Ağcabədidə gənc könüllülər üçün təlimlər keçirilib
Ağcabədi, 20 sentyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə gənc könüllülər üçün Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Ailə psixologiyasında əsas anlayışlar", “Reproduktiv sağlamlıq" və “İctimaiyyətlə əlaqələrin yeni mediada rolu" adlı təlimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin ilk günü həkim nevroloq Tural Tanrıverdi tərəfindən iştirakçılara ailə sisteminin və tərkibinin ümumi izahı verilib, sağlam ailənin xüsusiyyətləri və sair mövzular, ginekoloq Rəşad Sultan tərəfindən isə reproduktiv sağlamlıq, reproduktiv sağlamlığın faydaları və zərərləri, reproduktiv sağlamlığın 21-ci əsrdə rolu haqqında məlumatlar çatdırılıb. Təlimçilər tərəfindən gənclərin sualları cavablandırılıb.
Təlimin ikinci günü “Mətanət A" şirkətlər qrupunun müşahidə şurasının korporativ ictimaiyyətlə əlaqələr direktoru, təlimçi Aida Ramiz tərəfindən gənclərə ictimaiyyətlə əlaqələr, yeni və ənənəvi media, PR analizi və sair mövzularda məlumatlar verilib. Təlim zamanı gənclər arasında komanda işləri həyata keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.