ALMANİYADA “ƏT QALMAQALI”
Qida və ərzaq məhsulları müfəttişləri istifadə müddəti ötmüş bu ətin ilk üç tonunu Gelzenkirxen şəhərində soyuducularda və qablaşdırılma ilə məşğul olan müəssisədə aşkar etmişlər. Anonim telefon zəngi ilə müəssisəyə gələn müfəttişlər möhtəkirləri iş başında - bağlamaların üzərindəki etiketləri “yeniləri” ilə əvəz edərkən yaxalamışlar.
Müfəttişlər bundan sonra bir-biri ilə cinayət əlaqəsində olan daha 26 məhdud məsuliyyətli müəssisədə yoxlamalar aparmış və 6 ticarət mərkəzinə göndərilmək üçün qablaşdırılmış daha üç ton zay ət aşkar etmişlər.
İfşa olunan və yaxalanan istehlakçıların hamısı Bavariyadakı “Brunner – MMM” ət məhsullarının topdansatış firması tərəfindən təchiz olunduqlarını etiraf etmişlər. Qəfil yoxlamalar davam etdirilərkən “Brunner – MMM” firmasının Münxendəki sallaqxanasının soyuducu kameralarından zay, istifadəyə yarasız 60 ton ət təcili aradan çıxarılmışdır.
Təhqiqatlar göstərmişdir ki, “Brunner” firması yalnız Almaniyanı deyil, Avropa İttifaqının bir sıra ölkələrini də zay ət məhsulu ilə təchiz etmişdir. Belə məhsul müntəzəm olaraq Çexiya, İtaliya, Danimarka, Fransa və Benilüks ölkələrinə (Belçika, Niderland, Lüksemburq) də göndərilirmiş. Almaniya hökuməti təcili olaraq həmin ölkələrə müraciət edərək zay əti satışdan kənarlaşdırmağı tövsiyə etmişdir.
Yaxın günlərdə “ət sövdəgərlərinin” məhkəməsi başlamalı idi. Amma, deyəsən, proses müvəqqəti olaraq təxirə salınacaqdır. Çünki “Brunner-MMM” topdansatış firmasının sahibi, möhtəkirlərin rəhbəri 74 yaşlı Georq Brunner sentyabrın 6-da Münxendəki mənzilində intihar etmişdir.