Aleksandr: “Azərbaycanda rus dilinin gələcəyi var”
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycanda rus dili daşıyıcıları özlərini sərbəst və rahat hiss edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 17-də Rusiyanın Azərbaycandakı həmvətənlər İctimai Birliyinin “Millətlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr sistemində rus dilinin rolu” adlı respublika konfransında Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının başçısı Aleksandr demişdir.
O, qeyd etmişdir ki, Azərbaycanda rus dilində məktəblər var, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, Azərbaycan məktəblərində rus bölmələri mövcuddur. Azərbaycanda həyatın bütün sahələrində rus dilindən geniş istifadə edilir.
Aleksandr demişdir: “Azərbaycanda rus dilinin gələcəyi vardır. Ona təkcə rus millətindən olanlar deyil, yerli xalqın nümayəndələri də maraq göstərirlər”.
Rusiyanın Azərbaycandakı səfirliyinin elçi-müşaviri Oleq Kroxin konfransda çıxış edərək Cənubi Qafqaz regionunda kommunikasiya vasitəsi kimi rus dilinin əhəmiyyətindən danışmışdır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı demişdir ki, rus dili hələ də regionda millətlərarası ünsiyyət, rus və dünya ədəbiyyatı əsərlərinin öyrənilməsi vasitəsi olaraq qalır.
Rusiyanın Azərbaycandakı həmvətənlər İctimai Təşkilatlarının Əlaqələndirmə Şurasının sədri Boris Voronin qeyd etmişdir ki, bəzi MDB ölkələrində siyasi səbəblərə görə rus dilinə dözülməz münasibət bəslənir. Bunun əksinə olaraq Azərbaycanda tamamilə başqa mənzərə müşahidə edilir.
Azərbaycanda rus dilinin dəstəklənməsində Prezident İlham Əliyevin bilavasitə mühüm rolu vurğulanmışdır.
Tədbirdə çıxış edənlər Azərbaycanda tolerantlığın hökm sürdüyünü və millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin rolunu xüsusilə qeyd etmişlər.
Konfransın yekunlarına dair qətnamə qəbul olunmuşdur.