AVRO 5 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Son sorğuların nəticələrinə görə, avronun tətbiqi üçün daha çox canfəşanlıq edən Fransa, İtaliya və Almaniya vahid Avropa valyutasından razı deyillər. Əsas narazılığı qiymətlərin artması doğurur. Rəyi soruşulanların 81 faizi məhz bu fikirdədir. Jurnalist tədqiqatları göstərmişdir ki, Fransada son beş ildə 30 adda ən zəruri malların qiyməti 80 faiz, 1 kiloqram kartof 93 faiz, diş məcunu 84 faiz bahalaşmışdır. Fransanın Baş naziri Dominik de Vilpen sorğuların nəticələri dərc olunduqdan sonra kommunal xidmətlər, mənzil kirayəsi və telefon rabitəsi sahələrində qiymətlərin tənzimlənəcəyini vəd etmişdir.
Fransızların və ispaniyalıların əksəriyyəti ikili qiymət sisteminə qayıdılmasını, yəni qiymətlərin həm avro, həm də milli valyuta ilə göstərilməsini istərdi, çünki adamlar malların əsl qiymətinə alışa bilmədiklərindən pul xərcləməyə tələsmirlər.
Avropa Komissiyası isə bildirmişdir ki, inflyasiya bəzən yanlış başa düşülür. Avropa Komissiyasının nümayəndəsi Xoakin Almuninin fikrincə, bəzi ölkələrdə inflyasiya heç vaxt belə aşağı səviyyədə olmamışdır. Valyutanın məzənnəsində kəskin dəyişikliklərin qarşısının alınması, ixrac olunan malların qiymətinin aşağı düşməsi, Avropa məkanında mübadilə və sərmayə yatırımının artması - avronun bu kimi üstünlükləri də var. Bu, Avropa İttifaqının üzvü olmayan ölkələrlə ticarətdən asılılığı azaldır. Bundan savayı Avropa İttifaqı məkanında eyni valyutadan istifadə olunması məişət baxımından da rahatdır.
Son tədqiqatlar göstərmişdir ki, Yeni il ərəfəsində əldəki avronun məbləği ABŞ dollarından çox olmuşdur. Hazırda avro həm fərdi şəxslər, həm də öz valyuta ehtiyatlarını bu pul vahidinə çevirən dövlətlər üçün sərfəlidir.