Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hər şeydən əvvəl, bu görüşə dəvət etdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Qeyd etmək istərdim ki, Almaniyaya rəsmi səfərin nəticələrindən çox məmnunam. Bu gün mənim Prezidentlə, kanslerlə, digər rəsmilərlə görüşlərim oldu. Bir daha təsdiq edə bilərik ki, ikitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir. Siyasi səviyyədə çox yaxşı qarşılıqlı anlaşma var. Almaniya və Azərbaycan arasında çox ciddi siyasi dialoq mövcuddur. Bizim üçün həm də çox önəmlidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın mövqeyi tamamilə beynəlxalq hüquq normalarına əsaslanıbdır. Bu gün kansler cənab Gerhard Şröder qeyd etdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Azərbaycanın ərazi bütövlüyünü çox vacib amil hesab edir. Bizim üçün bu, çox mühümdür. Çünki Almaniya yalnız Avropada deyil, bütün dünyada aparıcı ölkələrdəndir və sizin ölkənin mövqeyi, ümumiyyətlə, gələcəkdə Qafqazın inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Bu mövqe Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll olunmasında da əhəmiyyətlidir. Məlum olduğu kimi, Azərbaycan bu münaqişədən əziyyət çəkir. Bizim ərazinin 20 faizi Ermənistanın işğalı altındadır və bu işğalın nəticəsi kimi, 1 milyondan artıq qaçqın və köçkünümüz var. Bu, bizim iqtisadiyyatımız üçün çətinlikdir. Həm Azərbaycan, həm də bütün region üçün ciddi siyasi mövzudur.

Amma, bununla belə, Azərbaycan, burada qeyd olunduğu kimi, iqtisadiyyatının inkişafında, iqtisadi islahatların aparılmasında nəzərəçarpacaq irəliləyiş əldə edibdir. Bu islahatlar uğurla həyata keçirilib, iqtisadiyyatın davamlı və sürətli inkişafına gətirib çıxarıbdır. Biz Almaniya ilə iqtisadi əlaqələrimizə böyük əhəmiyyət veririk. Biz başa düşürük ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin indiki səviyyəsi imkanlarımızı əks etdirmir. Almaniya iqtisadiyyatı dünyada aparıcı iqtisadiyyat hesab olunur. Azərbaycan son 7-8 ildə iqtisadiyyatını inkişaf etdirir.

Ona görə də biz daha yüksək səviyyədə əməkdaşlıq edə bilərik. Düşünürəm ki, bu rəsmi səfər və hadisələrin səfərdən sonrakı inkişafı iqtisadi və ticarət əlaqələrimizi genişləndirməyə imkan verəcəkdir.

Bu gün həm də cənab kanslerlə mənim aramda razılıq əldə olunubdur ki, ilin sonunda və yaxud da gələn ilin əvvəlində burada, Almaniyada Azərbaycanda sərmayə qoyuluşu imkanları ilə bağlı bir konfrans keçirək. Azərbaycanın nailiyyətləri ilə bağlı əhatəli bir təqdimat hazırlayaq. Nailiyyətlərlə yanaşı, biznes sahəsində mövcud imkanları da nəzərə çarpdıraq. Bu gün iqtisadi əməkdaşlığımızın genişlənməsinə dair daha bir fakt da qeydə alınmışdır. Bizim tərəfimizdən 4 aerobusun alınması barədə razılıq əldə olunubdur. Bu da bizim ölkənin potensialını göstərir. Eyni zamanda, bizim Avropa Birliyi ölkələri ilə daha geniş iqtisadi əlaqələr qurmaq əzmimizə nümunədir.

Avropa Birliyinin Cənubi Qafqaz ölkələrini də əhatə edən yeni qonşuluq siyasəti vacib olmaqla yanaşı, həm də çox mühüm bir addımdır. Düşünürük ki, bu siyasətin praktiki bəhrəsi tezliklə özünü göstərəcək, müstəqil ölkə kimi Azərbaycan Avropa strukturlarına daha çox inteqrasiya edəcəkdir. Bu, bizim xarici siyasətimizin elementlərindən biridir. Azərbaycanın Avropa strukturlarına nə dərəcədə inteqrasiya etməsi ölkənin inkişafının göstəricisidir. Mən əminəm ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq artacaqdır.

Biz istərdik ki, daha çox alman şirkətinin Azərbaycana sərmayə qoymasını görək. Sizə deyə bilərəm ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra, əsas etibarilə, son 7-8 il müddətində bizim iqtisadiyyatımıza 20 milyard dollaradək vəsait yatırılıbdır. Bu rəqəmi əhalinin sayına nisbətdə götürsək, onda Azərbaycanın yalnız keçmiş SSRİ ölkələri arasında deyil, həm də keçmiş sosialist bloku ölkələri arasında ən irəlidə olduğunu görərik. Adambaşına düşən birbaşa sərmayə yatırımı Azərbaycanda çox yüksəkdir. Biz ölkədə yaxşı sərmayə mühiti yaratmağı bacardıq. Xarici sərmayələr lazımınca qorunur, bu da çox mühüm amildir. Çünki inam illər boyu yaranır. Amma xarici sərmayəçilərin inamı cəmi bircə günə, cəmi bircə səhv addıma görə itirilə bilər. Xoşbəxtlikdən, Azərbaycan səhv addım atmayıbdır. Hazırda sərmayəçilərlə hökumət arasında əməkdaşlığın səviyyəsi çox yüksəkdir.

Çox istərdik ki, iri alman şirkətləri Azərbaycana sərmayə yatırsınlar, xidmət şirkətləri, podratçı şirkətlər Azərbaycanda işləsinlər. Sirr deyil ki, Almaniyanın yüksək, müasir texnologiyası var. Azərbaycan isə müasirləşmə prosesini yaşayan ölkədir. Biz yeni infrastruktur, yeni imkanlar yaradırıq. Bu infrastrukturu ən mümkün yuxarı səviyyədə yaratmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də alman texnologiyası, alman təcrübəsi bizim üçün çox gərəklidir. Mən inanmaq istərdim ki, gələcəkdə iki sahədə - sərmayə yatırımı proqramları və iqtisadi əməkdaşlıq sahəsində biz daha çox fəaliyyət və inkişaf görəcəyik. Düşünürəm ki, bu hər iki ölkəmizin xeyrinə olacaqdır.

Azərbaycan hazırda nəhəng iqtisadi yüksəliş ərəfəsindədir. Əlbəttə ki, nailiyyətlərimiz çox sanballıdır. Ümumi daxili məhsul son 7 ildə 90 faiz artıbdır. Büdcənin illik artımı, orta əmək haqqının artması ölkəmizdə adi hal alıbdır. Ölkəmizdə nəzərdə tutulan əsas enerji layihələri tamamlandıqdan sonra iqtisadi inkişafın sürəti çox yüksək olacaqdır. Hazırda dünyada ən iri enerji layihəsi Azərbaycanda keçirilir. Neft-qaz layihələrinin həyata keçirilməsi ölkəmizdə iqtisadiyyatın bütün digər sektorlarını da inkişaf etdirməyə imkan verəcəkdir. İqtisadiyyatı şaxələndirmək bizə imkan verəcək ki, yalnız neft amilindən və ya neftin qiymətlərindən asılı olmayaq.

Gələcəkdə Azərbaycan həm də Avropanın vacib qaz təchizatçısı olacaqdır. Hazırda biz Azərbaycanda nəhəng qaz yatağının işlənilməsi üzrə layihəni həyata keçiririk və qaz boru xəttinin çəkilməsi bizə imkan verəcək ki, qazı Türkiyəyə, Yunanıstana və sonra digər Avropa ölkələrinə nəql edək. Ona görə də alternativ qaz təchizatı əldə etmək Avropa istehlakçıları üçün də əlverişli olacaqdır.

Əlbəttə ki, neft amili bizim iqtisadiyyatda çox mühüm rol oynayır və əminəm ki, bu hələ uzun illər davam edəcəkdir. Çünki neft sahəsinin inkişaf səviyyəsi və neftdən gələn gəlirlər digər sektorlarla müqayisə oluna bilməz. Amma eyni zamanda, bizim üçün ən böyük prioritet qeyri-neft sahəsidir, iqtisadiyyatın şaxələnməsidir. Yeni infrastrukturun, yeni iş yerlərinin yaradılmasıdır. Biz nəhəng sosial-iqtisadi proqramın həyata keçirilməsinə başlamışıq. Regionların inkişafı proqramını həyata keçiririk. Həmin proqram bizə növbəti 5 ildə 600 min iş yeri açmağa ümid verir. 8 milyonluq ölkə üçün bu, nəzərəçarpan rəqəmdir. Sizə deyə bilərəm ki, oktyabrdakı prezident seçkilərindən sonra 70 min iş yeri açılıbdır, bunun da 50 mindən çoxu daimi iş yerləridir. Bu göstərir ki, bizim iqtisadi islahatlar siyasətimiz davam edir və yaxşı nəticələr verir. Məndə şübhə yoxdur ki, yaxın bir neçə ildə Azərbaycan iqtisadi baxımdan güclü ölkə olacaq.

Eyni zamanda, bizim çoxlu problemimiz var. Yoxsulluğa qarşı mübarizə aparmalıyıq. Beynəlxalq maliyyə qurumları ilə həyata keçirdiyimiz yoxsulluğun azaldılması proqramı uğurludur. Bütün sadalananlar xalqımıza iqtisadi inkişafdan bəhrələnməyə imkan verəcəkdir.

İqtisadi inkişafa lazım olan digər vacib amil də şəffaflıqdır. Bəzi neft hasil edən ölkələrin uğursuz təcrübəsi bizə məlumdur. Şəffaflığın kifayət qədər olmaması həmin ölkələrdə milli sərvətin qeyri-bərabər bölünməsi ilə nəticələnmişdir. Belə halın qarşısını almaqdan ötrü, şəffaflıq mühiti yaratmaqdan ötrü, Azərbaycan Neft Fondu təşkil etmişdir, neftin satışından alınan gəlirlər burada toplanır. Beynəlxalq auditorlar Fondun işinə nəzarət edir və hər bir Azərbaycan vətəndaşı gündəlik dəyişiklikləri müşahidə edə bilir. Fonda daxil olan gəlirlər barədə məlumat vaxtaşırı dərc olunur.

Azərbaycan həm də hasilat sənayelərində şəffaflıq adlanan bir təşəbbüsün fəal iştirakçısıdır. Bu, hasilat sənayelərinə malik bütün şirkət və hökumətlərdən məsuliyyət və cavabdehlik tələb edən mühüm təşəbbüsdür. Bu da bizim uğurumuzun əsas elementlərindən biridir. Çünki hər bir Azərbaycan vətəndaşının həm neft sahəsindəki inkişafdan, həm də digər sektorlarda gedən inkişaf proseslərindən bəhrələnməyə haqqı vardır.

Mən qeyd etdim ki, qeyri-neft sahəsi hazırda hökumət üçün əsas məsələdir. Bu o demək deyildir ki, biz neft sektoruna diqqət yetirmirik. Məsələ ondadır ki, neft sektorunda, demək olar, hər şey öz yerini tapıbdır. Gələn il əsas ixrac neft kəmərinin tikintisinin tamamlanması qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sahəsinin inkişafının daha bir əsaslı təməlini qoyacaqdır. Bunlar bizim üçün prioritet məsələlərdir. Bizə yeni yollar salmaq, yeni elektrik stansiyaları tikmək, rabitə sistemini yüksək səviyyəyə çatdırmaq lazımdır. Hökumət bunlarla məşğul olmalıdır. Bu mənada alman şirkətlərinin bizimlə birgə işləməsi üçün çox böyük imkanlar mövcuddur.

Mən bildirdim ki, biz infrastrukturu ən yüksək səviyyədə yaratmağa çalışırıq. Çünki yüksək səviyyədə yaradılmış infrastruktur uzun müddət xidmət edər. Əminəm ki, bizim ölkəmizdəki iqtisadi inkişaf alman şirkətlərində maraq oyadacaqdır. Artıq Azərbaycana gəlmiş şirkətlər, əlbəttə ki, üstünlükləri və çətinlikləri bilirlər. Biz qanunvericilik üzərində işləməliyik ki, həm yerli sərmayələr, həm də xarici sərmayələr lazımınca qorunsun. Çünki bu, sərmayələri cəlb etməyin, orta sinfi yaratmağın yeganə yoludur. Güclü orta sinif olmadan, heç neft sektoru da güclü, bazar prinsipləri əsasında işləyən iqtisadiyyat yaratmağa kömək edə bilməz. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Azərbaycanda ümumi daxili məhsulun 75 faizi özəl sektorun payına düşür. Bu, çox mühüm amildir. Xüsusilə də nəzərə alsaq ki, ümumi daxili məhsula daxil olan neft dövlətin inhisarındadır.

Azərbaycanda bazar prinsiplərinə əsaslanmış iqtisadiyyatın inkişaf etdirilməsi, iqtisadi islahatlar davam edəcəkdir. Biz beynəlxalq maliyyə qurumları - Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə sıx işləyir və ümid edirik ki, bu əməkdaşlıq doğru qərar çıxarmaqda bizə kömək edəcəkdir.

Əlbəttə ki, hər bir ölkənin öz xüsusiyyətləri, özəlliyi var və beynəlxalq maliyyə qurumlarının bütün vacib tövsiyələri yerli şəraitə uyğunlaşdırılmalıdır. Eyni zamanda, dünyadakı inkişaf prosesləri bizə məlumdur. Dünya iqtisadiyyatındakı inkişaf dinamikası ilə tanışıq. Azərbaycan da bu gün dünya iqtisadiyyatının bir hissəsidir. Bir neçə ilə Azərbaycanda bir sıra inkişaf prosesləri yer alacaqdır. Planlarımız və proqramlarımızla bağlı detallara varmaq istəmirəm, bu, çox vaxt aparar.

Düşünürəm ki, Azərbaycanda sərmayə qoyuluşu imkanlarına dair Almaniyada konfrans keçirilərkən, - bu, yəqin ki, bir-iki günlük geniş təqdimat olacaq, - müzakirələr aparıla bilər və konkret layihələr təklif ediləcəkdir. İlkin iqtisadi araşdırma, qanunvericilik bazası təqdim olunacaq ki, potensial alman sərmayəçisi vəsait qoyduqdan sonra nə nəticə əldə edəcəyini əvvəlcədən hiss edə bilsin.

Beləliklə, təfsilatla vaxtınızı çox almaq istəmirəm, sadəcə, ümumi prinsiplərimizi nəzərinizə çatdırdım. Bu prinsiplər ölkəmizdə tətbiq olunan yeni prinsiplər deyildir. İqtisadi islahatlar siyasəti hələ bizim mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən 1990-cı illərin əvvəllərində başlanmışdı. Bundan dərhal sonra Azərbaycan sabit cəmiyyət qurmağı bacardı. Müstəqillik əldə etdikdən sonra, təxminən 1995-ci ilədək bir sıra problemlərlə üzləşirdik: Ermənistanın təcavüzü, vətəndaş müharibəsi, siyasi qarşıdurma, dövlət çevrilişi cəhdləri və digər dramatik hadisələr yalnız 1995-ci ilin axırında vəziyyət sabitləşdi. İqtisadi artımın dinamikasına fikir versəniz, görərsiniz ki, yalnız 1995-ci ilin axırlarına doğru vəziyyət düzəldi. 1991-ci ildən 1995-ci ilədək hər il həm ümumi iqtisadiyyatda, həm də istehsal sahəsində ciddi tənəzzül müşahidə olunurdu. 1995-ci ildə vəziyyət sabitləşdi və 1996-cı ildən artım başladı. Dediyim kimi, son 7 ildə ümumi daxili məhsulun artımı hər il 10 faizdən yuxarıdır. Başqa sözlə, ictimai-siyasi, iqtisadi sabitlik istənilən inkişaf üçün əsas amildir. Bu sabitlik olmasaydı, 1990-cı illərin ortalarında bizim Prezidentimiz bu islahatları həyata keçirməkdə belə qətiyyət nümayiş etdirməsəydi, əlbəttə ki, bu uğuru əldə edə bilməzdik.

İndi bizim vəzifəmiz bugünkü dünyanın reallıqlarına uyğun olaraq həmin islahatları davam etdirmək, yeni mühit yaratmaq, özəl sektor üçün yeni imkanlar yaratmaqdır. Biz öz biznes ictimaiyyətimizə də eynilə yanaşırıq. Mən Prezident seçildikdən sonra ölkədəki biznes icması ilə, yerli iş adamları ilə bir neçə görüşüm olubdur. Biz onlar üçün də şərait yaratmalı, mövcud şəraiti yaxşılaşdırmalıyıq. Hazırda onlara kreditlər verilməsi proqramı üzərində işləyirik. Hələ ki, bu proqram geniş tətbiq olunmur. Lakin ardıcıl yerinə yetirilir. Biz ümid edirik ki, yerli iş adamları xarici sərmayəçilərlə rəqabət apara biləcəklər. Bütün bunlar bizim planımıza daxildir və mən ümidvaram ki, bu planlar reallığa çevriləcəkdir. İndiyədək Azərbaycanda nəzərdə tutulan bütün layihələr, hətta yerinə yetirilməsi çox çətin sayılan, çoxlarının mümkünsüz hesab etdiyi planlar həqiqətə çevrilibdir. Ümidvaram ki, bizdə olan iradə ilə, xalqımızın dəstəyi ilə, dostlarımızın yardımı ilə planlarımızı yerinə yetirəcəyik və müasir demokratik, iqtisadi cəhətdən güclü, dünyada bütün ölkələrlə dostluq münasibəti saxlayan ölkə olacağıq. Diqqətinizə görə çox sağ olun. Ümid edirəm ki, Almaniyada da, Azərbaycanda da daha çox görüşlərimiz olacaqdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdən sonra jurnalistlərə müsahibə verdi.

SUAL: Almaniyada görüşləriniz necə keçdi?

CAVAB: Yaxşı keçdi, çox gözəl təmaslar oldu.

SUAL: Dağlıq Qarabağ məsələsi ilə bağlı Almaniya tərəfi ilə danışıqlar oldumu?

CAVAB: Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olundu. Almaniyanın mövqeyi ədalətli mövqedir. Almaniyanın kansleri cənab Gerhard Şröder bu mövqeyi bir daha təsdiqlədi. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu münaqişə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir.

SUAL: İqtisadi əlaqələr haqqında nə deyə bilərsiniz?

CAVAB: Əlbəttə, bizim iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Biz Almaniya ilə çox səmərəli əməkdaşlıq edirik. Bilirsiniz ki, dünən dörd təyyarənin alınması barədə saziş imzalandı. Digər ikitərəfli iqtisadi layihələr də var. Almaniya nəinki Avropanın, həm də dünyanın aparıcı ölkələrindən biridir. Çox güclü iqtisadi potensiala malikdir. Azərbaycan da iqtisadi cəhətdən çox sürətlə inkişaf edir. Buna görə də qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq üçün çox gözəl şərait vardır. Bu baxımdan bütün məsələlər - həm siyasi, həm də iqtisadi məsələlər müzakirə olundu. Mən bu səfərdən çox razıyam.

SUAL: Gürcüstandakı siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

CAVAB: Ümid edirəm ki, bu məsələ öz həllini sülh yolu ilə tapa bilər. Gürcüstanda baş verən hadisələr Qarabağda baş verən hadisələrdən heç də fərqlənmir. Hər iki halda bu, təcavüzkar separatizmin təzahürüdür. Həm Cənubi Osetiyada da, Dağlıq Qarabağda da bu halların mənşəyi eynidir. Bütün bunlar dövlətə qarşı, onun ərazi bütövlüyünə qarşı edilən zorakılıqdır. Əlbəttə ki, Gürcüstanın da, Azərbaycanın da ərazi bütövlüyü bərpa olunmalıdır və gec-tez bərpa ediləcəkdir. Hər halda, Azərbaycan xalqı torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, öz torpaqlarını geri qaytaracaqdır. Biz düşünürük ki, indiki məqamda sülh danışıqlarının imkanları hələ ki, tükənməyibdir. Ona görə də sülh danışıqlarına üstünlük veririk. Nə vaxt görsək ki, aparılan danışıqların əhəmiyyəti yoxdur, onda biz başqa vasitələrə də əl ata bilərik.

SUAL: Azərbaycan ilə Almaniya arasında iqtisadi və siyasi əlaqələr getdikcə genişlənir. Bununla belə, mədəni əlaqələr də inkişaf etməlidir. Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi Almaniyada lazımınca tanınmır. Bunun üçün nə edilməlidir?

CAVAB: Bunun üçün hamımız çalışmalıyıq. Azərbaycan hökuməti, burada yaşayan azərbaycanlılar, bizim diasporumuz Azərbaycanı daha da geniş şəkildə tanıtmalıdır. Bu iş təkcə Almaniyada deyil, bütün Avropada, dünyada aparılmalıdır. Bizim gözəl nailiyyətlərimiz, zəngin tariximiz və mədəni irsimiz var. Bütün bunları biz gərək daha da geniş şəkildə təqdim edək.

SUAL: Bu gün qədim Azıx mağarası erməni işğalı altındadır. Ermənilər dünyada yaşayan erməniləri Qarabağa, Azıx mağarasına baxmağa dəvət edirlər ki, guya bu mağara ermənilərin tarixi ilə bağlıdır.

CAVAB: Ermənilər həmişə tarixi təhrif ediblər. Onlara məxsus olmayan dəyərlərə sahib olmağa çalışıblar. Amma onlar buna nail ola bilməyəcəklər. Haqq-ədalət öz yerini tapacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi beynəlxalq hüquq normaları əsasında həll edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpağından çıxmalıdır. Bundan sonra Ermənistan-Azərbaycan münasibətlərində hər hansı bir dəyişiklik ola bilər.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya səfərinin sonuncu günü, avqustun 26-da, onun üçün ayrılmış iqamətgahda Siemens şirkətinin nümayəndələri ilə görüşmüşdür.

Görüş işgüzar şəraitdə keçmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq