Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Son illər ərzində Bakıda yol hərəkəti ilə bağlı müəyyən problemlər yaranmağa başladı. Bunun da təbii səbəbləri var. Çünki ölkəmizdə iqtisadiyyat çox sürətlə inkişaf edir. Demək olar ki, bütün sahələrdə çox güclü irəliləyiş var. 2005-ci ildə əhalinin pul gəlirləri təxminən 27 faiz artmışdır. Ümumi daxili məhsul da təxminən bu səviyyədədir. Yəni bütün bu amillər təbii olaraq, şəhər infrastrukturuna əlavə bir yük gətirir.

Hər bir inkişafın əlamətləri var. Onlardan biri, məsələn, binaların tikintisidir. İndi Bakıda bu proses çox sürətlə gedir. Bu onu göstərir ki, insanların həyat səviyyəsi yaxşılaşır, maddi rifahı yüksəlir və bu, bizi çox sevindirir. Belə də olmalıdır. Bizim qəbul etdiyimiz bütün proqramlar imkan yaradır ki, Azərbaycan xalqı, onun vətəndaşları daha da yaxşı yaşasın. Bundan sonrakı illərdə bu proses daha da sürətlə gedəcəkdir. Bizim bütün nəhəng, irimiqyaslı layihələrimiz həyata keçdikcə, bu inkişaf daha da sürətlə gedəcəkdir.

İnkişafın digər əlaməti ondan ibarətdir ki, ölkədə avtomobillərin sayı artır. Biz bunu Bakıda görürük, hiss edirik. Xüsusilə son iki il ərzində avtomobillərin sayı kəskin şəkildə artmışdır və təbii olaraq, şəhərdə tıxaclar baş verir və şəhərin yol infrastrukturuna əlavə yük düşür. Məndə olan məlumata görə, əgər biz avtomobillərin artım dinamikasına nəzər salsaq görərik ki, 2001-ci ildə 9 min, 2002-ci ildə 13 min, 2003-cü ildə 21 min, 2004-cü ildə 30 min və 2005-ci ildə 44 min ədəd avtomaşın gətirilibdir.

Bütünlükdə Azərbaycanda avtonəqliyyat vasitələrinin ümumi sayı 610 min ədəddir. Bakıda isə 350 mindən çoxdur. Əgər şəhərdə tranzit şəkildə hərəkət edən maşınları da nəzərə alsaq, bu da əlavə təxminən 60-70 min ədəd maşın deməkdir. Bir sözlə, bu, şəhər infrastrukturuna çox böyük bir təzyiqdir.

Onu da qeyd etmək istəyirəm ki, son iki il ərzində Bakıya təxminən 100 min avtomobil gətirilibdir. Bakının avtomobil parkının sayı 350 min olduğu təqdirdə, son iki il ərzində 100 min gətirilibdir. Yəni bu onu göstərir ki, son iki il ərzində Azərbaycanda çox geniş, irimiqyaslı işlərin görülməsi nəticəsində ciddi irəliləyiş baş vermişdir. Yenə də deyirəm, avtomobillərin sayının artması ümumi inkişaf dinamikasını göstərir və bunun mühüm əlamətidir.

Bir müddət bundan əvvəl mən şəhərin müxtəlif yerlərində, əsas gərginlik olan yerlərdə vəziyyətlə şəxsən tanış oldum. Nəqliyyat Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verdim ki, qısa müddət ərzində geniş proqram hazırlansın, müzakirə olunsun, təsdiqlənsin və biz işə başlayaq.

Mən hesab edirəm ki, biz bu işləri iki istiqamətdə aparmalıyıq. Birincisi ondan ibarət olmalıdır ki, yeni nəqliyyat infrastrukturunun yaradılması məsələsi öz həllini tapmalıdır. Yəni yeni yolların salınması, yolötürücülərinin tikilməsi, nəqliyyat qovşaqlarının tikilməsi, yolların genişləndirilməsi, körpülərin tikilməsi. Bu, çox geniş proqramdır. Bakı şəhərində 10-dan çox dairə var və onların hamısında bu işlər görülməlidir. İkinci istiqamət də mövcud yolların genişləndirilməsi, təmiri, harada lazımdırsa, yeni yolların salınması, yolların birləşməsi və sair işlərdən ibarət olmalıdır.

Əgər biz bunu etməsək, gələcəkdə Bakının çox ciddi problemləri olacaqdır. Biz böyük şəhərlərin təcrübəsini, böyük meqapolislərin problemlərini bilirik. Məsələn, Tokio şəhəri, Nyu-York, Moskva, İstanbul, London şəhərlərində bu, çox ciddi problemə çevrilibdir. Bəzilərində şəhərin mərkəzinə maşınların buraxılışı pulludur. Bəzi şəhərlərdə müəyyən maşınlar mərkəzə bir gün buraxılır, o biri maşınlar o birisi gün buraxılır.

Bakının, Azərbaycanın gələcək inkişafı da bizim üçün aydın və bəllidir. Daha da sürətli inkişaf gedəcək, insanlarımız daha da yaxşı yaşayacaqlar. Ailədə bir, iki maşın olacaqdır. Şəhərin əhalisi də artır və əlbəttə ki, bu infrastruktura biz gərək çox ciddi dəstək verək. Mən ümid edirəm ki, qəbul edəcəyimiz proqramlar qısa müddət ərzində bu problemin aradan qaldırılmasına xidmət göstərəcək və beləliklə, şəhərin yol infrastrukturu tamamilə yeniləşəcəkdir.

İndi isə mən hesab edirəm ki, biz müzakirələrə keçək. Mən çıxış üçün sözü nəqliyyat naziri Ziya Məmmədova verirəm.

X X X

ZİYA MƏMMƏDOV: Möhtərəm cənab Prezident, zati-alilərinizin rəhbərliyi altında Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi böyük uğurlar və ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edən əsaslı tədbirlər sayəsində ümumi daxili məhsulun həcminin ilbəil yüksələn artım meyli, dövlət büdcəsinin möhkəmlənməsi, iqtisadiyyata sərmayə qoyuluşunun artması ölkəmizdə iqtisadi və sosial yönümlü proqramların daha geniş miqyasda həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin xəttinin uğurlu davamı olan bu siyasətiniz dövlətimizin daha da qüdrətlənməsinə, onun beynəlxalq nüfuzunun və demokratik imicinin yüksəlməsinə xidmət göstərir, əhalinin sosial problemlərinin həllini və maddi rifah halının yaxşılaşmasını təmin edir.

Sizin şəxsi təşəbbüsünüz və qayğınız sayəsində həyata keçirilən dövlət proqramları nəqliyyat sektorunu da geniş əhatə edərək, ölkənin bütün nəqliyyat qurumlarının fəaliyyətində əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. Bu dövrdə nəqliyyat-yol kompleksində, xüsusilə də avtomobil nəqliyyatı sahəsində bir çox yeni özəl şirkətlər yaradılaraq, mövcud dövlət nəqliyyat qurumları ilə yanaşı, yük və sərnişin daşımalarına başlamışlar. Ölkə üzrə daşımaların həcminin yüksəlməsinə təsir edən bu amil, eyni zamanda, yollarda hərəkətin intensivliyinin artmasına səbəb olmuşdur. Bundan başqa, son vaxtlar il ərzində respublikaya orta hesabla 40 mindən artıq avtomobil gətirilir. Hazırda respublikada 600 mindən artıq avtonəqliyyat vasitəsi qeydiyyatdadır ki, bunun da böyük əksəriyyəti Bakı şəhərində cəmləşir. Ona görə də, cənab Prezident, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə və digər əlaqədar qurumlarla birlikdə şəhərdə yol infrastrukturunun təkmilləşdirilməsinə dair Sizin şəxsi göstərişlərinizin icrasına başlanmışdır. Bu, bütövlükdə Bakının sosial-iqtisadi inkişafı ilə bağlı zati-alilərinizin nəzarəti altında görülən irimiqyaslı tədbirlərin tərkib hissələrindən biridir.

Möhtərəm cənab Prezident, Bakı şəhərində nəqliyyatın hərəkətinin daha sıx olduğu yerlərdə vəziyyətlə şəxsən tanış olduqdan sonra avtomobil tıxacları nəticəsində yaranmış çətinliklərin həllinə və vətəndaşların bununla bağlı üzləşdiyi narahatlıqların aradan qaldırılmasına yönəlmiş təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə yaxın iki il ərzində şəhərin müxtəlif nəqliyyat qovşaqlarında yolötürücülərinin və piyada keçidlərinin layihələşdirilməsi və tikilməsi barədə Nəqliyyat Nazirliyinə verdiyiniz tapşırıqların icra vəziyyəti haqqında məlumatları icazənizlə ali diqqətinizə təqdim edim.

Əzizbəyov dairəsi - cənab Prezident, bu yol qovşağının yenidən qurulması üçün bir neçə varianta baxılmış və Sizə təqdim edilən ikimərtəbəli hərəkət sxemi əsasında tərtib olunmuş variant əsas kimi qəbul edilərək, layihələşdirilməsinə başlanmışdır. Burada layihə və tikinti işlərinin paralel aparılması nəzərdə tutulur. Layihələşdirmə 2006-cı ilin yanvar-noyabr aylarını əhatə edəcəkdir. Mühəndis kommunikasiyalarının köçürülməsi aprelin sonunadək başa çatdırılacaqdır. Tikinti işlərinə 2006-cı ilin aprel ayında başlanması və 2007-ci ilin dekabr ayında tamamlanması nəzərdə tutulur.

Qovşaqda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur: ümumi uzunluğu 1500 metr olan estakada tipli yolötürücüləri, o cümlədən 820 metr uzunluğunda 1 ədəd dördzolaqlı, ümumi uzunluğu 520 metr olan 4 ədəd ikizolaqlı və ümumi uzunluğu 160 metr olan 2 ədəd birzolaqlı estakada tipli yolötürücüləri, ümumi uzunluğu 120 metr olan ikizolaqlı 2 ədəd körpü, 570 metr uzunluğunda istinad divarı, ümumi uzunluğu 280 metr olan 4 ədəd yerüstü piyada körpü keçidi, dördmərtəbəli avtovağzal və ticarət mərkəzi, 4 ədəd avtopavilyon.

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi. Layihə və tikinti işlərinin paralel aparılması nəzərdə tutulmuş bu qovşaqda hazırda geodeziya-axtarış işləri aparılır. Burada layihə işlərinin 2006-cı il fevral-avqust, tikinti işlərinin isə 2006-cı il may - 2007-ci il ərzində aparılması və tamamlanması nəzərdə tutulur. Görüləcək tikinti işləri: uzunluğu 110 metr olan altızolaqlı bir ədəd yolötürücüsü, 1200 metr uzunluğunda istinad divarları, ümumi uzunluğu 170 metr olan 2 ədəd yolüstü piyada keçidi, 4 ədəd avtopavilyon.

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsi. Layihə və tikinti işlərinin paralel aparılması nəzərdə tutulmuş bu qovşaqda hazırda geodeziya-axtarış işləri gedir. Layihələşdirmə işləri 2006-cı ilin fevral-avqust aylarında görüləcəkdir. Tikintiyə 2006-cı ilin may ayında başlanması və 2007-ci ilin sentyabr ayında tamamlanması planlaşdırılır. Görüləcək işlər: uzunluğu 190 metr olan altızolaqlı 1 ədəd yolötürücüsü, ümumi uzunluğu 450 metr olan ikizolaqlı 2 ədəd yolötürücüsü, 2660 metr uzunluğunda istinad divarları, ümumi uzunluğu 300 metr olan 4 ədəd yerüstü piyada körpü keçidi, 4 ədəd avtopavilyon.

3-cü mikrorayon dairəsi: qovşağın layihəsi 2006-cı ilin may-dekabr ayları ərzində hazırlanacaqdır. Burada tikinti işlərinə 2006-cı ilin noyabr ayında başlamaq və 2007-ci ilin sonunda tamamlamaq nəzərdə tutulur. Qovşaqda görüləcək tikinti işləri: uzunluğu 200 metr olan dördzolaqlı 1 ədəd yolötürücüsü, ümumi uzunluğu 440 metr olan 2 ədəd ikizolaqlı yolötürücüsü, 2240 metr uzunluğunda istinad divarları, ümumi uzunluğu 220 metr olan 5 ədəd yerüstü piyada körpü keçidi, 5 ədəd avtopavilyon.

20 Yanvar dairəsi: cənab Prezident, bu yol qovşağınını yenidən qurulması üçün müxtəlif variantlara baxılmış və Sizə təqdim olunan variant üzrə layihələşdirmə işləri 2006-cı ilin aprel-dekabr aylarında aparılacaqdır. Tikintiyə cari ilin avqust ayından başlanması və işlərin 2007-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Obyektdə görüləcək işlər: uzunluğu 180 metr olan altızolaqlı 1 ədəd yolötürücüsü, uzunluğu 150 metr olan dördzolaqlı 1 ədəd tunel, 1180 metr uzunluğunda istinad divarları, 190 metr uzunluğunda 4 ədəd piyada körpü keçidi, 4 ədəd avtopavilyon.

Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsi: obyektin layihəsi 2006-cı ilin iyun-dekabr ayları ərzində hazırlanacaqdır. Tikinti işlərinə 2006-cı ilin avqust ayında başlamaq və 2007-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır. Hazırda burada geodeziya-axtarış işləri davam etdirilir. Qovşaqda görüləcək işlər: uzunluğu 370 metr olan altızolaqlı 1 ədəd yolötürücüsü, 720 metr uzunluğunda istinad divarları, ümumi uzunluğu 196 metr olan 4 ədəd yerüstü piyada körpü keçidi, 4 ədəd avtopavilyon.

Cənab Prezident, bu qovşaqlarda görüləcək işlərin qiymətləri və tikinti müddətləri layihələr başa çatdıqdan sonra bir daha dəqiqləşdiriləcəkdir.

Göstərilən işlərin müəyyən edilmiş müddətdə həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, layihələr üzrə maliyyə məsələlərinin ilkin hissəsi həll edilmiş, tikinti işlərini yerinə yetirəcək podratçı şirkətlər qismən müəyyənləşdirilmişdir. Tikinti işlərinin icrası zamanı hərəkət prosesində müəyyən problemlərin yaranacağı labüddür və bu zaman Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hərəkətin tənzimlənməsi ilə bağlı razılaşdırılmış tədbirlər həyata keçirilməlidir. Eyni zamanda, göstərilən qovşaqlarda mövcud kommunikasiyaların tezliklə köçürülməsi tikinti işlərinin vaxtında başa çatdırılmasına zəmin yaradacaqdır.

Hesab edirik ki, problemlər bununla bitmir. Cənab Prezident, Sizin tapşırıqlarınıza müvafiq olaraq, göstərilən problemlərin kompleks həlli məqsədi ilə yaxın gələcəkdə şəhərin digər yollarında və daha 12 yol qovşağında, o cümlədən Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində, Azneft, Suraxanı və “Xalqlar dostluğu” dairələrində, “Excelsior” hotelinin qarşısındakı dairədə, Mətbuat prospekti ilə Haqverdiyev küçəsinin kəsişməsində, “Sevil” kinoteatrının qarşısında, Babək prospektində avtomobil bazarının qarşısında və digər qovşaqlarda anoloji işlərin görülməsi nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələrinin çoxluğu və hərəkətin sıxlığı səbəbindən göstərilən işlərin mərhələlərlə həyata keçirilməsi məqsədəuyğundur. Hərəkətin intensivliyinin gələcəkdə daha da artacağını nəzərə alsaq, şəhərdə yeraltı və yerüstü avtomobil dayanacaqlarının inşasına və küçələrin genişləndirilməsinə böyük ehtiyac duyulur.

Yol hərəkətinin tənzimlənməsi ilə bağlı görüləcək tədbirlər sırasına ilkin sxematik variantda hazırlanmış, yol birləşmələri və kəsişmələri müxtəlif səviyyədə olan 14 kilometrlik Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolu da daxildir. Bu yol üzərində, Əzizbəyov dairəsi də daxil olmaqla, 6 ədəd yol qovşağı, o cümlədən Sabunçu, Bakıxanov dairələri, Əmircan qəsəbəsi qarşısındakı yol qovşağı, Yeni Suraxanı dairəsi, hava limanına döngədə yol qovşağı və dəmir yolu üzərindən keçən 1 ədəd avtomobil körpüsü mövcuddur. Yolun tərtib olunan görünüşü və ilkin hesablamalar nazirliyin mütəxəssisləri və Texnologiya Körpütikinti Layihə-İstehsalat Müəssisəsi tərəfindən işlənilmişdir. Eyni zamanda Almaniyanın arxitektura və planlaşdırma şirkəti tərəfindən də alternativ layihə işlənilmişdir. Lakin təqdim edilən hazırkı layihə iqtisadi və texniki cəhətdən daha səmərəli variant kimi qiymətləndirilmişdir.

Möhtərəm cənab Prezident, bildirmək istərdim ki, Sizin tapşırığınıza uyğun olaraq, yeni variantda layihələşdiriləcək, başlanğıcını Lökbatan dairəsindən götürməklə, Xırdalan, Binəqədi, Mehdiabad, Məmmədli, Zabrat, Maştağa, Ramana qəsəbələrinin yanından keçərək, Zığ-Hövsan şosesi ilə birləşən və nəqliyyatın 8 cərgəli hərəkəti üçün nəzərdə tutulmuş 54 kilometrlik “Bakı dairəvi-2” avtomobil yolunun gələcəkdə tikintisi ilə bağlı araşdırmalar aparılmış və yolun keçəcəyi ərazilər öyrənilmişdir. Hesab edirik ki, bu yolun imkan daxilində tikintisi Bakı şəhərində tıxacların aradan qaldırılmasına, yük və sərnişin daşımalarının asanlaşdırılmasına xidmət edəcəkdir.

Bakı şəhərində inşa edilən müasir tələblərə cavab verən yeni beynəlxalq avtovağzal kompleksi istifadəyə verildikdən sonra sərnişin daşıyan nəqliyyat vasitələrinin şimal və cənub istiqamətlərində şəhərə girişi məhdudlaşdırılacaqdır. Eyni zamanda, “Bakı dairəvi-1” avtomobil yolu istismara verildikdən sonra sərnişin avtobuslarının və yük avtomobillərinin hərəkətinin şəhərin mərkəzinə daxil olmadan həyata keçirilməsi təmin ediləcəkdir.

Cənab Prezident, xüsusi olaraq qeyd etmək istərdim ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi barədə” Sizin 2005-ci il 28 dekabr tarixli Fərmanınıza uyğun olaraq, avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşımalarına lisenziyaların təqdim edilməsi bu fəaliyyət növü ilə məşğul olan daşıyıcıların işinin təşkilində nizam-intizam yaradacaq, nasaz avtonəqliyyat vasitələrindən istifadənin qarşısını alacaq, eyni zamanda, vətəndaşlarımıza xidmətin səviyyəsini xeyli yaxşılaşdıracaq, həmçinin hərəkətin təhlükəsizliyinin təmin edilməsində və vergidən yayınma hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edim ki, Sizin tapşırıq və tövsiyələrinizlə həyata keçirilən bu işlərin icra edilməsi üçün əlaqədar qurumlarla birlikdə bütün lazımi tədbirlər görüləcəkdir.

Diqqətinizə görə sağ olun!

X X X

İLHAM ƏLİYEV: Sağ olun. Çox böyük bir proqramdır. Siz bunları qısa müddət ərzində hazırladınız, təqdim edirsiniz. Bu, çox nəhəng bir layihədir. Demək olar ki, Bakının yol hərəkətinin əksər problemlərini həll edəcək bir layihədir və lazımdır ki, qısa müddət ərzində biz bunun icrasına nail olaq. Mən elə başa düşdüm ki, bunun tikintisi, haradasa, iki il çəkər. Yəqin ki, yüksək səviyyədə tikiləcəkdir. Həm yol örtüyü, həm də bütün kommunikasiyalar, infrastruktur, körpülər və sair gərək ən yüksək dünya standartlarına cavab versin.

İndi isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova söz verilir.

HACIBALA ABUTALIBOV: Möhtərəm Prezident!

Bakı şəhərində sahil xəttinin uzunluğu 30 kilometrdir. Eni istiqamətində qərbdə 16, mərkəzdə 9, şərqdə isə 12 kilometr olmaqla, 22,1 min hektar torpaq sahəsini əhatə edir. Bakı şəhərinin baş planı ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənilmiş və 1986-cı ildə təsdiq edilmişdir. Bakı şəhərinin baş planı şəhərin əsas strateji inkişaf və tərəqqi yollarını müəyyən edən elmi-praktik layihədir. Paytaxtın baş planına əsasən Bakının magistral yollarının ümumi uzunluğu 2 min 50 kilometrə yaxındır. Baş planda əsas magistral yollar 6 radial yollardan və 4 dairəvi yollardan ibarətdir. Xəritədə dairəvi yollar qırmızı xətlərlə göstərilmişdir.

Respublikada baş vermiş hadisələr, Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlərin Bakı şəhərinə gəlməsi baş plana uyğun olan bu 6 radial yolun və 4 dairəvi yolun tamamilə başa çatmasına maneçilik törətmişdir. Bu gün demək olar ki, Bakı şəhərində bir dənə də dairəvi və radial yolun çəkilməsi başa çatmamışdır. Elə ona görə də Yaponiya mütəxəssisləri Bakıya dəvət edilmiş və onlar şəhərin baş planına uyğun olaraq magistral yolların, ümumiyyətlə, nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar elmi-praktik layihəni Nazirlər Kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmişlər.

Bu layihəyə uyğun olaraq, magistral yollar 6 radial yoldan və 4 dairəvi yoldan ibarətdir. Burada radial yollar qırmızı, dairəvi yollar isə göy xətlərlə göstərilmişdir. Fikir versək, dairəvi yolların tamamilə başa çatması üçün əlavə yolların tikilib qurtarması mütləq vacibdir.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə məqsədyönlü sosial-iqtisadi siyasətin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində əhalinin alıcılıq qabiliyyəti sürətlə artmışdır. Axırıncı iki il ərzində əhali tərəfindən alınan avtomobillərin sayının artması da bunu təsdiq edir. Son iki ildə Bakı şəhərində əhali tərəfindən alınan maşınların sayı 100 mini ötmüşdür. Elə bu da Bakı şəhərində nəqliyyatda problemin əmələ gəlməsinə səbəb olmuşdur.

Əgər rayonlardan Bakı şəhərinə gəlib-gedən və şəhərdən tranzitlə keçən avtomobillərin sayını (50-70 min ədəd), paytaxtda 299 min avtomobilin qeydiyyatda olduğunu, habelə 59 mindən yuxarı avtomobilin müvəqqəti qeydiyyatını nəzərə alsaq, hazırda Bakı şəhərində gündə 400 mindən çox avtomobil hərəkət edir.

İLHAM ƏLİYEV: Deməli, ümumi sayın təxminən 70 faizi.

HACIBALA ABUTALIBOV: 400 mindən yuxarıdır.

İLHAM ƏLİYEV: Bu, daha da artacaqdır.

HACIBALA ABUTALIBOV: Gələn il isə yalnız Bakı şəhərində 70 minə qədər avtomobil alınacağı ehtimal olunur. Ona görə də Sizdən çox xahiş edirik...

İLHAM ƏLİYEV: Siz o rəqəmi haradan götürürsünüz?

HACIBALA ABUTALIBOV: Dövlət Yol Polisinin verdiyi məlumatdır. Yalnız paytaxtda 44 min avtomobil qeydiyyata alınıbdır.

İLHAM ƏLİYEV: Keçən il, 2005-ci ildə.

HACIBALA ABUTALIBOV: Bəli. Bu il isə 60-70 min avtomobilin alınacağı ehtimal olunur. Ona görə də birinci növbədə, Sizin göstərişiniz əsasında Ziya müəllimin təklif etdiyi körpülərdən başqa, əlavə keçidlərin də salınması vacibdir. Çünki magistral yollarda hərəkət edən nəqliyyat vasitələrinin heç biri digərinə maneəçilik törətməməlidir və dövlət yolunda sürət saatda 100 kilometrdən aşağı olmamalıdır. Ona görə də təklif edirik ki, ilk növbədə, yeraltı-yerüstü avtomobil keçidləri, körpüləri ilə yanaşı, Passaj bazarının yerində, metronun “Nizami” stansiyasının yanında, Nərimanov prospektində, Heydər Əliyev prospektindən Keşlə qəsəbəsinə dönən hissədə yerüstü avtomobil qarajları tikilsin. Digər tərəfdən, Azneft meydanında, Qız qalasının qarşısında, Xalçaçılıq muzeyinin (keçmiş Lenin muzeyi) yanında yeraltı avtomobil yollarının salınması mütləq vacibdir.

Bundan başqa, Heydər Əliyev prospekti - hava limanı magistralında nəqliyyatın maneəsiz hərəkət etməsi üçün əlavə keçidlər, “Ramstore” mağazasının, Səttarxan adına zavodun, “Ulduz” metro stansiyasının, “Şəfa” stadionunun, şərab zavodunun və Bakı tikiş və ayaqqabı fabriklərinin yanında yeraltı və yerüstü avtomobil keçidlərinin salınması məqsədəuyğundur.

Bununla belə xüsusi vurğulamaq istərdim ki, əlavə yolların və magistral yolların çəkilməsində yolun uzunluğunun qiymətləndirilməsi Yaponiya mütəxəssislərinin tərtib etdiyi layihələrdə öz əksini tapmışdır. Lakin onların tərtib etdiyi və 20 il üçün hesablanmış layihədə ildə Bakı şəhərinə əlavə 8-9 min fərdi maşının gətirilməsi nəzərdə tutulur.

Ancaq təkcə ötən il avtomobillərin sayının 44 mini keçməsi göstərir ki, hətta Yaponiya mütəxəssisləri də Azərbaycanda çox böyük sürətlə gedən iqtisadi inkişafı nəzərə ala bilməmişlər. Ona görə də bu layihə ən geci 2010-cu ilədək tamamilə hazır olmalıdır. Yalnız bu halda Bakı şəhərində nəqliyyat sistemini tamamilə təkmilləşdirmək, müəyyən qaydaya salmaq mümkündür.

Bakı Şəhər İcra Hakimiyyəti ətraf mühitin ekoloji mühafizəsi nöqteyi-nəzərindən şəhərin mərkəzində fərdi minik avtomobillərinin hərəkətinə məhdudiyyətlərin qoyulmasını təklif edir. Möhtərəm Prezident, dünya təcrübəsinə əsaslanaraq, müəyyən saatlarda fərdi minik avtomobillərinin şəhərin mərkəzinə gəlməsi də məhdudlaşdırılmalıdır. Bunun əvəzində çoxyerlik avtobusların hərəkətinə üstünlük verilməlidir.

Möhtərəm Prezident, 30 ildən çoxdur ki, Bakı şəhərinin əsaslı topoqrafik xəritəsi hazırlanmayıbdır. Ona görə Sizdən çox xahiş edirəm ki, həm şəhərsalma, həm də nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün lazım olan rəqəmli topoqrafik xəritəni - heç olmasa, 1:500 miqyaslı - hazırlamaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göstəriş verəsiniz.

Beləliklə, bir daha demək istərdim ki, layihələşdirmə və görüləcək işlər paralel aparılarsa, biz iki il ərzində Bakı şəhərində nəqliyyatın tam tənzimlənməsinə nail ola bilərik. Ona görə də Sizdən xahiş edirəm ki, paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar imzalayacağınız Sərəncamın tez bir zamanda həyata keçirilməsi üçün göstəriş verəsiniz.

Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

İLHAM ƏLİYEV: Sağ olun. Mən qeyd etdim ki, bu iki istiqamətdə işlər paralel şəkildə öz həllini tapmalıdır. Ancaq o təqdirdə biz Bakının yol hərəkətində olan problemləri həll edə bilərik. Şübhəsiz ki, gələcəyi də düşünməliyik. Çünki artıq bizim hamımız üçün aydındır ki, gələcəkdə maşınların sayı daha da artacaqdır. Ona görə gələcəkdə iki, üçsəviyyəli yolların tikilməsi lazım olacaqdır. Amma bu mərhələdə, gələn iki il ərzində əgər bütün bu proqramlar həyata keçsə, bu sahədə çox ciddi dönüş yaranacaqdır.

İndi isə daxili işlər naziri Ramil Usubova söz verilir.

X X X

RAMİL USUBOV: Möhtərəm cənab Prezident, Sizin yanınızda olan bugünkü müzakirə onu göstərir ki, həqiqətən də Bakı şəhərində və ümumiyyətlə, respublikamızda avtonəqliyyatın sürətlə artması problemlər yaradır və bu problemlərin həllinə Sizin böyük diqqətiniz və qayğınız hamı tərəfindən hiss olunur. Cənab Prezident, çox haqlı qeyd etdiniz ki, son illərdə aparılan siyasət nəticəsində ölkəmizdə iqtisadi inkişaf böyük sürət, vüsət alıb və insanların, vətəndaşlarımızın alıcılıq qabiliyyəti yüksəlibdir. Həqiqətən də, elə bu son 5 ili götürəndə, hər il orta hesabla 25-30 min avtonəqliyyatın xaricdən alınaraq Azərbaycana gətirilməsi iqtisadiyyatımızın inkişafından, insanlarımızın maddi rifah halının yaxşılaşmasından xəbər verir. Cənab Prezident, bu problemlərin həlli yolları nəqliyyat naziri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qeyd olundu. Əlbəttə, bu məsələlərin həlli, eyni zamanda, daxili işlər orqanlarının bu işlərə cavabdeh olan əməkdaşlarının da fəaliyyətinin yaxşılaşdırılmasına, onların məsuliyyətinin artırılmasına gətirib çıxaracaqdır.

Hörmətli cənab Prezident, burada qeyd olundu, məsələn, Azərbaycanda 610 mindən çox avtomobil var, onun da demək olar ki, 60-70 faizi Bakı şəhərində cəmləşibdir. Bakı şəhərində bu problemlərin yaranmasının da səbəbi avtonəqliyyatın artması, əhalinin çoxalmasıdır. Əlbəttə, bu tələb edir ki, yeni icra strukturları yaradılsın.

Bizim apardığımız araşdırmalar onu göstərir ki, əgər yaxın gələcəkdə, yəni 2-3 ildə, planda nəzərdə tutulduğu kimi, yolötürücülərinin tikilməsi, əlavə avtodayanacaqların yaradılması, dairəvi yolun çəkilməsi, əlbəttə ki, tıxacların azalmasına gətirib çıxaracaqdır. Real hesablamalar da onu göstərir ki, əgər bütün bu tədbirlər görülərsə, doğurdan da, yaxın 5-10 ildə Bakı şəhərində bu problemlər xeyli azalar.

Cənab Prezident, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, məsələn, 1988-ci illə indiki vəziyyəti müzakirə eləsək, görərik ki, 1988-ci ildə Bakıda sərnişin daşınmasında cəmi 800-900 avtobusdan istifadə olunurdu. Bu gün avtobusların sayı 19-20 dəfə artıbdır. Doğrudur, bu ötən illər ərzində Bakının əhalisi də 1-2 dəfə artıbdır. Lakin avtobusların bu qədər çoxalması müəyyən problemlər də yaradıbdır. Cənab Prezident, Sizin 2005-ci ilin 28 dekabr tarixli Fərmanınız lisenziya baxımından çox vaxtında imzalanmış sənəddir. Yəni burada vəziyyətə nəzarət olunacaq və bu da perspektivdə bu sahədə bir qayda yaradacaqdır. Sənədin bizə aid hissəsinin icrası artıq nəzarətə götürülüb və yerinə yetirilir.

Cənab Prezident, mən vaxtınızı çox almaq istəmirəm, planda icrası nəzərdə tutulan işlərin sürətlə getməsi, yəni burada qeyd olunduğu kimi 2-3 ilə başa çatması, əlbəttə, öz müsbət nəticəsini verəcəkdir.

Lakin eyni zamanda, hesab edirəm ki, bizim müəyyən daxili imkanlarımız var və yaxın 2-3 ili gözləmədən bunlardan istifadə etməklə, Bakı şəhərində tıxacların azalması üçün operativ tədbirlər görmək olar. Cənab Prezident, şəxsən daxili işlər naziri kimi mən öz fəaliyyətimizə tənqidi yanaşmaq məqsədi ilə demək istəyirəm ki, tıxaclar yaranarkən daxili işlər orqanlarında bu sahəyə cavabdeh olan polis əməkdaşları heç də həmişə vaxtında oraya gəlmirlər, lazımi tədbirlər görülmür. Bu sahəyə baxan ayrı-ayrı əməkdaşların məsuliyyət hissinin nisbətən az olması, əlbəttə, ümumi işə mənfi təsir göstərir. Daxili İşlər Nazirliyinin rəhbərliyi bu sahədə olan nöqsanların qısa müddətdə aradan qaldırılması, Bakı şəhərində tıxacların yaranmaması, avtonəqliyyatın normal hərəkətinin yaxşılaşması üçün heç bir maddi xərc tələb etmədən əlavə tədbirlər görür və görəcəkdir.

Hörmətli cənab Prezident, polis əməkdaşları tərəfindən ildə təqribən 480 min yol hərəkəti qaydalarının pozulması halları müəyyən edilir və bu vətəndaşlar müxtəlif cəzalara məruz qalırlar. Lakin, cənab Prezident, mən belə hesab edirəm ki, biz bu sahədə də qanunlarımıza yenidən baxmalıyıq. Çünki cəzalar o qədər yüngüldür ki, necə deyərlər, sadəcə, bizim gözlədiyimiz səmərəni vermir. Ona görə də qanun pozuntusuna yol vermiş sürücülərin cəzalarının artırılması çox mühüm məsələlərdən biri kimi gündəliyə çıxmışdır.

Bundan əlavə, cənab Prezident, dayanacaqların birinci növbədə tikilməsi, - xüsusən də Bakı şəhərinin mərkəzində, - önə çəkilməlidir. Məsələn, cənab Prezident, şəhərin mərkəzi hissəsində gündə təqribən 7-8 min maşın yolun kənarında dayanır. Bu isə onsuz da dar olan küçələrimizdə hərəkət imkanını təqribən 30-40 faiz azaldır. Əgər biz dayanacaq məsələsini təcili surətdə həll etsək, yolları hətta iki-üç-dörd ildən sonra genişləndirsək belə, indinin özündə problemi müəyyən qədər həll etmiş olarıq.

Bir sözlə, cənab Prezident, bir daha qeyd eləmək istəyirəm ki, məsuliyyətimizi başa düşürük və Sizi əmin edirəm ki, daxili işlər orqanlarının şəxsi heyəti, bu sahəyə cavabdeh olan yol-patrul xidməti, yol polisi əlindən gələni edəcək ki, Bakı şəhərində sərnişinlərin, vətəndaşlarımızın normal nəqliyyatla hərəkəti təmin edilsin.

Diqqətinizə görə sağ olun, məruzəm qurtardı.

X X X

Prezident İlham Əliyev müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO