ANAMA “Saloğlu” layihəsini başa çatdırmışdır
Bakı, 6 iyul (AZƏRTAC). Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyi (ANAMA) “Saloğlu” layihəsini başa çatdırmışdır.
Layihə çərçivəsində görülən işlərə Ağstafada keçirilən tədbirdə bir daha nəzər salınmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, NATO-nun maddi təminat və təchizat üzrə nümayəndəsi və ekspertlər iştirak etmişlər.
“Saloğlu” layihəsi barədə ətraflı məlumat verən ANAMA-nın baş direktoru Nazim İsmayılov demişdir ki, bir vaxtlar sovet ordusunun ən böyük bazalarından olan “Saloğlu”da 140-a yaxın sursat anbarı olmuşdur. 1991-ci ildə bu anbarların partladılması nəticəsində 440 hektar əraziyə partlamamış hərbi sursat (PHS) səpələnmişdir. Onların partlaması nəticəsində isə 37 nəfər ölmüş, 100-dək insan müxtəlif xəsarətlər almışdır. 2003-cü ildən bu ərazidə fəaliyyətə başlayan ANAMA layihə çərçivəsində 565 hektar ərazini təmizləmiş, təxminən 250 növdə 600 min partlamamış sursat, o cümlədən beynəlxalq qanunlarla tətbiqi qadağan olunan fosforlu mərmilər tapılaraq zərərsizləşdirilmişdir.
”Saloğlu” layihəsindən xatirə olaraq Saloğlu kənd məktəbinin ərazisində yeni inşa olunan idman meydançasının da açılışı olmuşdur.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Türkiyə səfirliyinin nümayəndəsi Kaya Bakkalbaşı layihə əsasında görülən işləri yüksək qiymətləndirmişlər.
NATO-nun nümayəndəsi də ANAMA ilə əməkdaşlığın davam etdiriləcəyini söyləmişdir.