Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

“Bank Standart” Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Təxminən 10 il ərzində bank Azərbaycanda işləyir və bu gün onun inzibati binasının açılışını qeyd etdik. Bina çox gözəldir, tarixi binadır, çox gözəl təmir olunub və burada iş üçün çox gözəl şərait var. Mən arzu edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün banklar buna oxşar binalara sahib olsunlar, iş şəraitini yaxşılaşdırsınlar və eyni zamanda, ölkəmizdə bank sisteminin inkişafında fəal rol oynasınlar. 

Bank sisteminin hər bir ölkənin inkişafı üçün çox böyük əhəmiyyəti vardır. Xüsusilə keçid dövrünü yaşayan ölkələr üçün hecab edirəm ki, Azərbaycandakı banklar öz gələcək fəaliyyətlərini gücləndirməlidilər. Bank sektoru daha da güclənməlidir və ölkəmizin iqtisadi inkişafında daha da fəal rol oynamalıdır.

Son illər ərzində bank sektorunun güclənməsi həm ümumi iqtisadi inkişafın nəticəsidir, eyni zamanda, bank sektorunda gedən islahatlar, qəbul edilmiş yeni qanunlar buna imkan yaradır.

Azərbaycan çox sürətlə inkişaf edən ölkədir və şübhəsiz ki, ümumi iqtisadi inkişafımız bank sektorunun inkişafına da təkan verəcəkdir. Son illər ərzində bizim maliyyə resurslarımız artdıqca, büdcəmiz artdıqca müvəkkil banklar vasitəsilə sahibkarlığın inkişafına kreditlər ayrılır. Bu kreditlərin məbləği ildən-ilə artır, gələn il ayrılacaq kreditlərin məbləği ən azı iki dəfə çox olacaqdır. Bu işdə bank sisteminin rolu çox önəmlidir. Mən ümid edirəm ki, gələcəkdə müvəkkil banklar, bütövlükdə Azərbaycanda fəaliyyət göstərən banklar iqtisadiyyatın inkişafında daha da fəal iştirak edəcəkdir.

Regionlara gedərkən bir problemlə də tanış oluram. O da ondan ibarətdir ki, bəzi sahibkarların girov qoymaq imkanı yoxdur. Əlbəttə, biz bu güzəştli kreditlərin verilməsini son illər ərzində daha da sürətləndirmişik və şübhəsiz ki, banklar bu kreditləri verəndə girov götürməlidir. Bu təbiidir və bunu sahibkarlar bilməlidir. Amma eyni zamanda, fikirləşmək olar, hansı mexanizm tapmaq olar ki, girov qoymaq imkanı olmayan sahibkarların da problemlərini həll edə bilək.

Azərbaycanda ümumi iqtisadi inkişaf çox yüksək sürətlə gedir. Bizim büdcəmiz ildən-ilə artır. Keçən ilin büdcəsi 1 milyard 500 milyon dollar idi. Bu ilin büdcəsi isə 2 milyard 200 milyon dollardır. Gələn ilin büdcəsi isə ən azı 3 milyard 200 milyon dollar təşkil etməlidir. Maaşlar, pensiyalar artırılır və belə olan halda, əlbəttə, makroiqtisadi sabitliyin qorunması məsələsi ön plana keçir.

Nəzərə alsaq ki, gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ilə əlaqədar Azərbaycana yüz milyonlarla dollar pul gələcək, əlbəttə, bu böyük vəsaitin qısa müddət ərzində ölkəmizə daxil olması makroiqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu il üzləşdiyimiz yüksək inflyasiya həm də bu amilin təzahürüdür. Belə olan halda, bütövlükdə ölkəmizin iqtisadi inkişafında Milli Bankın rolu artır. Milli Bankın siyasəti bütün bu illər ərzində Azərbaycanda makroiqtisadi vəziyyətin sabit qalmasına imkan yaradıbdır. Növbəti illərdə maliyyə imkanlarımızın artımını nəzərə alaraq, əlbəttə, Milli Bankın siyasəti daha da dəqiq olmalıdır, həssas olmalıdır. Çünki hər bir atılan səhv addım bizim makroiqtisadi vəziyyətimizə təsir göstərə bilər.

Mən bilirəm ki, Milli Bank bu məsələ ilə çox ciddi məşğuldur və bir müddət bundan əvvəl inflyasiyanın azalmasına dair keçirdiyimiz müşavirədən sonra ciddi addımlar atılmışdır. O cümlədən Milli Bank tərəfindən. Bu addımların nəticəsi olaraq inflyasiya dayandı və aşağı düşməyə başladı.

Bütövlükdə, Azərbaycanda bank sektorunun inkişafı üçün gözəl şərait var. Ölkəmizin gələcəyini təmin edən proseslər çox sürətlə gedir. Bizim maliyyə imkanlarımız artır. Neft Fondunda toplanmış vəsait 1 milyard dolları keçibdir. Eyni zamanda, valyuta ehtiyatlarımız da təxminən bu səviyyədədir. Gələcək illərdə bu, daha da geniş vüsət alacaqdır. Gərək bu gözəl imkanlardan səmərəli istifadə edək. Eyni zamanda ölkəmizi narahat edən sosial problemlərin aradan qaldırılmasına da diqqət göstərilməlidir. Bu yaxınlarda İpoteka haqqında qəbul edilmiş qanun bu məqsədi daşıyır. İpoteka haqqında xüsusi dövlət proqramı hazırlanır. Artıq bu il bu məqsədlərə 30 milyard manat vəsait ayrılması nəzərdə tutulubdur. Əlbəttə, gələn il bu məbləğ artacaq və aztəminatlı ailələr, xüsusilə gənclər bu imkanlardan səmərəli istifadə edəcəklər.

Azərbaycanda bank sektorunun inkişafı məni çox sevindirir. Azərbaycanda artıq onlarca bank fəaliyyət göstərir. Bizim müstəqilliyimizin ilk illərində bəlkə daha da çox bank var idi. Amma sonra birləşmələr baş verdi, bu da təbiidir. İndi bank sektorunun inkişafı üçün çox gözəl şərait var. Mənə verilmiş məlumata görə, bank sektorunda minlərlə insan işləyir, yüksək maaş alır, yüksək təcrübəyə yiyələnir. Gələcəkdə ölkəmizin inkişafı üçün bank sektorunun daha da güclənməsi zəruridir.

Əlbəttə, biz “Bank Standart”ın fəaliyyətini qeyd etmişik, bu gün isə binanın açılışı ilə əlaqədar toplaşmışıq. Amma eyni zamanda, bu fürsətdən istifadə edərək, mövcud olan məsələlərə də öz münasibətimizi bildirək, nailiyyətlər, problemlər haqqında, əlavə hansı addımların atılması barədə də söhbət aparaq.

İndi isə sözü Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmova verirəm.

X X X

Gərgin iş rejiminə baxmayaraq, “Bank Standart”ın baş ofisi binasının açılış mərasimində iştirakına, bank ictimaiyyəti ilə görüşdüyünə görə, dövlətimizin başçısına dərin minnətdarlığını bildirən Milli Bankın İdarə heyətinin sədri ELMAN RÜSTƏMOV dedi ki, 10-12 il bundan öncə Azərbaycanda 230-240-a yaxın bank fəaliyyət göstərirdi və onların hamısı yarızirzəmilərdə, yaxud digər münasib olmayan yerlərdə işə başlamışdı. Onların ilkin nizamnamə kapitalı o vaxtkı dövr üçün 10 min ABŞ dolları ekvivalentində idi. Ümummilli liderimiz, unudulmaz Prezidentimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı altında ölkədə gedən iqtisadi quruculuq, o cümlədən maliyyə-bank bölməsində gedən proseslər, islahatlar nəticəsində Azərbaycanın bugünkü bank sistemi formalaşmışdır və inkişaf edir. Son on il ərzində Azərbaycanın bank sektorunda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Hazırda bankların sayının təxminən 5 dəfədən çox azalmasına baxmayaraq, onların kapitalı 36 dəfədən çox artmışdır. İndi bir banka düşən kapital 5 milyon ABŞ dollarından, yəni 25 milyard manatdan çoxdur. Bu, olduqca yüksək dinamikadır. Bankların kreditlərinin həcmi 5 dəfə, əmanətlərin məbləği isə təxminən 26 dəfə artmışdır. Bank sistemi hətta ümumi iqtisadi tərəqqini qabaqlayan bir dinamika ilə inkişaf etmişdir. Cənab Prezident, xüsusilə son iki ildə Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələri kimi, bank bölməsi də yeni bir nəfəs, yeni bir dinamika almışdır.

E.Rüstəmov bildirdi ki, keçən il kreditlər və əmanətlər 60 faizə yaxın artmışdır və həmin dinamika davam edir. Kreditlərin 99 faizdən çoxu qeyri-neft bölməsinin inkişafına yönəlmişdir. Əhaliyə istehlak kreditlərinin verilməsində də bankların mühüm rolu var. Bank sistemi bu gün regionlara doğru gedir. Hazırda bankların 360-dək filialı fəaliyyət göstərir, onların 150-dən çoxu regionlardadır. Onlar sözün yaxşı mənasında rəqabət aparır, əhaliyə ən yaxşı, ən ucuz xidmət göstərirlər.

Cənab Prezident, iki il öncə Sizin razılığınızla biz beynəlxalq təşkilatlara - Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edərək, Azərbaycanda maliyyə və bank sektorunun qiymətləndirilməsini xahiş etdik. Dünyanın bank mütəxəssisləri Azərbaycana gəldilər və bütövlükdə bank sektorunda qiymətləndirmə apardılar. Belə bir nəticəyə gəlindi ki, bütövlükdə bank sektoru bazar iqtisadiyyatının tələblərinə uyğun təşkil edilmişdir və o, həm daxili, həm də xarici iqtisadi şoklara davam gətirmək qabiliyyətindədir. Xatırladım ki, 1998-ci ildə Rusiyada, Şərqi Asiyada baş verən çox dərin böhran Azərbaycanın makroiqtisadi sabitliyini və bank sektorunu sarsıda bilmədi. Neftin qiyməti 6-7 dollar aşağı düşəndə də bizim nə makroiqtisadi sabitliyimiz, nə də bank sistemimiz pozulmadı. Yaradılmış iqtisadi potensial, habelə iqtisadi islahatların dərinliyi imkan verdi ki, Azərbaycan həmin xarici böhran amillərinə davam gətirsin və öz iqtisadi inkişafını davam etdirsin.

Cənab Prezident, Siz vurğuladığınız kimi, indi bank sisteminin qarşısında duran ən başlıca vəzifə uğurlu neft strategiyasının həyata keçirilməsindən daxil olacaq 100 milyonlarla dollar vəsaiti ümumi iqtisadi inkişafa, xüsusilə də qeyri-neft bölməsinin inkişafına transformasiya etməkdir. Bu vəzifənin yerinə yetirlməsi bizə imkan verəcəkdir ki, biz gələcək iqtisadiyyatımızın əsaslarını yaradaq və ölkənin neftdən asılılığını aradan qaldıraq. Hesab edirəm ki, bugünkü 5 milyon dollar həcmində olan nizamnamə kapitalı yüksək olsa da, qarşıda duran strateji vəzifələri həll etmək üçün yetərli deyildir. Bu yaxınlarda Milli Bank bankların nizamnamə kapitalının 2006-2007-ci illərdə mərhələlərlə 10 milyon ABŞ dollarına çatdırılması haqqında qərar qəbul etmişdir.

Digər tərəfdən, banklar qabaqcıl texnologiyalara çox diqqət yetirməlidirlər. Müasir dünyada banklar kapital rəqabətindən daha çox informasiya texnologiyalarının tətbiqi, müasir bank məhsullarının bazara çıxması dərəcəsi sahəsində rəqabət aparırlar. Bizim aparıcı banklarımız bir növ maliyyə supermarketinə çevrilməli, əhaliyə istənilən çeşiddə, istənilən xarici maliyyə bazarlarında rast gəlinən bank xidmətini təmin etməlidir.

E.Rüstəmov kadr məsələsindən də danışaraq dedi ki, bu, bizim nisbətən zəif yerimizdir. Avropa İttifaqının TACİS proqramı çərçivəsində bank tədris mərkəzi yaratmışıq və bir neçə ildir çox səmərəli fəaliyyət göstərir. Lakin hesab edirəm ki, Banklar Assosiasiyası ilə birlikdə və Sizin yardımınıza arxalanaraq, ölkədə bank sisteminin ixtisaslı kadrlarla təmin olunması istiqamətində biz təkliflərlə çıxış etməliyik ki, bu problemi həll edə bilək.

Milli Bankın İdarə heyətinin sədri çıxışının sonunda vurğuladı ki, banklar xüsusilə də özəl banklar mənfəət, kommersiya prinsipi ilə işləyir, özlərinin biznes strategiyasına arxalanırlar. Lakin dövlətin yeritdiyi ardıcıl siyasət, bank sisteminin dəstəklənməsi onu göstərir ki, indi Azərbaycanda bank biznesi, bank ictimaiyyəti ilə dövlət arasında olduqca sıx mənafe birliyi var. Cənab Prezident, əmin edirəm ki, həm Milli Bank, həm də bütövlükdə bank ictimaiyyəti Sizin bank sistemi qarşısında qoyduğunuz vəzifələri dərindən dərk edərək çalışacaqdır ki, iqtisadiyyatımızın inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində bütün tədbirləriniz dəstəklənsin və ölkənin yeni iqtisadi inkişaf strategiyasının reallaşmasına əzmlə kömək etsin.

İLHAM ƏLİYEV: Özəl banklar özlərini necə hiss edir?

ELMAN RÜSTƏMOV: Cənab Prezident, mən çıxışımda buna toxunmaq istəyirdim. İcazənizlə, mən istərdim özəl bankların təmsilçiləri danışsınlar. Bu gün çox nadir bir imkandır.

İLHAM ƏLİYEV: Mən elə ona görə də istəyirəm ki, soruşum, görüm, problemlər varmı?

ELMAN RÜSTƏMOV: Çox ciddi tərəfdaşlıq münasibətimiz var. Biz bu bankları hər bir məsələdə, xüsusilə də strateji məsələlərdə eşidirik. Qanun qəbul ediləndə bank ictimaiyyəti ilə çox ciddi müzakirə olundu. Biz bank sistemi ilə əlaqədar yeni bir beynəlxalq konfransa hazırlaşırıq.

Cənab Prezident, mən Sizə müraciət etmişəm, sentyabrın sonunda bizim səfirliyin və “Siti Bank”ın təşəbbüsü ilə Azərbaycan bank sisteminin Londonda təqdimatı keçiriləcəkdir. Bank sistemi ilə birlikdə ona hazırlaşırıq. Bildiyiniz kimi, iki il öncə, seçki ərəfəsində böyük beynəlxalq konfrans oldu. Biz indi də seçki ərəfəsində iki il ərzində görülən işlərin yekunları istiqamətində konfransın təşkilini və bank sisteminin yenidən dünya ictimaiyyətinə təqdimatını keçirmək istəyirik.

AtaBankın Müşahidə Şurasının sədri Əhməd Erentok və YUNİBankın Müşahidə Şurasının sədri Eldar Qəribov bu ilin oktyabrında Türkiyə Banklar Birliyinin və Milli Bankın iştirakı ilə Bakıda birgə konfrans keçiriləcəyini və bu tədbirə ciddi hazırlıq getdiyini, Prezident İlham Əliyevin həmin konfransda iştirakını arzu etdiklərini bildirdilər. Natiqlər özəl bankların problemlərindən də söhbət açdılar və vurğuladılar ki, əsas çətinlik məhkəmə prosesləri ilə əlaqədardır. Ümidvarıq ki, Sizin köməyiniz sayəsində bu məsələ öz həllini tapacaqdır.

İLHAM ƏLİYEV: Ümumiyyətlə, bu, böyük problemdir və bilirsiniz ki, bir müddət bundan əvvəl məhkəmə sistemində islahatların aparılması haqqında tədbirlər görüldü və məhkəmələrin rəhbərləri dəyişildi. Yeni insanlar rəhbərliyə gəldi və vəzifə qoyuldu ki, məhkəmə sisteminin sağlamlaşdırılması məsələsinə çox böyük diqqət verilsin. Bu, bizim ümumi problemimizdir. Bundan təkcə banklar əziyyət çəkmir. Azərbaycanda qanunun aliliyi bərqərar olunmalıdır. Qanundan heç nə və heç kim üstün ola bilməz və məhkəmə sisteminin sağlamlaşdırılması, ümumiyyətlə, ölkənin normal inkişafına xidmət edəcəkdir.

Əgər qanunun aliliyi bərqərar olunmayıbsa, məhkəmələrdə ədalətsiz qərarlar çıxarılırsa, heç bir normal inkişafdan söhbət gedə bilməz. Ona görə biz bu məsələyə ciddi diqqət yetiririk və ümid edirəm ki, görülən tədbirlər nəticəsində məhkəmə sistemində ciddi dəyişiklik baş verəcəkdir. Hər halda, artıq kadr dəyişikliyi başlandı və yəqin ki, davam etdiriləcəkdir.

Bütövlükdə, mən çox şadam ki, bank sistemində artıq ciddi problemlər yoxdur. Eyni zamanda, çox sevindirici haldır ki, əgər belə demək mümkündürsə, bank ictimaiyyəti Azərbaycanda çox mütəşəkkil formada fəaliyyət göstərir. Özəl banklarla dövlət bankları arasında, yaxud da Milli Bank arasında heç bir ziddiyyət yoxdur. Bu da çox müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə bu ziddiyyətlər çox kəskin formada mövcuddur və ümumi inkişafa mənfi təsir göstərir.

O da çox sevindirici haldır ki, artıq qeyd etdiyimiz kimi, bankların nizamnamə kapitalı artır. Elman Rüstəmov dedi, ilk illərdə 10 min dollarla bank yaradılırdı və yüzlərlə bank var idi. Sadəcə olaraq, adı var idi və müəyyən maxinasiyaların aparılmasına bir vasitə idi. Əminəm ki, gələcəkdə bankların möhkəmlənməsi prosesi daha da sürətlə gedəcək və dövlət, hökumət tərəfindən bütün lazımi qərarlar veriləcəkdir.

Heç kim üçün sirr deyil ki, möhkəm bank sistemi yaradılmasa ölkədə real inkişaf çox ləng gedəcəkdir. Siz dediniz, mən də qeyd etmək istəyirəm ki, misal üçün, regionlarda yeni bank binalarının yaranması da çox müsbət haldır və həqiqətən, onlar çox gözəl dizaynla, zövqlə tikilib və şəhərlərə, rayonlara həm yaraşıq verir, eyni zamanda çox müasir xidmət göstərir. Bir neçə il bundan əvvəl Azərbaycanda plastik kartlardan ümumiyyətlə heç kim istifadə etmirdi. Bu gün artıq Bakıda və Sumqayıtda, sonra başqa şəhərlərdə pensiyalar bu kart vasitəsilə veriləcəkdir. Yəni Azərbaycan dünyada gedən proseslərə yaxınlaşır və burada yaranan müasir infrastruktur ölkəmizin ümumi inkişafına xidmət göstərəcəkdir.

Gələcək illərdə maliyyə resursları daha da çox olacaqdır. Bunu hamımız bilirik və onlar çox səmərəli istifadə olunmalıdır. İqtisadiyyatımızın real sektorunun inkişafına xidmət göstərməlidir. Xüsusilə bölgələrdə. Bizim regional inkişaf proqramımızın əsas mahiyyəti bundadır.

Bank sektorunun bu işdə fəaliyyəti və töhfəsi çox önəmlidir. Mən rayonlarda keçirilən kredit yarmarkalarında oluram və orada məhz banklar vasitəsilə bu kreditlər verilir. Bəzi hallarda nağd pulla verilir. İki il, üç il bundan əvvəl verilmiş kreditlərin nəticələrini artıq bu il görürük. Bu il verilən kreditlərin nəticəsini yəqin ki, 2-3 ildən sonra görəcəyik və bu ənənə, bu meyil daha da sürətlə gedəcəkdir.

Ona görə bank sistemindəki müsbət dəyişikliklər, uğurlar məni sevindirir. Ümid edirəm ki, gələcəkdə Milli Bankın rəhbərliyi ilə bizim banklar ölkəmizin hərtərəfli inkişafına daha böyük töhfələr verəcəkdir. Beləliklə, ölkəmiz maliyyə baxımından daha da sürətlə inkişaf edəcəkdir.

Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, “Bank Standart”ı da bu gözəl binanın açılışı münasibətilə bir daha təbrik edirəm. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev binanın qarşısında paytaxtın daha da müasirləşməsi və abadlaşması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstəriş və tapşırıqlarını verdi, bankın binasının tarixi ilə maraqlandı. Məlumat verildi ki, bu bina 1931-ci ildə məşhur memar Stanislav Penin ümumittifaq müsabiqəsində qalib gələn layihəsi əsasında inşa edilmişdir. Müasir karkas tikililərdə hazırda geniş istifadə olunan memarlıq üslubları hələ 1928-ci ildə konstruktivizm tərzində yaradılmış bu layihədə öz əksini tapmış və tətbiq olunmuşdur. Bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində yerli əhəmiyyətli memarlıq abidəsi statusu ilə qeydiyyata alınmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir