AVROPADA YANĞINLAR TÜĞYAN EDİR
Portuqaliyada vəziyyət xüsusilə gərgindir. Ölkə yanğınlardan böyük zərər çəkir. Şimalda və cənubda təxminən 30 min hektar meşə tamam yanmışdır. Yanğınlar yaşayış məntəqələrinə lap yaxınlaşmışdır ki, bu da sakinlərin səhhətinə ağır təsir göstərir. Neçə-neçə ev yanmışdır. Atlantik okeanı sahilindəki çimərliklərdə dincələn yüzlərlə insan başqa yerə köçürülmüşdür. Ölkə ərazisində yanğınla mübarizə üçün 40-dək təyyarə və vertolyotdan istifadə olunur. Lakin xüsusi texnika çatmır. Ona görə də Portuqaliya hökuməti kömək üçün Avropa Birliyi ölkələrinə müraciət etmişdir.
Təbii fəlakət qonşu İspaniyaya da ciddi ziyan vurur. İsti hava və güclü külək yanğının daha geniş əraziləri əhatə etməsi təhlükəsini getdikcə artırır.
Fransanın Korsika adasının şimalında alov 400 hektardan çox meşəni məhv etmişdir. Yanğınla mübarizə üçün 4 xüsusi təyyarə və əlavə canlı qüvvə gətirilmişdir.
Sinoptiklərin proqnozlarına görə, Avropada yaxın vaxtlarda istilər səngiməyəcəkdir.