Ahıllara bayram sovqatı aparılmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Özəl Universitetinin kollektivi Şahbuz rayonundakı Ahıllar Evində olmuş, onlara bayram sovqatı aparmışlar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Ənnağızadə ahılları bayram münasibətilə təbrik etmiş, bu tarixi günün əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bu gün dünya azərbaycanlılarının təşkilatlanması, onların milli birlik və həmrəyliyinin güclənməsi ulu öndərin adı ilə bağlıdır. Görkəmli siyasi xadim Heydər Əliyev dünyadakı azərbaycanlıların doğma vətənləri ətrafında sıx birləşməsi ideyasını irəli sürmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Elə həmin vaxtdan hər il dekabrın 31-i əziz bayram kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynayır. Bu istiqamətdə atılan addım Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Sonra universitetin tələbələrindən ibarət bədii özfəaliyyət ansamblının çıxışı dinlənilmiş, gətirilmiş sovqat ahıllara təqdim olunmuşdur.