Ağsuda minik avtomobili aşıb
Ağsu, 9 yanvar, AZƏRTAC
Bu gün səhər saatlarında Ağsu rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 9 radələrində Ağsu-Padarqışlaq avtomobil yolunun üçüncü kilometrində, Navahı kəndi ərazisində baş verib. Belə ki, rayonun Ərəbuşağı kənd sakini Vahib Musayev Ağsu şəhəri istiqamətində hərəkət edərkən idarə etdiyi 06-VC-39Z nömrəli “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı arxa düşüb.
İlkin qənaətə görə, avtomobil gecə yolun buz bağlaması və sürücünün ehtiyatsızlığı səbəbindən aşıb. Xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
Ümumiyyətlə, bu gün səhər saatlarında Ağsu şəhərindən Padarqışlaq istiqamətində 10 kilometr məsafədə 4 yol-nəqliyyat hadisəsi baş verib və xoşbəxtlikdən ölüm qeydə alınmayıb. Yolların buz bağlaması səbəbindən, sürücülərə daha da ehtiyatlı olmaq tövsiyə edilir.