AZƏRBAYCAN BMT-NİN DAHA BİR PROTOKOLUNA QOŞULDU
Layihə ilə bağlı məlumat verən Milli Məclis sədrinin müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov demişdir ki, Azərbaycan bu Protokola xüsusi bəyanat və qeyd-şərtlə qoşulur.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hazırkı Protokolun müddəalarının yerinə yetirilməsinə həmin ərazilər işğaldan azad olunanadək təminat vermir (sənədə həmin ərazilərin sxematik xəritəsi əlavə olunur).
Qeyd-şərtdə isə Azərbaycan Respublikasının Protokolun 16-cı maddəsinin II bəndinə qoşulmadığı göstərilir. Həmin bənddə iştirakçı dövlətlərin mübahisəli məsələlərin arbitraj və beynəlxalq məhkəmələr yolu ilə həlli göstərilir.
Müzakirələr zamanı deputatlar sənədin ölkəmizin milli maraqlarına cavab verdiyini vurğulamış və təsdiq etmişlər.