Arzuları ifadə edən naxışlar...
Sumqayıt, 17 yanvar, AZƏRTAC
Təkəlduz sənətində sapların rəng harmoniyasını tapmaq görəcəyin işin yarısı deməkdir. Müxtəlif rənglərə boyanmış ipək saplarla doldurulan əlvan naxışlar əl işi başa gələnə qədər sənə rahatlıq verməyəcək. Bu duyğuları sözlə ifadə etmək çətindir.
Bunu AZƏRTAC-ın əməkdaşı ilə söhbətində təkəlduz ustası Samirə Bayramova deyib.
Həmsöhbətimz Laçında anadan olub, işğal zamanı - 1992-ci ildə 10 yaşında ikən ailəsi ilə birgə Sumqayıt şəhərinə gəlib, məcburi köçkünlük həyatı yaşayıb. İbtidai sinif müəlliməsidir, Laçın rayonu 5 nömrəli məktəbdə çalışır. Laçına qayıdacağı günü səbirsizliklə gözləyir. Elə əl işlərində də vətənpərvərlik mövzusu diqqət çəkir.
Samirə Bayramova bu sənətə uşaqlıqdan başlayıb, anasını ilk müəllimi hesab edir. Amma sonralar “böyük sənətə” gəlmək üçün peşəkarlardan öyrənməyin vacibliyini anlayıb. Sərgilərdə tikmə, xovlu tikmə və təkəlduz nümunələri ilə iştirak edir.
İndiyədək ən uğurlu əl işləri arasında “İçərişəhər”i xüsusi vurğulayır. Deyir ki, bu əl işinin üzərində bir il çalışıb. “Sevə-sevə işləmişəm. Elə olub ki, gün ərzində 3-4 saat yatmışam, amma nə bezmişəm, nə də yorulmuşam”, - deyə əlavə edir.
Mövzu seçimindən danışarkən bunun çox zaman həmin an nə hiss etməsi ilə bağlı olduğunu söyləyir. Buna misal kimi, “Xarıbülbül” əsərini vurğulayır: “Rəssama onun eskizləri ilə bağlı sifariş verəndə, müharibə ab-havası yox idi. 2020-ci ilin fevralında işi götürdüm və onu başa çatdırmamış, sentyabrın 27-də müharibə başladı. Müharibə dövrünə düşdüyündən çox istəyirdim ki, Şuşa azad olunana qədər işi bitirim. Nə yaxşı ki, elə də oldu, Şuşa azad olunanadək əl işimi tamamladım”.
Samirə Bayramova “Xarıbülbül” əsərini Şuşaya gedərkən şəhərə bağışlayacağını deyir.