Aprel döyüşləri şanlı hərb tariximizdir
Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Aprel döyüşləri şanlı hərb tariximizdir” mövzusunda onlayn tədbir keçirilib.
Onlayn tədbirdə muzeyin əməkdaşları, rayon ziyalıları, şəhid anası Ziba Əsgərli, rayonun Hişkədərə kənd tam orta məktəbinin müəllim və şagirdləri, Masallı Regional “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında bildirib ki, Aprel döyüşlərində ölkəmizin digər bölgələri kimi, Masallıdan olan gənclər də öz igidlikləri ilə fərqləniblər. Bu döyüşlərdə Masallıdan olan gizir Nurlan Əsgərli, əsgər Firdovsi Bağırzadə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıblar.
Onlayn tədbirdə rayon ziyalısı Məmmədağa Şiriyev, Hişkədərə kənd tam orta məktəbinin direktoru İlham Ağayev, “ASAN xidmət” mərkəzinin könüllüsü Lamiyə Məmmədova mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Aprel döyüşlərində Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatlarından, azad edilmiş ərazilərdən, orduya ümumxalq dəstəyindən söz açılıb.
Onlayn tədbirin sonunda iştirakçılar rayonda şəhidlərin şəxsi əşyalarından təşkil edilmiş sərgi ilə tanış olublar.