimi ola bilməzdi. Danışıqlarda bizim mövqeyimiz möhkəm ola bilməzdi. Bütün kəmərləri işlək vəziyyətdə saxlamağımız bizim milli maraqlarımıza uyğun gəlir. Əlbəttə hər bir başqa ölkə kimi Azərbaycan özü üçün ən məqbul, ən əlverişli variantları seçib və seçəcəkdir. Bu, bir variant da və çox variant da ola bilər.

Yəni bu gün bizim qarşımızda duran bütün enerji məsələlərini uğurla icra etdik. Demək olar ki, Heydər Əliyev neft strategiyası zəfər çalıbdır. Azərbaycanın bugünkü imkanları bu strategiyanın təntənəsidir. Əlbəttə ki, bundan sonra daha da rahat formada, tələsmədən və maksimum mənfəət əldə etmək şərti ilə - mənfəət dedikdə, burada təkcə iqtisadi mənfəətdən söhbət getmir - biz bu işləri davam etdirəcəyik. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Dünyada və bölgədə bizim qazımıza tələbat artır və biz müxtəlif ölkələrlə bu münasibətləri sadəcə olaraq qarşılıqlı maraqlar əsasında həll etməliyik. Bizim qaz ehtiyatlarımız minimum 2 trilyon kubmetrdir ki, bu da bizə 100 ildən çox müddətdə kifayət edəcəkdir. Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir. Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Heç bir kreditdən asılı deyilik, əksinə biz kreditlər veririk.

 
İqtisadi müstəqillik imkan verir ki, biz müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox! Əlbəttə, bizi hansısa təşəbbüslərə, hansısa istiqamətə yönəltmək, sövq etmək istəyən tərəflər daha da fəal olacaqlar. Ancaq Azərbaycana heç bir iqtisadi yardım lazım deyil. Məsələn, biz Avropa İttifaqı ilə əməkdaşlıq edirik və inteqrasiya siyasətimizi davam etdiririk. Ona görə yox ki, biz Avropa İttifaqından nəsə umuruq, nəsə gözləyirik. Yox, bizə heç nə lazım deyil. Bilirsiniz ki, Avropa İttifaqının yeni üzvləri təşkilatdan böyük məbləğdə - milyardlarla dollar vəsaitlər alırlar. Bizim buna ehtiyacımız yoxdur. Ona görə bu, imkan verir ki, biz müstəqil siyasi xətt aparaq və aparırıq - istər daxili, istər xarici siyasətdə, istər enerji diplomatiyasında - bütün istiqamətlərdə. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizim xarici siyasətimiz tam şəkildə müstəqildir. Mən bunu dəfələrlə demişən, bir daha demək istəyirəm, müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilsin.

Biz müstəqillik arzusu ilə yaşamışdıq. Nəsillər müstəqillik arzusu ilə yaşamışdılar. 1918-ci ildə qısa müddət ərzində müstəqillik əldə edildi və deyə bilmərəm ki, o vaxt Azərbaycan tam şəkildə müstəqil siyasət apara bilərdi. O vaxt mövcud vəziyyət hamımıza tarixdən yaxşı bəllidir. Demək olar ki, Azərbaycanın müstəqil siyasət aparmaq imkanları çox məhdud idi. 1918-ci ildə Azərbaycan öz dövlətini elan edəndə qərarlar başqa ölkələr tərəfindən qəbul edilirdi və verilirdi. Bizim o vaxtkı bədbəxtliyimiz də məhz onda idi ki, o vaxt bu qərarları verən tərəflər sonra o qərarlarından geri çəkilirdi və nəticədə Azərbaycan öz müstəqilliyini itirmişdi. Ondan sonra biz başqa ölkənin tərkibində yaşadıq. Biz bu gün müstəqilik. Bu, bizim ən böyük sərvətimizdir. Müstəqil olmaq öz xalqının maraqlarına qulluq etməkdir, öz müstəqil siyasətini aparmaqdır. Biz bunu edirik və bunu edəcəyik.

Mən görürəm, baxmayaraq ki, bizim belə açıq siyasətimiz, prinsipial mövqeyimiz bəzi hallarda kimisə qıcıqlandırır. Ancaq nəticə etibarilə güclü Azərbaycan və müstəqil Azərbaycan bizim dostlarımız üçün də çox böyük imkanlar açır. Çünki hamı bilir, artıq dəqiq bilir ki, bizim mövqeyimizdə konyunktura naminə heç bir dəyişiklik olmayacaqdır. Bizim mövqeyimizdə dəyişiklik ancaq o halda ola bilər ki, bu, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün zəruridir. Hansısa xarici amillər bizim siyasətimizə təsir edə bilməz. Bunu artıq hamı gözəl anlayır. Bir daha demək istəyirəm ki, söylədiyim bütün məsələlər nəinki xarici siyasət prioritetləridir, onlar eyni zamanda daxildə gedən proseslərə də böyük təsir göstərir. Xarici siyasət daxili siyasətin davamıdır. Biz daxildə bütün imkanlarımızı səfərbər edə bilmişik. Biz dördüncü ildir ki, iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik. İkinci belə ölkə yoxdur ki, üç il ərzində iqtisadiyyatı 96 faiz artsın. Əgər varsa, qoy desinlər. Əgər, ikinci belə ölkə varsa ki, üç il ərzində yoxsulluq 49 faizdən 16 faizə düşübdür, qoy desinlər.

650 min iş yeri açılıbdır. Bütün ölkədə quruculuq-abadlıq işləri gedir. Bütün cəmiyyət ruh yüksəkliyi ilə yaşayır. Budur Azərbaycanın reallıqları.

Ona görə də biz eşidəndə ki, “Azərbaycanda o düzgün deyil”, “bu iş yaxşı aparılmır”, “orada qüsur var” deyirlər, bunu deyən getsin bir güzgüyə baxsın, öz ölkəsinə nəzər salsın. Yəni bir daha demək istəyirəm ki, son müşavirədən keçən dövr ərzində bizim bu məsələlərlə bağlı mövqeyimiz daha da sərt və daha da birmənalı olubdur. Biz əlbəttə ki, diplomatik qaydalara riayət edirik və siz səfirlər də bunu etməlisiniz. Amma o halda ki, bizə qarşı diplomatik münasibət göstərilir. O halda ki bu, göstərilmir, mən sizə deyirəm, baxmayaraq ki, diplomatsınız, siz də eyni qaydada cavab verməlisiniz. Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işinə qarışsın, bizə məsləhət versin, bizə mühazirə oxusun. Biz bu haqqı heç kimə verməmişik və heç bir ölkənin qarşısında öhdəlik götürməmişik. Yenə deyirəm, beynəlxalq təşkilatlara üzv olarkən öhdəlik götürmüşük və onu yerinə yetiririk. Əgər bizim orada olmağımız kiməsə sərf eləmir, gəlsinlər desinlər. Biz beynəlxalq təşkilatda olmasaq nə olacaq? Azərbaycan batacaqmı? Azərbaycan ən ağır vəziyyətdə olanda - 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə kim gəlib bizə arxa olub, kim bizə kömək edib? Bizim pulumuz olmayanda, bizim iqtisadiyyatımız dağılanda - sənaye istehsalı tamamilə tənəzzülə uğramışdı, xaos, böhran, vətəndaş müharibəsi hökm sürürdü və iqtisadiyyat iflic olmuşdur - kimsə gəlib bizə məsləhət veribmi? Xəzinədə bir manat pul olmayanda, kimsə ora bir manat qoyub ki, indi gəlib bizim imkanlarımıza nəzarət etsin? Bizim öz işimizdir. Biz neft gəlirlərinin idarə olunmasında ən şəffaf mexanizm icad etmişik. BMT buna görə Azərbaycan Dövlət Neft Fondunu mükafatla təltif edibdir. Biz özümüz bilirik necə yaşamalıyıq, özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Biz deyəndə mən Azərbaycan xalqını nəzərdə tuturam. Çünki Azərbaycan xalqının qərarı ilə mən bu gün bu vəzifədəyəm və sizi də mən təyin etmişəm. Azərbaycan hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Əgər kimsə Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı pis fikirdə olsa, biz amansız mübarizə aparacağıq, öz müstəqilliyimizi, öz müstəqil siyasətimizi qorumaq üçün, Azərbaycan xalqının maraqlarını təmin etmək üçün və Azərbaycanın inkişafı üçün. Budur əsas prinsiplər. Hər bir ölkənin uğurunun təməlində müəyyən prinsiplər dayanır. O da heç də hər zaman iqtisadi amillərlə, yaxud da ki, enerji ehtiyatları ilə ölçülmür. O prinsiplər ölkəni ölkə edir, müstəqilliyi gücləndirir və ölkə qarşısında yeni üfüqlər açır. Bunlar dövlətçilik, müstəqillik və rifah prinsipləridir.

Mən hesab edirəm ki, bir neçə gün ərzində keçiriləcək müşavirə sizin üçün çox əhəmiyyətli olacaqdır, burada müxtəlif qurumların nümayəndələri çıxış edəcək və sizin üçün yeni informasiya verəcəklər. Əminəm ki, sizin gələcək fəaliyyətiniz üçün bu, çox lazımlı olacaqdır. Bir daha demək istəyirəm ki, siz - Azərbaycan dövlətini təmsil edən insanlar - ölkəmizi ləyaqətlə təmsil etməlisiniz, Azərbaycanın milli maraqlarını müdafiə etməlisiniz və işlədiyiniz ölkələrlə münasibətlərin daha da yaxşı inkişaf etməsinə çalışmalısınız. Bütövlükdə mən bizim diplomatik nümayəndələrin fəaliyyətindən razıyam, bunu bəyənirəm, sadəcə olaraq, öz sözlərimi deməklə sizi bu işlərdə daha da fəal olmağa çağırıram.

Sağ olun.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb