AVROPADAN AFRİKAYA TUNEL ÇƏKİLƏCƏK
AZƏRTAC Britaniyanın “İndependent” qəzetinə istinadla xəbər verir ki, İspaniya və Mərakeş hökumətləri Cəbəllütariq boğazının dibi ilə dəmir yol çəkdirməyi qərara almışlar. Hesablamalara görə, bu yolla Sevilyadan Tanjerə cəmi 90 dəqiqəyə gəlmək olacaqdır. Mühəndislər etiraf edirlər ki, bu, texniki cəhətdən mürəkkəb bir layihədir. Fransanı İngiltərə ilə birləşdirən La-Manş tuneli onunla müqayisədə “uşaq oyuncağı”dır.
Avropa ilə Afrika arasında tunel haqqında arzu gerçəkləşməyə getdikcə yaxınlaşır. Buna baxmayaraq, qatarın Sevilyadan Tanjerə yola düşəcəyi günü, çox güman, hələ 20 il gözləmək lazım gələcəkdir.
Bu layihə hələ ötən əsrin 70-ci illərində meydana gəlmişdir. 1980-ci ildə İspaniya və Mərakeş hətta xüsusi saziş bağlamışdılar, lakin sonralar iki ölkənin münasibətləri gərginləşdiyinə görə bu məsələ 2005-ci ilədək qaldırılmadı. İspaniya kralı Xuan Karlosun Mərakeşə səfəri zamanı isə o, əsas məsələ oldu. Odur ki, ilkin işlərə artıq bu il başlanıla bilər.
Doğrudur, mühəndislər etiraf edirlər ki, yol üstündə çətinliklər olduqca çoxdur. Hələ heç vaxt belə obyekt tikilməmişdir. Layihədə iştirak edən “Lombardi İnciniərinq” şirkətinin başçısı, isveçrəli mühəndis Covanni Lombardi deyir ki, Sevilya-Tanjer yolu ilə müqayisədə La-Manşın dərinliyi və suyun təzyiqi xeyli azdır, dəniz axınları daha zəifdir, qaya süxurları isə daha möhkəmdir.
Boğazın ən dar yerində Mərakeşi və İspaniyanı cəmi 9 millik məsafə ayırır. Aralıq dənizinin bir sahilindən digər sahili çox aydın görünür, buna görə də adama elə gəlir ki, burada körpü tikmək asan bir işdir. Lakin körpü salmaq ideyası texniki mülahizələrə görə məqbul sayılmamışdır.
Bundan başqa, boğazın ən dar yerində tunel tikmək ideyası da baş tutmur, çünki burada onun dərinliyi min metrə çatır. Odur ki, tunelin 28 kilometr uzunluğunda sualtı hissəsini dərinliyi təxminən 300 metrə çatan sahədə çəkmək planlaşdırılır. Beləliklə, tunelin ümumi uzunluğu 40 kilometr olacaqdır.
Layihənin son dəyəri hələlik məlum deyil. Lakin müxtəlif hesablamalara görə, bu, 6,5-13 milyard avro arasında ola bilər.
İspaniya və Mərakeş hökumətləri tunelə böyük ümidlər bəsləyirlər, çünki hazırda iki dövlət arasında sərnişin axını olduqca böyükdür. İspaniyada iki milyonadək mərakeşli yaşayır. Digər tərəfdən, Mərakeş 2010-cu ilədək ölkəyə 10 milyon turist cəlb etmək niyyətindədir.